O, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilini ikinci "Rus-müsəlman" məktəbində alıb, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur.
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb edir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. O, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olub.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ildə fevral burjua inqilabı baş verdi.
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul etdi.
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün İslam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.
Amma çox qısa ömür yaşayan Demokratik Cümhuriyyətin süqutundan sonra digər cümhuriyyətçilərlə yanaşı Məhəmməd Əmin Rəsulzadənin də qara günləri başlayır. Rəsulzadə Türkiyə, Rumıniya, Almaniya, Polşada uzun illər Vətəndən uzaq mühacir həyatı yaşayır.
Ankara Universitetinin Tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən müalicə alan Məmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da vəfat edib və Ankaranın "Əsri" məzarlığında dəfn edilib.
Allah Rəhmət eləsin!
|