PORTRET

Görkəmli alim, tanınmış pedaqoq, nəcib insan

  • 30.09.2021

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov uzun sürən xəstəlikdən sonra vəfat edib.
XƏLİLOV BULUDXAN ƏZİZ OĞLU 1966-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. 1990-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Biliyini, bacarığını, həm də elmə olan böyük marağını nəzərə alaraq “Müasir Azərbaycan dili” kafedrasının, o cümlədən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektorluğunun təqdimatı əsasında Təhsil Nazirliyinin təyinat bölgüsündə gənc mütəxəssis kimi Filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasında laborant kimi saxlanılmışdır.
1985-1987-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olmuşdur.
1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə “Müasir Azərbaycan dili” kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor vəzifəsində çalışır. 2006-cı il may ayının 12-də filologiya fakültəsinin dekanı seçilmişdir. 2011-ci ilin sentyabr ayının 30-da yenidən dekan vəzifəsinə təyin olunmuşdur. Filologiya elmləri doktoru, professordur.
B.Ə.Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaranmış «Dədə Qorqud» elmi tədqiqat laboratoriyası»na rəhbərlik etmişdir.
B.Ə.Xəlilov 2000-ci ilin dekabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
B.Ə.Xəlilova 2013-cü il fevral ayının 21-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının veteran vəsiqəsi verilmişdir.
Prof. B.Xəlilov fəal ictimaiyyətçi idi. Respublikanın televiziya kanallarında və radio verilişlərində, mətbuat orqanlarında dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, dövlətimiz, dövlətçiliyimiz və milli maraqlarımızla bağlı müntəzəm çıxışlar edirdi.
Prof. B.Ə.Xəlilovun elmi fəaliyyəti çoxsahəli, geniş və əhatəlidir. Onun 400-dən çox elmi, elmi-publisistik əsəri çap edilmişdir. Bunlardan 28-i monoqrafiya, dərslik və dərs vəsaitidir.
B.Ə.Xəlilovun elmi yaradıcılığının istiqamətlərindən biri dilimizin tarixi ilə bağlıdır. O, «Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı» (1995), «Azərbaycan dilində ikihecalı fellərin fonosemantik inkişafı» (1996), «Fellərin ilkin kökləri» (1998) kitablarında fellərin təşəkkül etdiyi ilkin kökləri bərpa etmiş və onların bir çoxu müxtəlif dillərlə müqayisə edilərək tutuşdurulmuşdur. Bu kitablarda amorf quruluşlu ilkin köklərin sinkretikliyi və onların amorfluqdan təkamül edərək, iltisaqi quruluşa yiyələnməsi kimi hallar da tədqiqata cəlb olunmuşdur.
Prof. B.Ə.Xəlilovun elmi yaradıcılığında mühüm istiqamətlərdən biri də türkologiya ilə bağlıdır. Onun «Birinci Beynəlxalq Türkoloji qurultay» (1999), «Türkologiyanın intibah dövrü» (2001), «Türkologiyaya giriş» (2006) kitablarında XIX əsrdən başlayaraq XX əsrin 30-cu illərinə qədərki dövrdə milli türkologiyamızın bir sıra vacib məsələrinə geniş yer verilir. XIX əsrin, eləcə də XX əsrin (30-cu illərə qədər) milli türkoloqlarının bir qisminin türkologiya sahəsindəki fəaliyyətinə diqqət yetirilir.
Prof. B.Ə.Xəlilovun elmi yaradıcılığının ən böyük nailiyyətlərindən biri də müasir Azərbaycan dili və onun müasir problemləri ilə bağlıdır. Bu mənada «Azərbaycan dili» (VI-VII siniflər üçün, 2003), «Müasir Azərbaycan dilinin mor-fologiyası. I hissə» (2000), «Müasir Azərbaycan dilinin morfologiyası. II hissə» (2003), «Azərbaycan dili: dünən, bu gün» (2004), «Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya» (2007), “Müasir Azərbaycan dilinin leksikologiyası” (2008) kitabları ən qiymətli dərslik və dərs vəsaitləri kimi olduqca dəyərlidir. Bu kitablarda qrammatika, qrammatik quruluş, kök, şəkilçi, nitq hissələrinin təsnifi geniş şərhini və izahını tapır. Burada əsas, köməkçi, xüsusi və qeyri-müəyyən nitq hissələrinə gen-bol yer ayrılır.
Prof. B.Ə.Xəlilovun çap etdirdiyi dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş, çoxlu sayda rəylər mətbuat səhifələrində çap olunmuşdur.
B.Ə.Xəlilov Respublikamızın və Azərbaycan Dövlət Pedaqoji Universitetinin ictimai həyatında fəal iştirak edir. İki dəfə 1999-cu və 2004-cü illərdə Nəsimi bələdiyyəsinə üzv seçilmiş, Sosial məsələlər daimi komissiyasına sədrlik etmişdir. 2006-cı il dekabr ayının 26-da Azərbaycanda təhsil sisteminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
B.Ə.Xəlilov 2001-ci ildə «İlin alimi» nominasiyasının, 2003-cü ildə «Vektor» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «Azərbaycanın gənc alimləri» Beynəlxalq layihəsinin qalibi olmuşdur. O, 2004-cü ildə Azad Qələmlər Cəmiyyəti tərəfindən Azərbaycan dili, ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sahəsindəki xidmətlərinə görə «Qızıl qələm» fəxri mükafatı laureatı seçilmişdir. 2006-cı və 2009-cu illərdə «Vektor» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «XXI əsrin ziyalısı» adına layiq görülmüşdür. 2009 və 2010-cu illərdə “XX–XXI əsrin yaradıcı və ziyalı insanları” sırasında yer alanlardan biri olmuşdur. 2009-cu ildə türk ədəbiyyatına xidmətləri ilə bağlı olaraq Türkiyə Cümhuriyyətinin KIBATEK Akademik ÜYESİ diplomunu alıbdır. KIBATEK Akademik Üyesi seçilmişdir.
2006-cı ildə VII Uluslararası Türk dili Qurultayının iştirakçısı olmuş, məruzə ilə çıxış etmiş, eyni zamanda, qurultayın bölmələrindən birinə sədrlik etmişdir. 2006-2007, 2007-2008-ci tədris illərində ADPU-da “İlin müəllimi”, 2011- ci və 2013-cü illərdə “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur.
Buludxan Xəlilov 55 illik mənalı ömrünü müasir Azərbaycan ədəbiyyatının və dilçiliyinin inkişafına, çağdaş Azərbaycan gəncliyinin mənəvi və ədəbi zənginliyinin yüksəlməsinə, onun milli məfkurəsinin zənginləşməsinə həsr etmişdir.
Buludxan Xəlilovun əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!