PORTRET

Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi

  • 13.05.2016

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor Teymur Süleyman oğlu Vəliyev onu  tanıyanların, həmkarlarının, tələbələrinin xatirində çox yüksək mədəniyyətə malik ziyalı, təva­zö­kar insan, olduqca zəhmətkeş, həmişə yenilik axtaran islahatçı alim kimi qalmışdır. Unudulmaz Teymur müəllim artıq 15 ildir ki, dünyasını dəyişmişdir. Lakin 90 illik yubiley tarixindən dönüb, onun həyatını bir daha vərəqləyəndə gəldiyim nəticə belədir: böyük elm və təhsil təşkilatçısı, unudulmaz müəllimimiz, gözəl ailə başçısı Teymur Süleyman oğlu Vəliyevin həyatı və yaradıcılığı bir nümunə məktəbidir və geniş şəkildə öyrənilməyə layiqdir.

T.S.Vəliyev 1926-cı il yanvar ayının 15-də Azər­baycan Respublikasının Ağdam rayonunda anadan olmuşdur. 1944-1946-cı illərdə Ağdam rayonundakı ikiillik Müəllimlər İnstitutunda, 1947-1951-ci illərdə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İns­ti­tutunda təhsil almışdır. 1951-1954-cü illərdə bu institutun aspiranturasında təhsilini davam etdirmiş və əməksevər, yaradıcı tədqiqatçı kimi yüksək keyfiyyətə malik olduğunu elmi əsərləri və namizədlik disser­ta­si­yası ilə təsdiq etmişdir. İqtisad elmində öz dəst-xətti, imzası ilə tanınan T.S.Vəliyev respublikada iqtisa­diy­yat üzrə doktorluq dissertasiyası müdafiə edən (1966) ikinci  adam olmuşdur. Həmin  vaxtdan alimin geniş elmi-pedaqoji və ictimai fəaliyyəti başlayır. O, uzun müddət respublikanın ali məktəblərində rəhbər vəzifələrdə - kafedra müdiri, prorektor işləmiş, tədqi­qat­çılıq fəaliyyətini tədris fəaliyyəti ilə üzvi sürətdə birləşdirmişdir. 1966-1971-ci illərdə D.Bünyadzadə adı­na Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tədris işləri üzrə prorektoru, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin siyasi iqtisad kafedrasının mü­diri, eyni zamanda, 1977-1989-cu illərdə universitetin tədris işləri üzrə prorektoru olmuşdur. 1992-2000-ci illərdə yenidən Azərbaycan Dövlət İqtisad Universi­te­tində elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır.  Alim ömrünün axırınadək öz sevimli peşəsindən əl çək­mə­miş, 2000-2002-ci illərdə BDU-nun İqtisadiyyat ka­fedrasının professoru kimi fəaliyyətini davam etdir­miş­dir.

T.S.Vəliyev iqtisad elminin inkişafında, yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında, təhsil-təlim sahəsindəki xidmətlərinə görə 1981-ci ildə «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür. 1983-cü ildə Akademiyanın müxbir üzvü seçilmişdir.

Professor T.S.Vəliyev 2002-ci il aprel ayının 3-də vəfat etmişdir.

T.S.Vəliyev 350 çap vərəqindən çox olan  200-ə  qədər elmi əsərin (məqalə və kitabın) müəllifidir. Onun elmi rəhbərliyi ilə 20 nəfərdən çox elmlər doktoru və namizədi dissertasiya müdafiə etmişdir. Lakin bunlar görkəmli alimin çox zəngin, olduqca məhsuldar olan həyat və fəaliyyətinin ancaq müəyyən səhifələridir. O, Azərbaycan xalqının iqtisadi fikir tarixinə res­publikada nəzəri iqtisad elminin görkəmli nümayəndəsi kimi düşmüşdür.

