PORTRET

Ziyasız dünyam

  • 27.03.2012

Səliqə-sahmanla geyinmiş yeniyetmə şagirdlər bir qədər həyəcanlı və maraq dolu baxışlarla məktəbin foyesinə daxil olan hər bir qonağı çox diqqətlə nəzərdən keçirir, sonra da gələnin yazıçı-dramaturq Hüseynbala Mirələmov olub olmadığı barədə öz aralarında xısınlaşırdılar. Amma hiss etdim ki, onların çoxu ədəbiyyatşünas alimlərimizdən birinin  “XX əsrin adamı, XXI əsrin yazıçısı” kimi təqdim etdiyi nasiri ən azından əsərlərindən tanıyırlar. Sadəcə hər şeyi televiziya ekranlarından, kompüter monitorlarından izləyən, gələcəyin, kim bilir, böyük şəxsiyyətləri olacaq bu gül balalar, elmin təməlinin qoyulduğu bu məbəddə, deyəsən,  hələ “canlı” yazıçı  görməmişdilər...

Nostalji hisslər məni bir anlıq ötən əsrin 70-80-ci illərinə apardı. O zaman özgə bir zaman idi. Tələbəlik həyatımızın qaynar çağlarında azadlıq və müstəqilliyin ətrini bir az şairlərdən, bir az yazıçılardan, bir az da sözünü sözsüz deməyi bacaran universitet müəllimlərimizdən alırdıq. O zaman saatlarla kitab mağazalarında növbədə durub Çingiz Aytmatovun, Markezin, Rasputinin, Belovun, Bulqakovun əsərlərini almaq və hamıdan tez oxumaq dəbdən çox, zamanın yetişməkdə olan inqilabçı nəslinin “yeni söz azarına” tutulmasından irəli gəlirdi. Kitab böyük nemətdir, o da ola qiymətli kitab...

Bu yerdə Rey Bredberinin müsahibələrinin birində dediyi aşağıdakı sözlər yadıma düşdü: “Məni kitabxanalar böyüdüb. Mən kolleclərə və universitetlərə inanmıram. Mən kitabxanalara inanıram, çünki tələbələrin çoxunun oxumağa pulu yoxdur. Böyük depressiya dövründə mən məktəbi qurtaranda bizim heç pulumuz yox idi. Mən kollecə oxumağa gedə bilmədim, ona görə də mən 10 il ərzində gündə üç dəfə kitabxanaya gedirdim. 27 yaşında mən universitet əvəzinə kitabxananı bitirdim...”

Hüseynbala Mirələmov isə zəngin ailədə yaşamasa da məktəbə getmişdi, kitabxanada da olmuşdu və orta təhsilini də əla qiymətlərlə başa vurmuşdu. Hələ orta məktəbdə oxuyarkən “Bir tikə çörək” hekayəsi onun yazıçı tərcümeyi-halına ilk sətirləri yazmışdı. Sonra... sonra isə Texniki Universitetə qəbul olunmuşdu və oranı da fərqlənmə diplomu ilə bitirmişdi. Niyə Texniki Universitetə?  Maraqlı sualdır, görəsən özü buna necə cavab verəcək ki, onu diqqətlə dinləyən və artıq peşə seçimi qarşısında olan onbirincilər sabah doğru qərar verməkdə yanılmasınlar?..

Mən özümə, öz daxili istəyimin gücünə, yəni yazıçı ola bilmək bacarığıma, istedadıma nə qədər inansam belə, valideynlərimin məni mühəndis görmək istəyi daha güclü idi. O vaxtdan bu qərarımda qətiyəm ki, insanın özünü özü qədər tanıya bilən ikinci bir insan ola bilməz. Amma nəyə görəsə valideynlərə, elə gəlir ki, onlar uşaqlarının gücünə, istedadına daha yaxşı bələddirlər. Mənim valideynlərim də istisna deyildi.

