PORTRET

İşıqlı ömür yolu

  • 22.04.2016

İnsan dünyaya göz açandan onun ömür yolu da müəyyənləşir. Kim xeyirxahlıq və zəhmət yolunu seçirsə, uğur da, ad-san da onu tapır. Hazırda haqqında yazdığımız insan Eldar Sirac oğlu Nuriyev 16 may 1936-cı ildə Bakı şəhərində, müəllim ailəsində anadan olub.

Bakının tanınmış bir məktəbində – Oktyabr rayonundakı (indiki Yasamal) 18 nömrəli orta məktəbdə təhsil alıb. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə daxil olub və 1961-ci ildə təhsilini başa vurub. O vaxtdan bəri 55 ildir ki, həyatını Azərbaycan tikinti kompleksi ilə bağlayıb.

1961-ci ildə Eldar Nuriyevi təyinatla Bakı Baş Tikinti İdarəsinin yenicə tikilib istismara buraxılmış 1 nömrəli evtikmə kombinatına göndərirlər. Sex ustası kimi əmək fəaliyyətinə bu müəssisədə başlayan gənc mütəxəssis qısa müddətdə öz bacarığını, işgüzarlığını göstərə bilir. Bunu nəzərə alaraq onu tezliklə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri seçirlər. Sonra kombinatın partiya təşkilatının katibi olur. 1967-1972-ci illərdə sorağı Azərbaycan KP Mərkəzi Komitəsindən gəlir. Öncə 1969-cu ilin mart ayında Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun qiyabi aspiranturasına daxil olur. Elmə hədsiz həvəsi onu 1972-ci ildə öz xahişi ilə mühüm partiya aparatından Azərbaycan SSRİ Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutuna gətirir. Burada baş elmi işçidən elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlir.

O, 1975-ci ildə SSRİ Dövlət Tikinti Komitəsinin Moskvadakı Elmi-Tədqiqat Tikintinin İqtisadiyyatı İnstitutunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi adını almışdır. RSFSR-in əməkdar inşaatçısı, elmlər doktoru, professor V.Malyugin, tanınmış alimlərdən iqtisad-elmləri doktoru M.Xaykin, iqtisad elmləri doktoru, ABŞ və Kanada institutunun bölmə müdiri, professor Yakov Rekitar və başqaları onun elmi axtarışlarına, əldə etdiyi nəticələrə yüksək qiymət vermişlər.

Eldar müəllim 60-dan çox elmi məqalənin, bir neçə broşuraların müəllifidir. Divar daş materiallarının maya dəyərinin kalkulyasiyasının təkmilləşdirilməsi, istehsalın səmərəliliyinin yüksəldilməsi üçün daş karxanalarının tullantılarından kompleks istifadə olunması barədə təklifləri Dövlət Plan Komitəsində, Tikinti Materialları Sənayesi Nazirliyində, Dövlət Qiymət Komitəsində bəyənilmiş və həyata vəsiqə almışdır.

Ötən əsrin 80-ci illərində Azərbaycanda inşaat potensialının aşkar edilməsi, tikinti kompleksinin və inşaat materialları sənayesinin istehsal gücünün artırılması sahəsində Eldar Nuriyevin fəaliyyəti daha məhsuldar olmuşdur. Onun birbaşa rəhbərliyi və redaktorluğu ilə 1986-cı ildə «Azərbaycanda əsaslı tikintinin problemləri» adlı məqalələr toplusu çapdan çıxmışdır. Bundan əvvəl isə «Azərbaycan Respublikasında yüngül doldurucular və qeyri-filiz materiallarının vəziyyəti və inkişaf perspektivləri» adlı elmi kitabçası nəşr edilmişdir. Sumqayıtda yüngül doldurucular zavodu və Gilgilçay qum-çınqıl karxanasının, Masallı Keramit zavodunun tikintisində, Bəhrəmtəpə və Mingəçevirdəki müəssisələrin genişləndirilməsində onun təklifləri müvəffəqiyyətlə həyata keçirilmişdir. Eldar müəllimin elmi axtarışlarında və kitabçalarında yığma dəmir-beton konstruksiyalarına olan tələbat və onun hesabatı, tikintidə maşın və mexanizmlərdən səmərəli istifadə və onların təmir müddətinin təşkili yolları ətraflı işıqlandırılmışdır. Bakı Baş Tikinti İdarəsində, tikinti nazirliklərində perspektiv inkişaf proqramları tərtib edilərkən iqtisad elmləri namizədi Eldar Nuriyevin irəli sürdüyü təkliflər, tövsiyələr nəzərə alınmışdır. SSRİ adlı ölkədə yenidənqurmaya keçid illərində xüsusilə 80-cı illərin sonunda və 90-cı illərin ortalarında Eldar müəllimin xidmətlərindən biri ondan ibarət olmuşdur ki, onun bazar iqtisadiyyatı şəraitində kadr ehtiyatının hazırlanması, xalq təsərrüfatının intensivləşdirilməsi şəraitində investisiya siyasətinin təkmilləşdirilməsi, özəlləşdirmə, yeni iqtisadi sistemlərin yaradılması və digər məsələlərə dair sanballı təkliflər vermişdir.