T.S.Vəliyevin elmi yaradıcılığında diqqəti cəlb edən mühüm bir cəhət onun müraciət etdiyi mövzuların miqyaslı, aktual, günün tələblərindən irəli gələn möv­zu­lar olmasıdır. Tədqiqatçının yaradıcılığında bu cəhət ilk əsərlərində müşahidə olunur. Onun nami­zəd­lik dis­ser­tasiyası kimi 1955-ci ildə müdafiə etdiyi «Cə­miyyətin əsas iqtisadi qanununun fəaliyyətinin təzahürü (Azər­baycan Respublikası timsalında)» mövzusu o zamanlar mərkəzin inhisarında olan mövzu hesab olunurdu. Bir qayda olaraq, əyalətlərdə belə mövzuların işlənməsi arzuolunmaz sayılırdı. Görünür, müəyyən istisnalar da var imiş. Məsələ onda idi ki, T.S.Vəliyevin namizədlik dissertasiyasının rəhbəri o zaman ittifaq miqyasında ta­nınmış məşhur iqtisadçı alim Bəhmən Yusif oğlu Axun­dov olmuşdur. O da məlumdur ki, professor B.Y.Axun­dovu bir aspirant kimi qane etmək hər adama nəsib olmurdu. Deməli, T.S.Vəliyev yüksək elmi tədqiqatçılıq qabiliyyəti ilə bu tələblərə cavab vermişdi. Alimin namizədlik dissertasiyasının adı iqti­sad elminin bugünkü  anlayışları ilə müqayisədə arxaik görünsə də, nəzərə alınmalıdır ki, bu ad altında insana xidmət edən iqtisadiyyatın qurulması problemləri tədqiq olunmuş­dur. Bu isə aktual olaraq qalmaqdadır.  

T.S.Vəliyevin uzun müddət tədqiqat obyekti olan iqtisadi inkişaf səviyyələrinin tarazlaşması qanuna­uyğun­luqları problemi sosial ədalətin təməl problemi hesab oluna bilər. T.S.Vəliyev bu mövzuda doktorluq dissertasiyası müdafiə etmiş (1966) və çoxlu əsərlər nəşr etdirmişdir. Onun doktorluq dissertasiyasının elmi məsləhətçisi o zaman siyasi iqtisad sahəsində kifayət qədər tanınmış olan görkəmli sovet iqtisadçısı V.İ.Do­kukin olmuşdur. «Sovet respublikalarının iqtisadi in­kişaf səviyyələrinin tarazlaşması qanunauyğun­luq­ları» (1969) fundamental monoqrafiyası və bu monoq­ra­fi­yanın ideyası əsasında 1973-cü ildə Moskvada dərs və­sa­iti kimi çap olunan «Sovet respublikalarının iqtisadi inkişaf səviyyələrinin tarazlaşması» kitabının məzmunca təhlili göstərir ki, bu problem dünənin, bu günün və həmçinin gələcəyin problemidir. T.S.Vəliyev  iqtisadi inkişaf səviyyələrinin tarazlaşmasını ədalətli, humanist cəmiyyətin əlaməti kimi verir, onun qanu­na­uyğun olmasını təsdiqləyir. Eyni zamanda, bunun əksi olaraq kapitalizm cəmiyyətindəki qeyri-bərabərlikdən və onun törətdiyi neqativ nəticələrdən bəhs edir.

Müasir dünya iqtisadiyyatının real mənzərəsi bu faktı bir daha təsdiq edir. Yalnız onu göstərmək kifayət edər ki, XX əsrdə yüksək və zəif inkişaf etmiş ölkələr arasında fərq artaraq 1/10-dan 1/83-ə çat­mış­dır. Nəticədə, ölkələr, xalqlar, dövlətlər arasında qarşıdurma, münasibətlərdə gərginlik artır, dünyanın tarazlığı pozulur, iqtisadi mənafelərin toqquşması kimi ciddi hallar getdikcə daha tez-tez müşahidə edilir. Hətta müasir dünyanın böyük bəlası sayılan terrorizmin artması da inkişafın qeyri-bərabərliyi ilə bağlıdır. Deməli, prof. T.S.Vəliyevin vaxtilə sosializm üçün aşkar etdiyi tarazlı inkişaf qanunauyğunluğunun bütün bəşəriyyətə şamil edilməsinə ciddi zərurət meydana gəlir.

