PORTRET

Ziyad Səmədzadə - Dəyərli alim, səmimi insan!

  • 02.12.2021

Rafiq Mehdiyev - 85

Texnika elmləri doktoru, professor Rafiq İsrafil oğlu Mehdiyev təkcə Azərbaycanda və MDB məkanında deyil, beynəlxalq səviyyədə təbəqələşdirilmiş yanıcı qarışıqla işləyən farkomer-məşəllə alışdırmalı avtomobil mühərriklərinin yaradılması sahəsində tanınmış alimdir.

Professor R.Mehdiyev Azərbaycan mühərrikçilər elmi məktəbinin əsasını qoyanlardan biridir.
1936-cı ildə Cəbrayıl rayonunda doğulan R.Mehdiyev 1958-ci ildə o zamankı Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsini bitirib, 1964-cü ildə namizədlik, 1981-ci ildə isə indiki Sankt-Peterburq Texniki Universitetində doktorluq dissertasiyasını müdafiə edib.
300-dən çox elmi əsərin, 15-ə yaxın ixtiranın müəllifi olan alimin son ixtiralarından biri maye qazla işləyən dizel mühərrikidir və bu ixtira Türkiyədə böyük uğur qazanıb. Bir sıra ixtiraları bəzi Qərb dövlətlərində, o cümlədən İngiltərə, İtaliya, Almaniya, Rusiya və Yaponiyada patentləşdirilib. Yetişdirdiyi 20-dən artıq alim içərisində Hindistan, İraq, Suriya və Ukrayna vətəndaşları da var.
1967-ci ildə daxili yanma mühərrikləri və avtotraktor kafedrasının dosenti, 1983-cü ildən isə professor adına layiq görülüb. Həmin kafedraya uzun müddət rəhbərlik etdikdən sonra AzTU-nun nəzdində fəaliyyət göstərən “Motor yanacaqları və ətraf mühit” ETİ-nin elmi rəhbəri olub.

 


 