Eldar müəllim Zaqafqaziya alimləri arasında yeganə şəxsdir ki, 1982-1990-cı illərdə Moskvada nəşr olunan «Gkonomika stroitelğstva» jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

1986-cı il oktyabr ayında göllər ölkəsi sayılan Finlandiyada Azərbaycan günləri keçirilmişdir. Ongünlükdə dahi bəstəkar, mərhum Tofiq Quliyevin rəhbərliyi altında respublikanın Dövlət mahnı və rəqs ansamblı iştirak etmişdir. Eyni zamanda, Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında məruzələr, çıxışlar və görüşlər keçirmək məqsədilə mütəxəssislərin iştirakı nəzərdə tutulmuşdur. Seçilmiş alim və mütəxəssislər o vaxt fəaliyyət göstərən “Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Komitəsi”nə dəvət edilmiş (komitəyə o zaman gözəl şairimiz, mərhum Nəbi Xəzri rəhbərlik edirdi), onların çıxışları dinlənilmiş və sual-cavab keçirilmişdir.

Eldar Nuriyev bu illər Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləyirdi və o ongünlükdə iştirak etmək üçün Finlandiyaya gedən mütəxəsisslər qrupuna rəhbər təyin edilmişdir. Qrupun tərkibinə o zaman fəaliyyət göstərən KASPAR-ın rəisi Cabbar Həşimov, Milli Elmlər Akademiyasından tarixçi, indi akademiyanın müxbir üzvü Fəridə Məmmədova, Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri Famil Mehdiyev, İsmayıllı rayonunun “İvanovka” kolxozunun sədri, sosialist əməyi qəhrəmanı Nikolay Nikitin, rəssam Rasim Əliyev, sevimli bəstəkarımız mərhum Ramiz Mirişli, o zaman çox cavan perspektiv şahmatçı sayılan Firuzə Vəlixanlı, qaboy ifaçısı, respublikanın xalq artisti Kamil Cəlilov, memar Nazim Hacıbəyov və başqaları daxil idilər. Səmimi görüşlərdən sonra mərhum Gülarə xanım Əliyevanın rəhbərliyi altında “Dan ulduzu” ansamblının konserti dinləyicilər tərəfindən böyük səmimiyyətlə qarşılanardı.