T.S.Vəliyev əmək bölgüsünün nəzəri və praktiki problemlərini geniş araşdır­mışdır. Onun əmək bölgüsü haqqında yaratdığı təsəvvürlərin arxasında əslində bazar iqtisadiyyatı haqqında təsəv­vürlər dayanır. Onun bu tədqiqatları sosializm və bazar, sosializmdə əmtəə-pul münasibətləri, dəyər qanunu məsələlərinə dair baxışlarda o dövrdə əmələ gə­lən yeni meyilləri ifadə edir. İndiki təfəkkür müstəvisindən baxdıqda aydın görünür ki, ictimai əmək bölgüsü təbii, obyektiv bir hadisə kimi bazar iqtisadiyyatının bir atri­bu­tudur. Ali­min cəmiyyətin əsas iqtisadi qanunu, iqtisadi inkişafın tarazlaşdırılması qanunauyğunluqları, ictimai ərazi əmək bölgüsü prob­lem­lərinin tədqiqindən sonra dina­mik inkişaf məsələ­lərindən bəhs etməsində də ciddi bir məntiq vardır. Professor T.S.Vəliyev iqtisadiyyatın dinamik inki­şafını bütöv bir sistem şəklində öyrənən ilk iqtisad­çılardan biridir. Onun monoqrafiyalarında dinamik inkişafın sadə və mürəkkəb, obyektiv və subyektiv, nəzəri və praktik cəhətləri, formatsion və region xüsu­siyyətləri aydın şəkildə izah olunur, dinamik inkişafın daha dərin elmi anlayışı müəyyənləşdirilir. Dinamik inkişaf anlayışı öz məna yükünü indi də saxlamaqdadır. Müasir ekonomiksdə dinamik inkişaf dedikdə, yüksək iqtisadi artım və mütərəqqi struktur dəyişiklikləri nə­zər­də tutulur. Vaxtilə T.S.Vəliyevin tədqiq etdiyi dina­mik inkişafda da bu atributlar vardır. Üstəlik, o zaman dinamik inkişafa digər başqa göstəricilər də daxil edilmişdi. Qeyd edək ki, bu gün ölkənin dinamik inkişafı müstəqilliyi qorumağın şərti kimi çıxış edir, birtərəfli (neftyönlü) inkişafın aradan qaldırılmasını şərtləndirir. Deməli, problem aktuallığını heç də itir­mə­mişdir. 

T.S.Vəliyevin elmi yaradıcılığında xalqın iqtisadi fikir tarixinin araşdırılması xüsusi bir istiqamət təşkil edir. Onun elmi redaktorluğu və müəllifliyi ilə 1987-ci ildə rus dilində «Azərbaycan iqtisadi fikir tarixinin oçerkləri» kitabı nəşr olunur. Daha sonra onun müəllifliyi ilə «XIX əsrin ikinci yarısında Azərbaycan iqtisadi fikir tarixindən» (1994) kitabı, 1996-cı ildə isə A.Həsənovla birlikdə «Azərbaycan iqtisadi fikir tarixi» kitabı işıq üzü görür. Bu kitablarda T.S.Vəliyevin müraciət etdiyi mövzular «Kitabi-Dədə-Qorqud» dastanlarında iqtisadi və so­sial həyat motivləri, M.F.Axundovun, H.B. Zərdabinin, Z.Marağayinin iqtisadi fikirləri olmuşdur. Azərbaycan iqtisadi fikrində bu mövzuların bir çoxu əvvəllər pro­fes­sor Ə.Fərəcov, prof. B.Y.Axundov, prof. M.Mus­tafayev tərəfindən işlənmişdi. Lakin bu sahədə yeni dövrün tələblərinə uyğun sistemli tədqiqat aparmaq professor T.S.Vəliyevin qismətinə düşmüşdür. Şübhəsiz, bu sahədə də tədqiqatları bitmiş hesab etmək olmaz. Adı çəkilən görkəmli iqtisadçı alimlərin Azərbaycan iqtisadi fikri ilə əlaqədar tədqiqatları davam olun­malıdır. Bu, professor T.S.Vəliyevin də bir arzusu idi.