Mən onlarla razılaşdım. Amma istəyimlə də uzun zaman gizli, baş-başa yaşaya bildim. Bu istəyin azadlığa çıxası günü, nə vaxtsa onun işıq saldığı yolla gedəcəyimi gözləməyə səbrim çatdı. Doğrudur, bu o qədər də asan deyildi. Mən eyni vaxtda içimdə iki sənət yaşatmalı olmuşam. Biri valideynlərin arzusundan yaranan və cəmiyyətdə, gündəlik həyatda mənim adımla yanaşı çəkilən mühəndislik, biri isə içimdə yaşatdığım yazıçılıq. Birincini də mükəmməl bilməli idim. Çünki onun uğursuzluğu, bir şəxsiyyət kimi cəmiyyətdə mənə olan münasibəti korlaya və məni pessimizmə sürükləyə bilərdi. Bax, burda artıq hisslərdən daha çox ağlın, məntiqin  çıxardığı hökmə üstünlük verdim. Və elə bilirəm ki, pis mühəndis olmamışam.”

Hüseynbala Mirələmov sələflərinin isbat etdiyini  bir daha sübut etdi - hansı peşə sahibi olmağın yaxşı yazıçı olmağa heç bir maneçiliyi yoxdur. Yazıçılıq ilahi bir vergi, istedaddır.  Mirələmov, illər keçəndən sonra belə, ədəbi istedadının gücü ilə vaxta macal vermədən ərsəyə gətirdiyi əsərləri ilə nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda da oxucularının zövqünü öz sözünün sehrinə sala bildi, onların sevgisini qazanmağı bacardı...

190 saylı orta məktəbin müəlliməsi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Qənirə xanım Əmircanova yazıçı şəxsiyyətinə vurğunluğunu gizlətmədən sözünə davam edir:

- Cəmisi bir onillikdə, əsrlərin qovşağından başlayaraq bu günə qədər haqqında on beşdən artıq kitab, beş yüzdən artıq məqalə çap olunan və bu əsərlərdə bir yazıçı kimi daim təqdir olunan Hüseynbala Mirələmov həm də cəmiyyətdə ən çox oxunan və ədəbi-ictimai fikrin diqqət mərkəzində qalan bir  yazıçı ola bildi. Ədəbiyyatşünaslar, ədəbi tənqidçilər nə deyir desin, amma mənə elə gəlir ki, bunun izahı yazıçının öz əsərlərində ruhu dolaşmış cəmiyyətimizə amansız müdaxiləsində, bu cəmiyyətin eybəcərliklərini cəsarətlə açmasında, onlara milli şüurla çəkinmədən etiraz etməyi bacarmasındadır.

 

“Həyatda  və sənətdə əbədini ötəridən ayırmağı bacaran”, tənqidçilərin “müasir Amerika romanı" ilə müqayisə etdikləri əsərləri ilə özünü Azərbaycan cəmiyyətinə "cəmisi on ilə tanıtmağı və sevdirməyi  bacaran"  yazıçı-dramaturqun narahat ruhu "Güllələnmiş heykəllərin" "xəcalət"ini çəkə-çəkə əsgər cəsarəti, sərkərdə dühası ilə daim Qarabağı, Şuşanı dolaşır...

...Bilmirəm klassiklərdən hansı bu həyat həqiqətini  yazıb ki, “xəcalət hissini itirən adamdan hər cür naqislik gözləmək olar”. Hüseynbala Mirələmovun qəhrəmanları nə yaxşı ki, hələ bu hissi itirməyiblər.

Hüseynbala Mirələmov daxilən yaşadığı  Qarabağ ağrılarında, torpaq itkisində, Vətəndəykən qaçqınlıq və məcburi köçkünlük qınağının əzablarında, bu insanların xəcalətində oxucunun da payının olduğunu gizlətmir, onlara da bu hissləri yaşadır.

