O, əmək fəaliyyətinə 1972-ci ildə, institutda əyani təhsil aldığı dövrdə, gənclər ittifaqı komitəsinin katibi kimi başlamışdır. Təhsil aldığı ali məktəbin ictimai həyatında fəal olmuş, tələbə və professor-müəllim heyəti arasında dərin hörmət qazanmışdır. 1973-1974-cü illərdə Sənaye Tikinti Nazirliyi sistemində tikinti ustası, sex rəisinin müavini, dəmir-beton zavodu laboratoriyasının müdiri vəzifələrində işləmişdir.
Sonrakı altı il ərzində Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında təlimatçı, sonra şöbə müdiri olmuşdur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ilin əvvəlində Azərbaycan KP Mərkəzi Komitəsində yeni yaradılmış Kənd tikintisi və su təsərrüfatı şöbəsinə məsul vəzifəyə təyin olunmuşdur. Uzun müddət bu şöbədə çalışan Şamil müəllim respublika rəhbərliyi tərəfindən aqrar sektorun maddi-texniki bazasının möhkəmləndirilməsi, su və meliorasiya sektorunun, Azərbaycan kəndinin sosial və infrastruktur obyektlərinin inkişafı ilə bağlı qəbul edilən qərarların icrasında bilavasitə iştirak etmiş, təhlil məlumatları hazırlamış, nazirlik və komitələrə verilən tapşırıqların icrasına nəzarət etmişdir. Sonrakı illərdə Mərkəzi Aparatın təşkilati və kadr işi şöbəsinin məsul təşkilatçısı vəzifəsində işləmişdir.
O, 1989-1992-ci illərdə Neftçala rayon partiya komitəsinin birinci katibi, Neftçala rayon İcra hakimiyyətinin başçısı olmuşdur. 1992-1994-cü illər ərzində İqtisadiyyat Nazirliyi aparatında baş iqtisadçı vəzifəsində çalışmışdır.
Şamil müəllim 1992-1993-cü illərdə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasını tələb və arzu edən, bunun üçün lazımi fəaliyyət göstərən ziyalılarla birlikdə olmuşdur.
Şamil Hüseynov 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, İqtisadiyyat məsələləri daimi komissiyasının üzvü olmuşdur. 1994-cü ildə ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə deputat kimi Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə daimi komissiyasının üzvü seçilmişdir. Daimi komissiyanın tərkibində olduğu müddətdə qaçqın və məcburi köçkünlərin statusuna və 31 mart azərbaycanlıların soyqırımına dair qanunvericilik aktlarının, soydaşlarla bağlı təşkilatlanma sənədlərinin hazırlanmasında yaxından iştirak etmişdir.
1996-cı ildən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının ekspert-məsləhətçisi vəzifəsində işləmişdir. 2006-cı ildə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin böyük məsləhətçisi vəzifəsinə keçirilmişdir. Hazırda da Parlament Aparatında təbii ehtiyatlar, energetika və ekologiya qanunvericiliyi ilə məşğul olan çox vacib bir sektora rəhbərlik edir.
Şamil Hüseynov respublikanın mərkəzi hakimiyyət orqanlarında işlədiyi və rayon rəhbəri olduğu illərdə iqtisadiyyat, tikinti, su və kənd təsərrüfatı, meliorasiya, ekologiya və sosial məsələlərlə bilavasitə məşğul olmuş, bu sahələrin inkişafına öz töhfəsini vermişdir.
Parlamentin üzvü olduğu dövrdə “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı layihəsinin, “İqtisadi müstəqillik haqqında”, “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında”, “Müəssisələr haqqında”, “Aqrar islahatın əsasları haqqında” və digər qanunların hazırlanıb qəbul olunmasında yaxından iştirak etmişdir.
Milli Məclisdə işlədiyi müddətdə ətraf mühitin mühafizəsi, yerin təki, energetika, su və meşə sektoru, torpaq, atmosfer havası və xüsusi mühafizə olunan təbiət əraziləri, şəhərsalma, tikinti və digər sahələrlə bağlı qanun layihələrinin hazırlanmasında, neft sazişlərinin, yerin təki ilə bağlı digər sənədlərin, ekologiyaya dair beynəlxalq konvensiyaların Milli Məclisin müzakirəsinə çıxarılmasında iştirak etmişdir.
O, çalışdığı bütün təşkilatlarda rəhbərliyin, həmkarlarının, özünün rəhbərlik etdiyi kollektivlərin dərin hörmətini qazanmış, insanlara qayğıkeşliyi, kömək göstərməyi ilə seçilmişdir. Bu gün də çalışdığı ali qanunverici orqanda Milli Məclisin deputatları, iş yoldaşları arasında böyük hörmətə və rəğbətə layiq olduğunun şahidiyik.
Bu gün Azərbaycan Avropaya, dünya birliyinə sürətlə inteqrasiya edir. Bu inteqrasiya parlamenti beynəlxalq təşkilatlarla, Avropa qurumları ilə sıx əməkdaşlıq etməyi, xüsusi ilə milli qanunvericiliyimizin yeniləşdirilməsini, onun Avropa hüququna yaxınlaşdırılmasını, bu məqsədlə mövcud qanunlara dəyişikliklər edilməsini, lazım gəldikdə onların yenidən qəbul edilməsini, yeni konvensiyalara qoşulmasını zəruri edir. Bütün bu məsələlərin icrasında Şamil müəllim çox fəallıq göstərir, öz təcrübəsini əsirgəmir, xüsusi ilə üzvü olduğumuz Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə yaxından köməklik göstərir.
O, dövlətçilik və idarəçilik səriştəsinə, parlament təcrübəsinə malik işçi olub, işgüzarlığı, iqtisadiyyat və ətraf mühitə dair məlumatlılığı ilə fərqlənən dövlət məmurudur.
Şamil müəllim gözəl ailə başçısıdır, övladları həkim, nəvələri məktəblidir. Bu gün öz nəvələrini də Vətənə, dövlətə sədaqət ruhunda tərbiyə edir, böyüdür.
O, müxtəlif illərdə işlədiyi təşkilatları 25-dən artıq xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, xüsusi ilə ətraf mühit, iqlim dəyişmələri, energetika, kənd təsərrüfatı, su və tikinti sektorları, iqtisadiyyatın digər sahələri ilə bağlı konfranslarda, simpozium və seminarlarda fəal təmsil etmişdir.
Şamil Hüseynov şərəflə yaşadığı 60 illik ömrünün bu gün müdrik dövrünə qədəm qoyur. Bundan sonra da o, öz vəzifəsini dövlətə, dövlətçiliyə xidmətdə, yüksək səviyyədə dövlət qulluqçusu olmaq üçün onunla çalışan gənc kadrlara kömək etməkdə görür.
Şamil müəllimi 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır, xidməti fəaliyyətində və şəxsi həyatında uğurlar diləyirik.
Milli Məclisin deputatları
Mirkazım Kazımov
Fərhad Qəribov
|