T.S.Vəliyev reformator iqtisadçı idi. O, yeniliyə tez adaptasiya edən, yeniliyi qiymətləndirən iqtisadçı ol­muş­dur. Alimin yaradıcılığında islahatçılıq meyilləri hələ sovet dövründən (XX əsrin 80-ci illərindən) müşa­hidə olunurdu. Bu fikri çoxlu faktlarla sübuta ye­tir­mək olar. Onlardan birinə diqqət yetirək: T.S.Vəliyevin 1989-cu ildə “EA-nın Xəbərləri” jurnalının iqtisadiyyat seriyasında «Sosializm şəraitində rəqabət məsələsinə dair» məqaləsi çap olunur. Artıq 1988-ci ildə SSRİ Ali Sovetinin sessiyalarının birində sosializmdə rəqabətin mövcudluğu etiraf olunmuşdu. O zamana qədər rədd olunan və ancaq kapitalizmə aid edilən bu mühüm iqtisadi hadisənin planlı iqtisadiyyat şəraitində elmi şərhini vermək lazım idi. Bu vəzifəni yerinə yetirən iqtisadçı alimlərdən biri də prof. T.S.Vəliyev oldu. O, rəqabətin əmtəə-pul münasibətlərinə xas olan kateqoriya olmasını bir daha əsaslandırdı. Sosializmdə onun təbiətini araş­dırdı. Müəllifin fikrinə görə, sosializmdə rəqabətin hərə­kət­verici qüvvəsi xalqın həyat səviyyəsinin yüksəl­mə­sidir. Sosializmdə rəqabətin qəbul olunması bazarın obyektiv rolunu qiymətləndirmək demək idi. Artıq iqti­sadi nəzəriyyə sübut edirdi ki, plan nəinki bazara zidd deyil, əksinə bazar vasitələrindən istifadə olunduqda, o, etibarlı, dəqiq və praktik olur. Alimin yaradıcılığında əksini tapan bu cür faktları, əlbəttə,  artırmaq da olar.  

T.S.Vəliyevin elmi fəaliyyətində müstəqillik illərini xüsusi bir mərhələ kimi qiymətləndirmək lazımdır. Bu dövrdə onun yazdığı kitab və məqalələr üçün yeni bir təfəkkür tərzi xarakterikdir. Bu kitab və məqalələr içərisində «İqtisad elminin nəzəri əsaslarının tarixi tə­kamülü» (1999) kitabını xüsusi qiymətləndirmək və təhlil etmək lazım gəlir. Bu kitab, hər şeydən əvvəl, zəngin ədəbiyyat mənbələrinin təhlili və şərhi ilə diqqəti cəlb edir. Kitabda metod, metodologiya məsələlərinə dair mövcud baxışların nəinki ümumiləşdirilmiş ifadəsi var, həmçinin bu baxışların inkişafına bir nəzər, on­ların müasir elmin tələblərinə uyğunluq dərəcəsinə müəllif münasibəti vardır. Kitabın ən böyük məziyyət­lə­rindən biri odur ki, burada  iqtisad elminin təməl anla­yış­ları – ictimai–iqtisadi formasiya, mülkiyyət, ka­pi­tal, dəyər, məhsuldar qüvvələr, əmək bölgüsü, qiymət hadisələrinə dair nəzəri baxışların təkamülü araşdırıl­mışdır.

Müasir iqtisad elmi bir çox paradoksları ilə sə­ciyyələnir. Ölkəmiz bazar iqtisadiyyatına keçir. Dünya isə «bazar fundamentalizmi»ni təhlükə sayır və ondan qaçır. Bu aralıqda «açıq marksizm» ideyası ortaya çı­xır. Çox maraqlıdır ki, T.S.Vəliyevin yeni dövr yaradı­cı­lığında bunlar gerçəkdən hiss olunur. Biz bunu onun bazar iqtisadiyyatına dair yazılarında görürük. O, çox həssaslıqla, bir az da ehtiyatla bazara yox, istehsala, məhz istehsala bağlılığını ifadə edir. T.S.Vəliyev sivili­za­siyalı milli iqtisadiyyatın sənayenin inkişafı ilə, həm də təkcə sənayenin deyil, maddi istehsal  sahə­lə­rinin ahəngdar inkişafı ilə üzvü surətdə bağlı olduğunu gös­tə­rir. Digər tərəfdən dövlətin təsiri ilə «bazar funda­men­talizmi»nin məhdudlaşdırılması ideyasına üs­tün­lük verir. O, yazır: «O ölkələrdə ki, dövlət, hökumət iqti­sa­diyyatda müəyyən dərəcədə tənzimləmə siyasəti aparıb və keçid dövründən sonra da aparır, onlarda ümumi mütərəqqi meyillər daha çox  üstünlük təşkil edir».