“...Hörmətli Hüseynbala Mirələmov, “Xəcalət” povestinizi yalnız yarıya qədər oxuya bildim. Qəhər məni boğdu, göz yaşlarımı saxlaya bilmədim, bacarmadım. Bu boyda dərdlə qol-qola, baş-başa yaşaya bildiyimə görə xəcalət çəkdim. Bəli, biz hamımız babalarımızın bizə əmanət verib getdiyi cənnətməkan Qarabağı düşmənə təslim edəndən sonra yenə də yaşaya bildiyimizə görə o müqəddəs torpaqda yetişən dahilərimizin ruhundan utanmalıyıq. Əsərinizlə məni bir daha utandırdığınıza görə Sizə təşəkkür edir,  axıra qədər oxuya bilmədiyimə görə Sizdən üzr istəyirəm, əfv edin, təsvir etdiyiniz o dəhşətli səhnələri yaşamaq qəlbi və vicdanı olan hər kəs üçün çox ağırdır”. Bu ürək dağlayan kövrək duyğular sevimli şairimiz Bəxtiyar Vahabzadə qəlbinin hıçqırıqlarıdır.

Böyük şair “Xəcalət”i  göz yaşı, qubarla oxuyan tək adam olmadı. Artıq neçə illərdir ki, dram əsəri kimi Akademik Milli Dövlət Dram Teatrının səhnəsindən düşməyən, hətta bir çox ölkələrin teatr səhnələrində böyük uğur qazanan  "Xəcalət" öz tamaşaçılarını utandırır, ağladır, hiddətləndirir və amansız düşmənlə mübarizəyə,  qisas almağa çağırır.

Yox, “Xəcalət”i milli mənliyimizin əyilməsi kimi qəbul etmək qətiyyən doğru olmaz. Bu günahlarımızın etirafı, xəcalətdən qurtulmağa bir çağırışdır. H.Mirələmov yaradıcılığında önəmli məqam ondan ibarətdir ki, o, oxucularını Qarabağ torpağının işğalının “Xəcalət”ində saxlamır. Bu  “Xəcalət”i üstümüzdən götürmək üçün bir xilas yolunu da göstərir və bu yol onun “Yanan qar” romanında əksini tapır. Tənqidçi-ədəbiyyatşünas, professor Nizaməddin Şəmsizadə yazıçının bu qayəsinə işarə edərək deyir ki, “Əslində  Hüseynbala Mirələmov “Yanan qar” (“Dağlarda atılan güllə”) əsərində Qarabağ müharibəsinin bədii həllini tapır. Bu əsərlə tanışlıqdan sonra qarşıya sual çıxır: Hanı bu ölkənin partizan oğlanları? Niyə Qarabağda erməni dığalarına göz yummağa imkan verməyən bir əli silahlı dolaşmır?...”

Hüseynbala Mirələmovun “əsərləri belə bir təsəvvür yaradır ki, o, bir yaradıcı şəxsiyyət kimi daim narahat və nigaran insandır, ” - deyən görkəmli ədəbiyyatşünas, akademik Bəkir Nəbiyev də həmkarının fikrini bölüşərək yazır:

“...Həyat materialından özünəməxsus tərzdə istifadə edən müəllif erməni təcavüzünün qurbanlarını, məhrumiyyət və itkilərimizi təsvir etdiyi anlarda belə bədbin görünmür, əksinə, biz yağı düşmənlə döyüş ruhunun, qələbə əzminin güclü tərənnümünün şahidi olur, bir-birindən mətin, yenilməz obrazlarla qarşılaşırıq...

...Nə bəy Kamran, nə də onun silahdaşları yalnız subyektiv düşüncə əsasında uydurulmuş obrazlar deyil, daha çox xalqın danışan mənliyi, Qarabağ yanğısı ilə döyüş meydanına atılmağa hazır olan canlı insanların obrazı kimi çıxış edir və təbii olaraq, köhnə dəyirmandakı ocaq yurd, Vətən mənasında dərk edilir...”

...Hüseynbala Mirələmovun ədəbiyyatda istiqaməti, müəyyən edilmiş sərhədlərdə yox, insanlığın gələcəyinin təhlükəyə məruz qaldığı yerdə yaratmaqdır. Romen Rollan "Bethovenin həyatı" əsərində bunu çox gözəl ifadə edir: "Qorxaq və namərd eqoizmin boğduğu bəşəriyyət can verir. Gəlin pəncərələri açaq. Azad nəfəsi buraxaq. Qoy qəhrəmanların nəfəsi bizi isitsin”. Bəli, qəhrəmanlar, xeyirxahlar  lazımdır ki, onlara baxıb yaşamaq olsun. O qəhrəmanlar ki, onlar vicdanın hökmü ilə yaşayır, həqiqəti axtarır, şərlə mübarizə aparırlar.

