PORTRET

LUTFIZADE

  • 04.02.2011

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlist məntiq nəzəriyyəsinin ixtiraçısı, Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadənin 90 yaşı tamam olur. Bu münasibətlə ANS TV olaraq alimlə əlaqə saxladıq və onun ad gününü təbrik etdik. Həmçinin Lütfi Zadənin ürək sözlərini öyrəndik.

“Mən istərdim ki, 90 yaşımı Bakıda qeyd edim. Çox təəssüf ki, Bakıya gələ bilmədim. Azərbaycan xalqına öz isti salamlarımı göndərirəm. Təşəkkürümü bildirirəm ki, məni həmişə diqqətdə saxlayırlar. Məni həmişə Azərbaycana dəvət edirlər, Bakıda mənim üçün nə isə edirlər. Mən bunları həmişə qiymətləndirirəm”, - deyə Lütfi Zadə vurğulayıb.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda dünyaya gəlib. Onun atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. R. Ələsgərzadə I Dünya Müharibəsi illərində Ərdəbil şəhərindən neft və milyonlar şəhəri Bakıya üz tutub və işgüzar fəaliyyətlə yanaşı Azərbaycan Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olan həftəlik qəzetlərin Bakıda nümayəndəsi kimi də çalışıb. Həyat yoldaşı Fania il ədə Bakıda tanış olub.

1932-ci ildə Sovetlər İran vətəndaşları olan azərbaycanlılarla bağlı yeni fərman imzalayır. Bu fərmana görə onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığın qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi sovetlərin hakimiyyətə gəlməsindən sonra ətrafda baş verən hadisələrdən narazı olduqlarından İrana geri qayıtmaq qərarına gəliblər.

Lütfinin 9 yaşı olanda Bakını tərk edib Tehrana köçürlər. Burada o, təhsilini amerikalıların məktəbində davam etdirib. Lütfi Zadə orta təhsilini bitirdikdən sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 23 yaşından başlayır. Tehran Universitetini bitirdikdən sonra Amerikaya gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 3 il sonra valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Alimə dünya şöhrəti qazandıran, elmdə inqilab sayılan onun qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu gün dünyanın nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilərin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

ANS Şirkətlər Qrupunun kollektivi adından görkəmli azərbaycanlı alimi 90 yaşı tamam olması münasibətilə ürəkdən təbrik edirik. Ona möhkəm can sağlığı və elmi işində yeni uğurlar arzulayırıq.