T.S.Vəliyevin müstəqillik illərində müraciət etdiyi və tədqiqat obyekti olan mühüm məsələlərdən biri in­fra­strukturlardır. Alimin bu məsələyə müracət etməsi təsadüfi deyil. Özünün qeyd etdiyi kimi, infrastruk­turların inkişafı insanların həyat səviyyəsinə bilavasitə təsir edən məsələdir. Digər tərəfdən bu məsələ keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda nisbətən diq­qət­dən kənarda qalmışdı. Görünür, bu problemin alimə doğma olan iqtisadi inkişaf səviyyələrinin tarazlaşması və ictimai əmək bölgüsü məsələləri ilə yaxınlığı, onların məntiqi bağlılığı da onun tədqiqat obyektinə çevrilmə­sində az rol oynamayıb. Prof. T.S.Vəliyevin sosial infrastrukturlar haqqında irəli sürdüyü elmi mülahizələri bu gün Azərbaycanda, demək olar ki, tam gerçəkləşdirilmişdir.

T.S.Vəliyevin əsərləri nəinki elmi məzmununa gö­rə, həm də istinad mənbələrinə görə kifayət qədər dünyəvilik və millilik elementlərinə malikdir. Elə infra­strukturlar haqqında olan kitabı götürək. Burada ən vacib məqamlarda  fikrin izahı və əsaslandırılması üçün dünya miqyaslı iqtisadçıların – A.Smit, K.Marks, A.Mar­şal, P.Samuelson, R.Kouz, U.K.Mitçel, T.Veb­len və onlarla başqalarının yaradıcılığına müraciət et­məklə bərabər, N.Tusi, İbn Xəldun, M.K.Atatürk, Ş.M.Xiya­baninin də əsərlərindən yerli-yerində istinad­lar gətirilir. Bu istinadların hamısı ibrətamizdir və oxucunun dün­ya­görüşünü artırır.

T.S.Vəliyevin tədqiqatlarında iqtisadi hadisələr əsasən nəzəri-metodoloji aspektlərdən araşdırılır. Lakin bu hadisələrin faktlarla konkretləşdirilməsi də diq­qət­dən kənarda qalmır. Onun Azərbaycanın iqtisadi prob­lem­lərinə müraciəti, respublikada aparılan iqtisadi islahatlarla əlaqədar yazdığı çoxsaylı məqalələri bu fikri təsdiq edir. Deməli, alim nəzəriyyə naminə nəzəriy­yə ilə məşğul olmamışdır. Sovet dövrünün sonlarında mövcud olmuş ifrat nəzəriyyəçilik meyilləri, praktika­dan uzaqlaşma halları tədricən aradan qalxır. İqtisadi fikrimizdə nəzəriyyə və praktikanın qarşılıqlı əlaqəsi məsələsi öz düzgün həllini tapır.

Professor T.S.Vəliyev 1953-cü ildən başlayaraq ömrünün axırınadək respublika­mı­zın müxtəlif ali məktəblərində siyasi iqtisaddan (iqtisadi nəzəriyyədən) mühazi­rə­lər oxumuşdur. Əlli illik bir dövr ərzində dərs demək, dərsliklər, lüğətlər, monoqrafi­yalar nəşr et­dir­mək, iqtisad elminə təşkilati rəhbərlik etməklə belə demək olar ki, xalqın iqtisadi təfəkkürünün formalaş­ma­sında müstəsna rol oynamışdır. Onun dərslik yara­dıcılığı sahəsində xidmətlərini xüsusilə qeyd etmək lazım gəlir. Alim hələ 1955-ci ildə SSRİ-də ilk siyasi iqtisad dərsliyinin hazırlanmasında iştirak etmişdir.

T.S.Vəliyev bu sahədəki fəaliyyətini ömrünün axırınadək  davam etdirmişdir. Sovet dövründə siyasi iqtisad Kommunist Partiyasının bila­va­sitə diqqətində və nəzarətində olan ideoloji bir fənn hesab olunduğundan uzun müddət müttəfiq respub­li­kalarda bu fənn üzrə dərslik yazılması çox məsuliyyətli və çətin bir iş hesab  olunmuşdur. Ona görə də mər­kəz­də nəşr olunan dərslikləri tərcümə etmək lazım gəlmiş­dir. Professor T.S.Vəliyev XX əsrin 70-80-ci illərində Moskvada nəşr olunmuş siyasi iqtisad dərsliklərinin ana dilinə tərcüməsini təşkil etmiş, onların elmi redaktoru olmuşdur.