Nizaməddin Şəmsizadəyə görə “XX əsr sosial-psixoloji romanının yaradıcılarından biri”, “Avropa təfəkkürlü, Şərq ruhlu bir azərbaycanlı” olan Hüseynbala Mirələmov “tamam təsadüfən tapılmış adi bir ipin ucundan tutub cəmiyyətin sarsılmış kökünə enməyi, insan taleyini həll edən ani bir məqamı ciddi sosial-psixoloji hadisə miqyasında genişləndirməyi bacaran” yazıçıdır.

Hüseynbala Mirələmova görə “insanın başlıca dəyəri VİCDANDIR”.  Deyir, “vicdanla yaşamaq - bu ruhən şəxsiyyət olmaq deməkdir”. Yazıçıya görə “bu ali kateqoriyanı itirən adam hər cür alçaqlığa gedə bilər.” “Qırxıncı otaq”da sosial iflicləri göstərməklə bərabər nasir əclaflığın və vicdansızlığın ictimai mahiyyətini açıb göstərir.

Mariya fon Ebner-Eşenbax nahaq deməmişdir ki, “insan öz iradəsinin hakimi, vicdanının qulu olmalıdır.” Vicdan şahid istəməz, çünki o cəmiyyətin mövqeyindən asılı deyil. Məhz bu xüsusiyyətinə görə vicdan ağlın digər nəzarət mexanizmlərindən fərqlənir. Vicdan intuitivdir, bu dəyərə sahib olan insan onu hiss edə, duya bilir və öz seçimində ona söykənir. Belə insan həmişə düşünülmüş, vicdanlı hərəkət edər, nə özünə nə də ətrafdakılara ziyan verər.  Bu, Hüseynbala Mirələmovun müsbət qəhrəmanlarının əsas səciyyəvi xüsusiyyətlərindəndir.

Hüseynbala Mirələmov həyatda olduğu kimi əsərlərində də fəal vətəndaşlıq mövqeyi ilə seçilir. Onun vətəndaşlığı onun yaradıcılığından ayrılmır. Uşaqkən eşitdiyimiz bütün nağıllarda sirli - sehirli “Qırxıncı otağ”ın qapısına açar salan H.Mirələmov özünün həyatda  görmək istədiyi ədalətə, haqqa xidmət göstərən əsl vətəndaş-hüquqşünas obrazını yaradır. Həyat, bu gün cəmiyyətimizdə gedən proseslər göstərir ki, məhz Adil Hüseynli kimi xalq arasında haqqa, sədaqət  nümunəsinə çevrilən, bütün mənfiliklərin, çirkinliklərin,  əxlaqsızlıqların kökündə duran yalana, riyakarlığa,  rüşvətxorluğa qarşı mübarizə aparan insanlara böyük ehtiyac var. Bu mənada istər "Gəlinlik paltarı"nda, istər "Qumru yumurtaları"nda, istər "Qırxıncı otaq"da, istərsə digər əsərlərində yazıçının qarşısına qoyduğu ali məqsədlərdən biri insanın yaşadığı mühitdə öz simasını qoruyub saxlaya bilməsinə, içindəki iblisə qalib gələ bilməsinə kömək göstərməkdir.

Bütün dövrlərin və bütün yazarların əsərlərində xeyirlə şərin, işıqla qaranlığın, yaxşı ilə pisin mübarizəsi əslində cəmiyyətin əbədi problemi olaraq qalır. Amma  dünyanın  yaranışında nə xeyir, nə şər var idi, xeyir və şər sonra yarandı. Şər o vaxt dünyaya gəldi ki, şəri hiss etmək qabiliyyəti olan ürək peyda oldu, bu da əslində mahiyyətcə şər deyildi. O məqamda ürək ilk dəfə imkan verir ki, şər var, onda o ürəkdə şər doğulur və burada iki başlanğıcın mübarizəsi başlayır. Dünyada şərə zərurət fizikanın işıq və kölgə qanununa bərabərdir, yəni bu ona bənzəyir ki, işığın mənbəyi kənardadır, kölgə isə şəffaf olmayan əşyalar buraxır. Beləcə şər də dünyada öz içindən ilahi nuru keçirməyən “qeyri şəffaf canların” varlığı üzündən mövcud olur.