1988-ci ilin dekabr ayında E.Nuriyev Azərbaycan Respublikası Tikinti Materialları Nazirliyində nazir müavini vəzifəsinə təyin edilir. Burada onun iqtisadi, təşkilatı və insanı keyfiyyətləri özünü büruzə verir. Belə ki, birinci növbədə kadrların iqtisadi biliklərinin artırılması ön plana çəkilir. Respublika Nazirlər Soveti yanında İdarəetmə İnstitutu ilə kadrların iqtisadi biliklərinin artırılması məqsədilə birgə proqram hazırlanmışdır. Proqrama əsasən nazirliyin müəssisə və idarələrinin rəhbərləri, baş mühasibləri, plan şöbələrinin müdirləri üçün istehsalın effektivliyinə, mühasibat uçotuna və bazar iqtisadiyyatına keçid məsələlərinə aid aktual mühazirələr  təşkil olunur, seminarlar keçirilirdi.
1991-ci ilin yanvar ayında tikinti materialları sənayesinin idarəetmə sistemində həlledici dönüş yaratmaq, bazar iqtisadiyyatına və müəssisələrin özü-özünü maliyyələşdirmə sisteminə keçidlə əlaqədar nazirlik tərəfindən konsepsiya hazırlanmışdır. Bu konsepsiyaya əsasən, Tikinti Materialları Nazirliyi Respublika Nazirlər Sovetinin 26 yanvar 1991-ci il tarixli 33 saylı Qərarına əsasən ölkədə ilk dəfə nazirliyin bazasında “Tikinti materiallarının istehsalı və satışı” dövlət konserni yaradıldı. Konsernin yaradılmasının əsas mahiyyəti əmtəə istehsalçılarının tam sərbəstliyi və istehsalın idarə edilməsinin vasitələrinin onlara verilməsi əsasında qurulmuşdur. Heç də təsadüfi deyil ki, bu şərtləri əsas götürərək Azərbaycan Respublikası Nazirlər Soveti ölkədə sınaq olaraq 1991-ci ilin əvvəllərində Sumqayıt Şüşə zavodunun «Xəzər» Səhmdar Cəmiyyətinə verilməsi haqqında (aksiyalarının 51%-i dövlətdə, 49%-i isə «Xəzər» SC olmaq şərti ilə) çox mühüm qərar qəbul etmişdir.
Sovetlər Birliyi dağılandan və tam iflasa uğrayandan sonra keçmiş müttəfiq respublikalarla əlaqə, demək olar ki, kəsilmişdir. Ötən əsrin 90-cı illərin əvvələrində MDB ölkələri ilə iqtisadi əlaqələrin pozulması, bazar iqtisadiyyatına keçid dövründə saysız-hesabsız çətinliklər, problemlər yaratdı. Belə bir şəraiti nəzərə alaraq «Azərtikintimateriallarısənayesi» Dövlət Konsernin rəhbərliyi çalışırdı ki, xarici iqtisadi əlaqələri genişləndirsin, tikinti materiallarının istehsalı sahəsində böyük təcrübəyə malik olan ölkələrlə münasibət yaratsın, qabaqcıl, texniki-tərəqinin tələblərinə cavab verən istehsal sahələri ilə mütəxəssislərini tanış etsin. Heç də təsadüfi deyildi ki, Dövlət Konsernin iqtisadi məsələləri üzrə vitse-prezidenti E.Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyətinin ilk xarici səfəri qardaş Türkiyəyə olmuşdur. Konsernin mütəxəssisləri Azərbaycan Respublikasının müstəqilliyinin 2-ci ildönümü qarşısında – 1992-ci ilin oktyabr ayının 1-dən Tosyov Afyon Dəstəkləmə Şirkətinin dəvəti ilə Türkiyədə iki həftəlik səfərdə olmuşlar.