Azərbaycan dilində siyasi iqtisad terminlərinin düzgün işlədilməsinə nail olmaq və tərcümə işlərini uğurla yerinə yetirmək üçün prof. T.S.Vəliyev A.Həsənovla birlikdə ilk dəfə olaraq «Rusca-azərbaycanca siyasi iqtisad terminləri» (1983) sözlüyünü hazırlamışdır. İqtisadiyyat ixtisasını seçmiş gənclər üçün bu gün də stolüstü kitab olan A.V.Anikinin «Elmin gəncliyi» (1986) kitabının Azərbaycan dilində çap olunması T.S.Vəliyevin təşəbbüsü və redaktorluğu ilə mümkün olmuşdur.

Azərbaycanın müstəqillik əldə etməsi ilə yaranan imkan və şəraitdən istifadə edərək T.S.Vəliyev özünün dərslik yazmaq təşəbbüsünü həyata keçirmişdir. Azər­baycan dilində, yeni dövrün tələblərinə cavab verən, yeni iqtisadi təfəkkürü formalaşdıran dərslik yazmaq zərurətini dərk edərək professor T.S.Vəliyev belə bir dərsliyin hazırlanmasına nail olur. Onun təşkilatçılığı, redaktorluğu və bilavasitə müəllifliyi ilə Azərbaycanın bir qrup iqtisadçıları tərəfindən iqtisadi nəzəriyyə dərsliyi yazılır. 1995-ci ildə nəşr olunan bu dərsliyin sonralar yeni nəşrləri çap olunur. Qeyd edək ki, bu gün  Azərbaycanda nəzəri iqtisadın tədrisində T.S.Vəliyevin ümumi redaktorluğu ilə hazırlanan iqtisadi nəzəriyyəyə dair iki dərslik (ADİU və BDU-da hazırlanan dərs­lik­lər), həmçinin N.Məmmədovla birlikdə yazdığı  orta məktəblərin IX-XI sinifləri üçün «İqtisadiyyatın  əsas­la­rı» (1997) dərsliyi iqtisadi elmi dünyagörüşü funksi­ya­sı­nı müvəffəqiyyətlə yerinə yetirməkdədir. Bu dərsliklərin məziyyətlərini göstərmək iddiasında olmasaq da, qeyd etməyi lazım bilirik ki, onlar iqtisad elminə millilik gətirmək baxımından ilk uğurlu addımlar hesab oluna bilər. Millilik elementləri iqtisadi nəzəriyyə dərsliyinin predmet və metodu mövzusundan başlayaraq, Azərbay­can iqtisadiyyatının materialları ilə zənginləşdirilən əksər mövzularda hiss olunur. Şübhəsiz, bu, uğurlu bir başlanğıcdır.

Professor T.S.Vəliyev miqyaslı alim idi. Onun nüfuzu ancaq respublika səviyyəsi ilə məhdudlaşmırdı. O, dəfələrlə xarici ölkələrə (Danimarka, Çexoslovakiya, Rumıniya, İtaliya, Fransa, Türkiyə və s.) ezam olun­muşdur. Vaxtaşırı olaraq Moskva, Leninqrad və digər şəhərlərdə keçirilən elmi məclislərə dəvət olunmuşdur. O zaman Sovetlər İttifaqında iqtisadi nəzəriyyə sahə­sində ən nüfuzlu elmi jurnal sayılan «Экономические науки» jurnalının uzun müddət (1972-1987) redaksiya heyətinin üzvü olmuşdur. Onun bu jurnalda çap olunan bir sıra məqalələri dövrün ən aktual mövzuları sırasında idi.