Hüseynbala Mirələmov bu ilahi nuru keçirməyən “qeyri şəffaf canların” mahiyyətinə nüfuz edir və bəlli olur ki, xeyir və şər adlandırdığımız əməllər ağlın kamilləşməməsi nəticəsində mövcuddur.  Yazıçıya görə, ictimai şərə qalib gəlmək mümkündür, əlbəttə əgər insanlar öz xoşbəxtliklərini başqalarının bədbəxtlikləri üzərində qurmasalar. Əzab, əziyyət görmüş insan heç vaxt digər insanlara əzab verməz. Bu mənada nasir əsərlərində xeyirxahlıq, mərhəmət və əziyyətlərdən sonra insanın daxili harmoniya problemini ortaya qoyur. Bəlkə elə bu ruhu duyduğu və şahidi olduğu üçündür ki, siyasi elmlər doktoru, Milli Məclisin deputatı Hadi Rəcəbli uşaqlıq dostu haqqında danışanda tez-tez deyir ki, “Hüseynbala xeyirxahlıq, mərhəmətlə yoğrulmuş bir mənəviyyat sahibidir. Bu onun bütün əsərlərinə də hopub”.

Hüseynbala Mirələmov yaradıcılığında qaranlıqla işığın, xeyirlə şərin mübarizəsilə yanaşı, daha vacib bir problemə baxış aydın duyulur- insan və inam. Bu mövzuda söz düşəndə yazıçı həmişə alman filosofu Fridrix Nitşenin belə bir ifadəsini xatırladır: “Necə olur-olsun güclü inam baş vermiş, xoşbəxtlikdən daha güclü həyat stimuludur.”

Mahiyyətcə, nəhayətdə, daha geniş mənada  inam-idealın, həyatın məqsədi  kimi o böyük insani dəyərlərdəndir ki, Mirələmovun ədəbi personajlarından hər hansı birinin mənəvi  səviyyəsi onunla sınağa çəkilir. “Xəcalət” pyesində  müəllif iki fərqli personajın daxili aləmini, Muradın pula, var-dövlətə olan inamı ilə Vətənin doğma torpaqlarının azad olunacağına, evinə qayıdacağına  olan inamını üz-üzə qoyur. Vətən əzab çəksə belə, cəmiyyətin ağrısını içində gəzdirən qalibdir və eyni zamanda Muradın timsalında cəmiyyətdə olan laqeydliyin sərt ittihamçısıdır.

“Özünə, xalqına, dövlətinə inamı itirmək  çox qorxulu psixoloji bir boşluğa aparıb çıxarır və bunun nəticələri də ağır olur. Ən qorxulusu isə insanın düşünülmüş şəkildə özünü saxta dəyərlərin xidmətinə verməsidir. Cəmiyyət öz gündəlik qayğılarından baş açmadığı bir vaxtda yazıçı insan mənəviyyatının sapınmalarına biganə yanaşa bilməz.” Bu da vətəndaş, oxucu Hüseynbalanın yazıçı Hüseynbala qarşısında qoyduğu tələblərdəndir.

Bu cür düşünən yazıçı Mirələmov insanların zaman-zaman bu istiqamətə meyl etməsindən narahatdır və bunu mühakimə etməklə, milli əxlaqı bu bəladan qorumağa çalışır: “İndi insan bu ziddiyyətlər məngənəsində azmış və hansı yolu gedəcəyini aydınlaşdıra bilmir. Məhz burda bir söz adamı olaraq, onları həm mənən, həm ruhən istiqamətləndirməliyik. Çünki cəmiyyət həyatda gedən qlobal dəyişmələrə hazır olmayanda, əxlaqi, mənəvi dəyərlər öz təsirini itirir, insan öz həyati təyinatını dəyişir.