Türkiyənin Afyon şəhəri dünyada mərmər yataqları ilə məşhurdur. Türkiyəyə səfər əsasən onunla səciyyələndirilir ki, bu ölkənin iqtisadiyyatı xeyli müddət ərzində dünyanın bir çox ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələr yaratmış və ölkənin təsərrüfatları bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərirdi.
İlk dəfə müstəqillik illərində Azərbaycandan Afyon şəhərinə məhz Tikinti Materialları Sənayesinin mütəxəssislərindən təşkil olunmuş nümayəndə heyəti səfər etmişdir. Bu iki həftə ərzində bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyəti, struktur dəyişiklikləri, qoyulan investisiyalardan səmərəli istifadə edilməsi və s. məsələlər keçirilən seminarda müzakirə olunmuşdur. Sahibkarlarla görüşlər, özəl müəssisələrin işi ilə tanışlıq və fikir mübadiləsi böyük təcrübənin əldə olunmasına kömək göstərdi. Çox qısa bir vaxtda ölkəmizdə «Tikinti materiallarının istehsalı sənayesi sistemində özəlləşdirmə proqramının həyata keçirilməsi və struktur dəyişikliklərin aparılması» Proqramı hazırlanmışdır.
Bu proqram ölkə prezidentinin «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na əsasən Konsern tərəfindən hazırlanmışdır.   
2 dekabr 1997-ci ildə ulu öndər Heydər Əliyev ölkənin Tikinti Kompleksində  inhisarsızlığı və sağlam rəqabət mühit formalaşdırmaq, sahənin müəssisələrinin səhmdar cəmiyyətə çevrilməsini və özəlləşdirilməsini sürətləndirmək məqsədilə “Tikinti Kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında”   Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 1997-ci il fərmanına əsasən sahədə fəaliyyət göstərən tikinti şirkətləri və dövlət konsernləri ləğv edilmiş və onların nəzdində olan müəssisə və təşkilatlar səhmdar cəmiyyətlərinə çevrilmək və özəlləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Əmlakının sərəncamına verilmişdir. Eldar Nuriyevin rəhbərliyi altında hazırlanan bazar iqtisadiyyatına keçid proqramı əsasında konsernin müəssisələrinin  Əmlak Komitəsinin tabeliyinə verilməsi 1998-ci ilin birinci yarısında başa çatmışdır. Sonralar Eldar müəllim Satınalmalar üzrə Dövlət Agentliyində və Ərazilərin Bərpası Və Yenidən Qurulması üzrə Agentlikdə məsul vəzifədə çalışmışdır.
2008-ci ilin fevral ayında Eldar Nuriyev yeni yaradılmış Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə işə dəvət olunmuş və 2011-ci ilin sentyabr ayına qədər komitənin “İqtisadiyyat və smeta normaları” şöbəsinə rəhbərlik etmişdir. O zaman ölkə ərazisində əsaslı tikintidə layihə-axtarış işlərinin dəyərinin cari qiymətlərlə tərtib edilməsində keçmiş Sovet İttifaqı tərəfindən qəbul edilmiş normalar və qiymətlər sistemindən istifadə olunurdu  və 2001-ci ildən layihə-axtarış işlərinin bu qiymətlərlə aparılması layihə işçilərinin əmək haqqına və axınına çox mənfi təsir göstərirdi. Bununla əlaqədar Komitə rəhbərliyinin Eldar müəllimə ən vacib tapşırığı qüvvədə olan layihə-axtarış işlərinin dəyərinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanması idi. Gərgin araşdırma və təhlildən sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2008-ci il 30 aprel tarixli qərarına əsasən komitənin təkliflərini qəbul etmiş və 12 may 2008-ci ildən qüvvəyə minmişdir. Bu qərar respublikada fəaliyyət göstərən bütün layihə institutları və təşkilatları tərəfindən sevinclə qarşılanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na əsasən Komitəyə Böyük Bakının Regional İnkişaf Planının (Baş planının) hazırlanması, ölkənin bir neçə iqtisadi rayonlarında «Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemi»nin işlənməsi tapşırılmışdır. Bu vacib işlərin yerinə yetirilməsində Eldar müəllimin rəhbərlik etdiyi «İqtisadiyyat və smeta normaları» şöbəsinin kollektivi də öz töhfəsini vermişdir.  
Hal-hazırda Eldar müəllim Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda “İqtisadiyyat və tikinti normaları” şöbəsinə rəhbərlik edir.
İşlədiyi illər ərzində tale onun qismətində, ömür payında yadda qalan neçə-neçə cığırlar açıb. Fərəhli anları da olub, ədalətsizliklə də üzləşib, amma çətinliklədən qorxub geriyə çəkilməyib. O, zəhmətinə, biliyinə, bir də bizləri yaradan Xudavəndi aləmin vəhdətinə bel bağlayıb, elinə, obasına, həmkarlarının sadəqətinə arxalanıb. Çünki Eldar Nuriyev harada və nə vəzifədə işləyibsə insafını əldən verməyib, əli təmiz, gözü tox olub və ətrafdakılar da onun özü kimi pak və təmiz olublar.