Prof. T.S.Vəliyevin həm elmi yaradıcılığında, həm ali təhsil müəssisələrində yüksək vəzifələrdə fəaliyyə­tində humanizm, saflıq, xeyirxahlıq, zəhmətsevərlik kimi keyfiyyətləri aydın şəkildə özünü göstərir. Onun öz millətinə, xalqına bağlılığını, millət təəssübkeşliyini xüsusilə göstərmək lazımdır. Bir neçə fakt gətirmək istəyirəm: 1980-ci illərin axırlarında keçmiş Sovetlər İttifaqında ayrı-ayrı millət və xalqların ictimai təfək­kürünü doğru-düzgün qiymətləndirmək üçün nisbətən münbit bir şərait əmələ gəlmişdi. Teymur müəllim  təcili olaraq bir qrup yaradır, ona rəhbərlik edir və Azərbaycan xalqının iqtisadi fikir tarixinə dair qısa bir zamanda heç olmazsa, oçerk şəklində bir kitab yazmaq vəzifəsini qarşıya qoyur. Kitabın həm də rus dilində yazılmasını məsləhət görür. Məqsəd Azərbaycan xal­qının iqtisadi fikrinin tarixən qədim və zəngin olmasını ittifaqda yaşayan bütün millət və xalqlara bəyan etmək və o zaman mövcud olan köhnə stereotip­ləri qırmaq idi. Alim öz məqsədinə çatır. 1987-ci ildə Azərbaycan xalqının  iqtisadi fikir tarixini ilk dəfə olaraq sistemli və tam əks etdirən kitab işıq üzü görür. İkinci fakt: 1988-ci ildə Qarabağ münaqişəsi başlandı. Münaqişənin ilkin səbəbi kimi əsasən ermənilər yaşayan Dağlıq Qarabağın  sosial-iqtisadi cəhətdən Azərbaycanın digər ərazilərindən geri qaldığı göstərilirdi. Bu barədə qatı millətçi, avantürist, fırıldaqçı akademik Aqan­bek­yanın Fransada yalana söykənən bəyanatı yayılır. Respub­likanın o vaxtkı rəhbərliyi tərəfindən məqsədəuyğun hesab edilməsə də, buna tutarlı faktlar və elmi araş­dır­ma­larla cavab vermək lazım gəlir. T.S.Vəliyevin baş­çılığı və təşəbbüsü ilə respublikada «Azər­bay­can SSR-in Xalq Təsərrüfatı Kompleksinin formalaşması və in­ki­şafı» mövzusunda elmi konfrans keçirilir. Kon­frans­da Dağlıq Qarabağın sosial-iqtisadi cəhətdən Azərbay­canın digər əraziləri kimi tarazlı inkişaf etdiyi elmi, statistik dəlillərlə bir daha aşkar olunur.  Kon­f­ransın rus dilində olan materialları bütün keçmiş Sovet­lər İt­ti­faqına yayılır.  İqtisadçı  alimlər, necə deyərlər, sözlərini vaxtında deyirlər. Siyasətçilər isə ...

T.S.Vəliyev elm və tədrisi qovuşduran, bunu çox yaxşı bacaran, bu sahədə böyük uğurlar əldə edən alim idi. Ola bilər mübahisəli görünsün, adətən, iqtisadçı alimlərimizin əksəriyyəti ya elmə, ya da tədrisə üstünlük verirlər. Bu sahə­lə­rin hər ikisi isə professor T.S.Vəliyevin diqqət mərkəzində idi və hətta gün­dəlik fəaliyyətinə daxil idi. Bununla əlaqədar, o zaman iqtisa­dçı­ların çox mötəbər elmi məclisi olan Bakı seminar­la­rını xatırlamamaq olmaz. Bu seminarlarda siyasi iqti­sad elminin ən aktual problemləri vaxtaşırı müzakirə olunardı. Seminarların böyük təşkilatçısı, aparıcısı, burada tez-tez məruzə edən professor T.S.Və­liyev idi. Bu seminarlarda təkcə Azərbaycan iqti­sad­çıları deyil, keçmiş İttifaqın ən məşhur iqtisadçı alim­ləri də iştirak edirdilər.

Teymur müəllimin zəhmətsevərliyini bir nümunə kimi qiymətləndirmək lazımdır. Ondan işdə intizam­lı­lığı, səmimi ünsiyyət qaydalarını, kollektivi birləş­dirmək, idarəetmək yollarını, əmələ gələn narazılıqları yoluna qoymağı, gözəl ailə başçısı olmağı və ümu­miy­yət­lə, həyatda çox şeyi öyrənmək olardı. Teymur müəl­li­min  alim həyatında maraqlı olan bir də o idi ki, təd­qi­qat­çı hər gün, ay, il üçün əsas işini müəyyən edir və bü­tün diqqətini də ona verirdi. Kollektiv monoqra­fi­ya­la­rın, dərsliklərin elmi redaktoru olarkən müəllifləri vaxt itirməməyə, işləməyə və yenə də işləməyə sövq edirdi.