Tanınmış rus yazarı Valentin Rasputin müsahibələrinin birində qeyd edir ki, “Dostoyevskini dəfn edəndə onu son mənzilə böyük insan axını yola salırdı. 25 ildən sonra anım günündə bu nəhəng yazarın məzarı üstünə cəmisi 9 nəfər toplaşmışdı.” Bu təbii ki, Dostoyevskinin yox, biganələşən, laqeydləşən cəmiyyətin faciəsi idi.

Belə nümunələr bizim cəmiyyətdə də var. Unutqanlıq, öz ölkəsinin keçmişinə biganəlik, Azərbaycan xalqının ən ali keyfiyyətlərindən olan xeyirxahlıq və mərhəmət hissinin zaman-zaman solması, bunlar adamı dəhşətə gətirir. Təbii ki, əsərlərimdə bunlar cəmiyyətə bir ciddi mesaj olaraq verilir və veriləcək də...”

 

***

Tarixi roman olduqca  populyar janrdır və bu janrda olan əsərlər  bütün dövrlərdə yaşlı oxucular kimi, uşaq auditoriyası üçün də maraqlı olub və oxunub. Bunu 190 saylı məktəbdə yazıçı ilə görüşdə yeniyetmələrin Hüseynbala Mirələmovun yenicə işıq üzü görmüş “Sonuncu fateh” romanından bəzi təsiredici məqamları əzbərdən və az qala aktyor ustalığı ilə söyləmələri də aydın göstərirdi.

Tarixi romanda uydurma ilə sənədlilik çox ustalıqla çulğalaşır, yazıçı təxəyyüllündə keçmişin retrospektivi, hətta ən istedadlı və təcrübəli tarixçinin belə göstərə bilmədiyi parlaq və aydın detallarla tamamlanır.

Hüseynbala Mirələmov da  öz təxəyyülünün gücü ilə sənədli tarixi məkana daxil olmağa, o zaman və məkan çərçivəsində baş verənləri və sirli aləmi öz fantaziyasının gücü ilə,  bəzi məqamlarda bəlkə də real hadisələrdən fərqli bir şəkildə təqdim etməyə çalışır və buna nail olur.

Ümumiyyətlə Hüseynbala Mirələmovun tarixi faktlar və sənədlərlə işləmək təcrübəsi onun yazdığı və hazırda müasir publisistikanın ən dəyərli nümunələrinə çevrilən Moskvanın məşhur “Molodaya qvardiya” nəşriyyatının "Görkəmli adamların həyatı" seriyası ilə nəşr etdirdiyi “Heydər Əliyev”, “İlham Əliyev”  və “Zərifə Əliyeva” əsərlərindən də aydın görünür. Akademik Ziyad Səmədzadə ədibimizin yüksək yazıçı cəsarətindən danışarkən haqlı olaraq onun məhz bu əsərlərinin adını çəkdi və “müasir Azərbaycanın bütün incəliklərini bilən yazıçının”  əsərlərini belə qiymətləndirdi: “Heydər Əliyev kimi şəxsiyyətdən yazmağa hər şeydən əvvəl cəsarət, sonra isə tarixə obyektiv, ədalətli baxış lazım idi. Hüseynbalada bütün bunlarla bərabər bu böyük şəxsiyyətə məhəbbət və onun ideallarına sədaqət var. Etiraf etmək lazımdır ki, yüz il sonra da heç bir başqa əsəri oxumadan, təkcə H.Mirələmovun qələmə aldığı “Heydər Əliyev” kitabını oxumaqla, müstəqil Azərbaycanın memarı və qurucusu olan bu dahinin şəxsiyyəti, siyasi fəaliyyəti, vətənkeşliyi, qətiyyəti, müdrikliyi və xalqının xilaskarlıq missiyası haqqında müstəqil və zəngin məlumat almaq olar...”