Eldar Nuriyevin maraq dairəsi çox genişdir. Ədəbiyyatla və incəsənətlə çox maraqlanır. Daima dünya ədəbiyyatını mütaliə edir, poeziyanı sevir, hələ institutda oxuyarkən özfəaliyyət kollektivinin yaradıcılarından biri kimi 1957-ci ildən Moskvada keçirilən VI-cı Ümumdünya Gənclər Festivalının iştirakçısı olub. İndi məşhur bəstəkar və dirijor kimi tanınan Respublikanın xalq artisti, Prezident təqaüdçüsü Nariman Əzimovu və Respublikanın xalq artisti, qarmon ifaçısı Avtandil İsrafilovu oxuduğu institutun kollektivinə məhz o, dəvət etmişdir.
Yadımdadır: Eldar müəllim tikinti kompleksinin ən iri qolu olan Tikinti Materialları Sənayesi Nazirliyində nazir müavini işləyirdi. Sonralar bu nazirlik Dövlət Konserinə çevrildi. Erməni quldurları xaincəsinə torpaqlarımıza soxulur, camaatımızı isti ocağından, dədə-baba yurdundan qovmağa başlamışdı. Ölkədə qıtlıq, bahalıq, işsizlik problemi yaranmışdı. Belə bir ərəfədə çoxları dara düşəndə Eldar Sirac oğlunun yanına gəlirdilər. Hamı bilirdi ki, Eldar müəllim hər hansı bir məsələnin həllini boynuna götürsə, deməli, iş düzələcək. Buna görə də o, daima seçilib, sayılıb, hörmət qazanıb.
Tikinti Materialları Sənayesi Nazirliyində çalışdığı zaman Eldar müəllim və onun ətrafı ölkəmizin siyasi və iqtisadi həyatında keçirilən tədbirlərdə fəal iştirak edirdilər. Nazirlyin, onun müəssisələrinin fəal iştirakı və vəsaiti hesabına xalqımızın böyük oğlu, xeyirxah əməl sahibi Hacı Zeynalabdin Tağıyevin Mərdakandakı məzarında abadlıq işlər aparılmış və abidə heykəli qoyulmuşdur. Keçmiş qubernator bağında Dövlət Filarmoniyasının yaxınlığında görkəmli şairimiz, ölməz qəzəlxan Əliağa Vahidin heykəli ucaldılmışdır.
Başqa bir misal: keçən əsrin 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində, Eldar Nuriyevin partiyanın aparatında – Mərkəzi Komitədə məsul vəzifədə çalışdığı illəri yada salırıq. O, həmin illərdə insaflı hərəkəti, vicdanlı ürəyi ilə, xalqa bağlılığı və bir də əməksevərliliyi ilə ümumxalq məhəbbəti qazandı. Çoxları Eldara həsəd aparırdı, neçə-neçə cavanlar arzu edirdilər ki, Eldar işlədiyi aparatda çalışsın, özü üçün nəsə eləsin. Eldar isə bu yolu da getmədi, gözü toxluğu, tamahsızlığı ilə seçildi və uzaqgörənliyi sayəsində partiya işindən uzaqlaşıb elm yolu ilə inamla, sürətlə irəlilədi və məqsədinə də çatdı.     
2011-ci ilin aprel ayında Eldar müəllimin «Azərbaycanın inkişafında tikinti kompleksinin rolu» adında Qərb və Şərq mətbəəsində nəşr edilmiş 18.5 çap vərəqindən ibarət kitabı işıq üzü görmüşdür.
Kitabda müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi möhtəşəm 40 illik dövrdə, eləcə də onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər respublikamızda aparılan nəhəng tikinti quruculuq işlərindən ardıcıllıqla bəhs olunur. Azərbaycan Respublikasının inkişafında əhəmiyyətli dərəcədə rolu olan tikinti nazirliklərinin, birliklərin, komitələrin, ASC-lərin və tikinti yönümlü digər təşkilatların müstəgil illərində ölkədə yaradılan və uğurla fəaliyyət göstərən tikinti şirkətlərinin, tikinti kompleksində fəaliyyət göstərən layihə və elmi tədqiqat qurumlarına rəhbərlik etmiş korifey inşaat mühəndislərinin parlaq ömür yolu və fəaliyyət illəri hörmətlə vərəqlənir, onların ölkəmizin quruculuq salnaməsindəki xidmətləri araşdırılır. Eyni zamanda, kitabda iqtisadiyyatın müstəqil sahəsi kimi tikintinin texniki və iqtisadi xüsusiyyətləri, sahələrarası əlaqələri, ölkə və onun iqtisadi rayonları üzrə əsas kapitala investisiyalar, onların istiqamətləri və quruluşu və bazar iqtisadiyyatına keçid dövründə tikinti təşkilatlarının inkişaf istiqamətləri barədə ətraflı bəhs olunur.
Eldar Nuriyevlə tanışlığımızdan uzun illər keçir. Arxada qalan bu illər ərzində tanışlığımız dostluğa çevrilmişdir. Eldar kamil ziyalı, təcrübəli, peşəkar mütəxəssis, səmimi dostdur.
O həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Kəmalə xanım da ali təhsilli mühəndisdir. Uzun illərdir ki, «Azərdövlətneft» layihə institutunda 25 il uğurla çalışıb. Bu xanım-xatın qadınla birgə Eldar qardaşımız 50 ildir ki, firavan ömür sürür, 3 övladı və 3 nəvəsi vardır.
2016-cı ilin mayın 16-da Eldar Nuriyevin 80 yaşı tamam olur.
80 illik ömrünün zirvəsində dayanan Eldar müəllimə səmimi təbriklərimizi çatdırır, ona elmi yaradıcılığında, çalışdığı sahədə və həyatda daha böyük uğurlar arzulayıram.
Yaşa, yarat, Eldar qardaşımız.



Ziyad SƏMƏDZADƏ, Akademik, Azərbaycan Respublikası
 Milli Məclisinin deputatı,
Milli Məclisin İqtisadi siyasət sahibkarlıq və siyasət komitəsinin sədri