Teymur müəllimin insanları tanıması və qiymət­lən­dirməsi də ibrətamizdir və bir məktəbdir. O, çox həssas insan idi. İnsanlara münasibətində, həyat tərzində bir əsilzadəlik var idi. Hər kəsə öz işinə, qabiliyyətinə, hərə­kətlərinə görə qiymət verərdi. O, insanları tanımağı bacarırdı. Bu bacarığı da ona yaxşı rəhbər, idarəedən imici gətirmişdi. O bütün məsələləri səbirlə, təmkinlə, özünəməxsus mülayimliklə həll edirdi. Teymur müəl­limin alimliyi, ziyalılığı, təşkilatçılığı onun uzun müddət vəzifələrdə çalışması üçün əsas yaratmışdı. Onun döv­rün­də Bakı Dövlət Universitetinin Siyasi İqtisad ka­fed­rası böyük nüfuz və ada malik idi. Respublikanın digər ali məktəblərinin Siyasi İqtisad kafedraları üçün isti­nad kafedrası idi. T.S.Vəliyevin sədrliyi ilə bu kafedra­nın nəzdində 1988-1991-ci illərdə siyasi iqtisad üzrə hətta müdafiə şurası fəaliyyət göstərmişdir. Bu gün Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsi çox uğurla fəaliyyət göstərir. İqtisadiyyat üzrə bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru səviyyəsində yüksək ixtisaslı elmi kadrlar hazırlanır. Burada iqtisadi təhsilin beşiyi başında dayananlar – Balabəy Həsənbəyov, Əliqulu Fərəcov, Bəhmən Axundov, Həsən Dadaşov, Bəhmən Axundov, Yusif Məmmədov və Teymur Vəliyev çox ehtiramla xatırlanır. Prof. T.S.Vəliyevin 90-cı illərdə BDU-da iqtisadi nəzəriyyə qrupu üzrə təhsilin təşkilində müstəsna xidmətləri  heç zaman unudula bilməz. Ümu­miy­yətlə, professor T.S.Və­li­yev hansı universitetdə və ka­fed­rada fəaliyyət göstə­rir­disə, ora nəzəri iqtisad elmi­nin sanki mərkəzinə çevrilirdi. Alimin Azərbaycan Döv­lət İqtisad Uni­ver­si­te­tində fəaliyyət gös­tər­di­yi illər­də bura Bakı semi­narlarının mərkəzinə çevrilir. Bu universi­tetdə «İqtisad elm­ləri: nəzəriyyə və praktika» jurnalı kimi iqtisadyönlü ciddi dövrü nəşr fəaliyyətə başlayır.

Professor T.S.Vəliyevin həyatını gərgin yaradıcılıq illəri kimi səciyyələn­dirmək olar. O, uzun müddət iqtisadi profilli bir çox jurnalların redaktoru, redaksiya heyətinin üzvü, ixtisaslaşdırılmış müdafiə şuralarının sədri, həm sədri və üzvü, dissertasiya müdafiə edənlərin bir çoxunun rəhbəri, opponenti olmuşdur. Fransız şairi A.Lamartinin «Həyatın mənası aramsız axtarışlardan ibarətdir» ifadəsini prof. T.S.Vəliyevə də şamil etmək çox yerinə düşür. Onun kimi alim, ziyalı, şəxsiyyətə həmişə, bu gün isə daha çox ehtiyac vardır.

Müstəqil Azərbaycanın mükəmməl milli iqtisadi inkişaf modelinin işlənib hazırlanması, həm də heç bir kənar qüvvənin - beynəlxalq təşkilatın, ölkənin, xarici mü­tə­xəssisin təsiri olmadan, azərbaycançılıq ideologiyasına – azərbaycançılıq, müasirlik və islamçılıq dəyərlərinə əsaslanaraq hazırlanması vacibdir. Bu modelin elmi-nəzəri prin­siplərinin müəyyənləşdirilməsi üçün professor T.S.Vəliyevin əsərləri faydalı ola bilər.

Professor T.S.Vəliyevin elmi yaradıcılığını qiymət­lən­dirərkən təsəvvürü­müzdə bir həqiqət canlanır: iqti­sad elminin yeni yüksəlişi olmadan Azərbaycan iqti­sadiyyatının gələcəyi yoxdur. Hörmətli müəllimimiz, unudulmaz insan T.S.Vəliyevin bu sahədəki yorulmaz, işıqlı fəaliyyəti uğurla davam etdirilməlidir.

 

Xosrov Kərimov,

BDU-nun dosenti