Hüseynbala Mirələmov “Sonuncu fateh” tarixi romanında  isə tarixin çox ziddiyyətli və eyni zamanda maraqlı bir dövrünü canlandırmağa çalışır. Əsərə nüfuz etdikcə aydın olur ki, yazıçı təkcə yaddaşının gücünə söykənmir, eyni zamanda müxtəlif mənbələrdən aldığı sənədli faktları istedadlı qələmi ilə ədəbi formaya salır, canlandırır. Bu canlandırmanın özü də müəyyən mərama xidmət edir - oxucunun tarixi keçmişə olan marağını təmin etmək və eyni zamanda hadisələrin cərəyan etdiyi həmin dövrü, bu dövrün mənəvi dəyərlərini, qanunlarını, insan xarakterlərini müfəssəl  göstərmək.

Nasir zamanın siyasi rəngini, mühitini olduğu kimi verməyə, bunların fonunda sadə insanların yaşam tərzini göstərməyə çalışır ki, təəssürat tam və bitkin olsun, oxucu zaman səddini aşıb, özünün, bir anlıq da olsa, bu hadisələrin içində olduğunu duysun.

Ədib əsərdə Nadir şahı öz zəmanəsinin ən populyar dövlət xadimi və sərkərdələrindən biri kimi göstərməklə yanaşı, həm də dərin siyasi düşüncə sahibi kimi də onu yüksək səviyyədə təqdim edə bilmişdir. Səfəvi padşahı Nadir xan “böyük birlik” uğrunda on illər boyu ağlı, qeyrəti, qılıncı ilə əlləşib vuruşur və son nəfəsdə tam səmimiyyətlə bir daha etiraf edir: “Bunlar necə adamlardır, İlahi, hər kəs öz qalasının hakimi, öz evinin böyüyü olmaq istəyir. Böyük bir ölkənin əldən getməsi isə heç kimin vecinə deyil!”

Əsərdə müsəlman aləmi üçün bəşəri əhəmiyyət daşıyan daha bir mühüm məqam məzhəblər  arasındakı təfriqələrə, ayrı-seçkiliyə olan münasibətdir ki, bütün islam aləmi bu gün də bunun bəlalarından əziyyət çəkməkdədir. Çox yəqin ki, bu, yazıçının özünü də daim düşündürən bir problem olmuşdur. 48 yaşlı Nadirin şah seçilərkən qurultay qaşısında qoyduğu  əsas tələblərdən biri də məhz bu məzhəb ayri-seçkiliyinə son qoyulmasıdır: “... Əgər xalq Nadirin şah olmağını istəyirsə, şiə məzhəbi ilə yanaşı, sünni məzhəbinə də hörmət etməlidir. Ona görə ki, bu məzhəb ayrılığı Allahı, peyğəmbəri və Quranı bir olan ümmətin arasında çox qanlara səbəb olmuşdur...”

Ayrıca bir insan üçün daxili aləmin olmaması  narahatlığın və bir çox bədbəxtliklərin mənbəyi olduğu kimi, bütöv bir xalq üçün də xeyirxahların olmaması aclığa, müharibələrə, bəşəri xəstəliklərə, yanğınlara və bir çox bədbəxtliklərə gətirib çıxarır. Yazıçı məhz bu xeyirxahları axtarır və onları cəmiyyətdə görmədiyi üçün əsərlərində yaradır. Yaradır ki, cəmiyyətdəkiləri islah etsin, tərbiyə edə bilsin.

Akademik Nizami Cəfərov “dərdi çəkə bilən yazıçı Hüseynbala Mirələmovun səmimi, təbii olduğunu” da təsdiqləyir. O, deyr ki, “yalan ədəbiyyat yaşaya bilməz. Ədəbiyyat tarixi də sübut edir ki, yalan ədəbiyyat olub,  amma qalmayıb...”

Korifey yazıçı mərhum Çingiz Aytmatovun isə dostu haqqında söz yadigarı belədir: “İndi biz Azərbaycanın tanınmış yazıçı-dramaturqu Hüseynbala Mirələmovla bir yerdəyik... Mən dostluqda dəqiqliyə, həssaslığa və təmənnasız münasibətlərə xüsusi qiymət verən adamam. Bu mənada Hüseynbala Mirələmovla oxşarlığımız çoxdur. Həmfikir olduğumuza görə tale bizi qovuşdurub. Biz hər bir mövzuda fikir mübadiləsi aparanda eyni məxrəcə gələ bilirik... Hüseynbala ilə hər görüşəndə ondan müsbət enerji qəbul edirəm, mənən bəhrələnirəm...”

***

Müasir ədəbiyyatın danılmaz tendensiyalarından biri ədəbiyyatın qloballaşmasıdır. Bu hadisənin bir çox üstünlükləri ilə  yanaşı, neqativ tərəfləri də az deyil. Bu neqativ tərəflərdən biri ondan ibarətdir ki, bütün kütləvi ədəbi əsərlərin hamısının müəyyənləşdirilmiş eyni bir formata uyğunlaşdırılmasına səy göstərilir və bu da onların  öz milli cizgilərini itirməsinə gətirib çıxarır. Əsərlərin baş qəhrəmanları o qədər biri-birilərinə bənzəyirlər ki, sanki eyni bir yazarın obrazlarıdırlar. 
Bu proses ildən-ilə daha qabarıq şəkildə özünü göstərir ki, bu da yüksək ədəbi zövqlü  oxucuları cəlb etməyə çalışan yazarları daim stereotipləri sındırmağa və yeni formalar, janrlar, metodlar axtarmağa məcbur edir. Hüseynbala Mirələmov məhz bu yazarlar sırasında öndə gedir - milli ədəbi cizgiləri qorumaqla, ədəbi zövqü daha da yüksəltməklə və ədəbiyyatın insan mənəviyyatına, əxlaqına xidmətini əsas tutaraq buna yüksək səviyyədə nail olur.

Reymond Karber yazır: “Bizdə nə varsa, son nəticədə bu sözdür, yaxşı olardı ki, onlar ən doğru olanlardan olsunlar...” Təbii ki, bu, yazılı sözə olan münasibətdir.  Amma görən yazılanlar həmişəmi qiymətli olur? Yazanlar üçün - hə, həmişə. Vaxt, zaman ötdükcə əlyazmalar saralır və kövrəkləşir, ancaq üzərindəki yazılanların dəyəri daha da artır.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun da ən qiymətli  xəzinəsi insani keyfiyyətləri və əlbəttə zaman ötdükcə daha dəyərli olan sözüdür: “Cəmiyyətdə gedən proseslər ədəbiyyatda real əksini tapmırsa, ədəbiyyat bu cəmiyyəti gözləyən təhlükədən necə xilas edə bilər?! Məhz indi gerçəkliyi ədəbiyyata gətirmək lazımdır ki, insanlar müasirlik adı ilə ənənəvi mənəvi-əxlaqi dəyərlərin dağılmasının qarşısını almağa çalışsınlar.”

Yazıçı özünün başlıca vəzifəsini “cəsarətlə  həqiqəti axtarmaqda”, bütün mürəkkəbliyi və ziddiyyətləri ilə insan haqqında gerçəyi üzə çıxarmaqda görür. Bu ümumi qayda Hüseynbala Mirələmovun seçdiyi ədəbi janrların hamısına şamil olunur.

Bu, ondan irəli gəlir ki, yazıçı humanistdir və ona görə də çox narahatdır. Təbii ki, cəmiyyətdə dağıdıcı meyillərin gücləndiyi bir vaxtda onun insan taleyi üçün narahatlığı başa düşüləndir. Çox vaxt deyirlər ki, yazıçı gələcəyi, gedəcəyimiz yolu yazıb göstərməlidir. Amma Hüseynbala Mirələmovun əsərləri göstərir ki, yazıçı eybəcər gələcəyimiz, çirkin görəcəklərimizin qarşısını almağa çalışır ki, Azərbaycanı, geniş anlamda dünyanı onlardan qoruya bilsin.

 İlqar RÜSTƏMOV,

Rafiq Salmanov (Foto)

“Xalq qəzeti”