Görkəmli ziyalı, ictimai xadim, professor Rafiq Mehdiyevi mənimlə uzun illərdir ki, sıx dostluq telləri bağlayır.
Rafiq müəllimin çox maraqlı və zəngin elmi yaradıcılıq yolu olmuşdur. Mənalı həyatını doğma Azərbaycanımızın elm və təhsilinin inkişafına sərf etmiş professor Rafiq Mehdiyev respublika iqtisadiyyatının ən mühüm sahəsi olan nəqliyyat kompleksinin idarəetmə problemlərinə dair bir çox elmi əsərlərin, o cümlədən monoqrafiyaların, kitabların müəllifidir.
Rafiq müəllim ən çətin dövrlərdə Azərbaycan Texniki Universitetinin rektoru olmuş və həmişə daşıdığı vəzifələrdə müvəffəqiyyətlə çalışmışdır. Onun insanlara çox sadə, səmimi münasibəti var. Elə insanların da ona qarşı məhəbbəti, cəmiyyətdəki nüfuzu məhz bu münasibətin təzahürüdür.
Təsadüfi deyil ki, o, vətənində, elmi ictimaiyyət arasında professor, etibarlı dost və şəxsiyyət kimi tanınır. Rafiq müəllim bu şərəfi uzunillik elmi və praktik fəaliyyəti, savadına görə qazanmışdır. Seçdiyi elmə və ixtisasına sədaqəti onu əldə etdiyi yüksək nəticələrə gətirmişdir. O, öz ağlı və zəkası ilə istər elm sahəsində, istərsə də bir təşkilatçı, rəhbər kimi müvəffəqiyyətlə irəliləmişdir. Qeyd edək ki, onun tədqiqatlarını nəzərdən keçirdikcə elmi maraq və fəaliyyət dairəsinin olduqca geniş olduğu dərhal gözə çarpır.
Bununla yanaşı, Rafiq müəllim ictimai həyatda da fəal iştirak edir. O, bir sıra milli və beynəlxalq elmi-praktik konfranslarda, respublikanın hüdudlarından kənarda keçirilən simpoziumlarda uğurlu çıxışları ilə seçilir.
Rafiq Mehdiyev respublikada yüksəkixtisaslı və elmi-pedaqoji kadrların attestasiyası sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanı - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) rəyasət heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir.Təbii ki, elmin gələcəyini düşünən alim yüksəkixtisaslı kadrların hazırlanmasından da kənarda qala bilməzdi. Qeyd edək ki, həmindövrdə bütün məsələlər məhz Moskvada həll olunurdu. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ali Attestasiya Komissiyası yaradıldı.
Onun ilk sədri akademik Azad Mirzəcanzadə təyin edildi, yeni rəyasət heyəti formalaşdı. Öz prinsipiallığı, obyektiv baxışları, yüksək elmiliyi ilə fərqlənən Rafiq müəllim də rəyasət heyətinin üzvü oldu. O, gənc alimlərin yetişməsində müstəsna fəallıq göstərirdi. Azad Mirzəcanzadə kimi, Rafiq müəllim də gənc tədqiqatçılara xüsusi qayğı, tələbkarlıqla yanaşır, onlara meydana çıxan çətinliklərin həllində kömək edir, dissertasiyalarının vaxtında müdafiəyə təqdim edilməsinə çalışırdı.
Rafiq Mehdiyev saf əqidəli vətən övladıdır. Onun yüksək vətəndaşlığı, vətənpərvərliyi, gənc nəslin təlim-tərbiyəsində rolu, yetişdirdiyi alimlərə diqqət və qayğısı elmə, milli-mənəvi dəyərlərimizə, vətən torpağına bağlılıqdan qaynaqlanıb.
Rafiq Mehdiyevin tədqiqatlarında müasir dövr­də ətraf mühitin həddindən artıq çirklənməsi ilə bağlı meydana çıxan problemlər, dünya enerji istehsalında 90 faizdən çox payı olan neftdən istehsal edilən karbohidrogen tərkibli yanacaqların mövcud yanma metodunun qüsurları araşdırılır.
Rafiq müəllim 2020-ci ildə mühərrikçi elm adamı kimi elmi-tədqiqat layihəsi hazırlayaraq hökumətə təqdim etmişdir. Bu lahiyələrdən biri “Azərmaş” ASC-nin istehsalı olan Khazar (Xəzər) avtomobilinin Peugeot tipli mühərrikinin “MR-Proses” yanma mexanizmini tətbiq etməklə modernizə edib işlənmiş qazların yüksək ekoloji təmizliyi və az yanacaq sərfi ilə dünya səviyyəsində seçiləcək bir avtomobilin ərsəyə gətirilməsinə həsr edilmişdir. LPG yanacağı ilə işləyən TÜMASAN traktor mühərrikindən fərqli olaraq bu layihədə özəl cüt sorma klapanları, silindr başlığı və sorma kollektoru olan mühərrikin layihələndirilməsi nəzərdə tutulmuşdur.
Mühərrikçi alimin təqdim etdiyi elmi tədqiqat layihələrinin Energetika və İqtisadiyyat nazirliklərində müzakirəsi koronavirus pandemiyasına görə müvəqqəti təxirə salınmışdır. Lakin Rafiq müəllim ümid edir ki, bu bəşəri bəla səngiyəndən sonra bütün dünyanı maraqlandıran və Azərbaycan patenti ilə qorunan yeni mühərrikin layihələndirilməsi və istehsalı ilə əlaqədar çalışmalara başlamaq mümkün olacaqdır. Onun öz sözləri ilə desək, “Bununla həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda qabaqcıl avtomobil sənayesini inkişaf etdirmək arzusu reallaşacaqdır”.
Rafiq müəllim hazırda doğma vətənində - Azərbaycandadır. Uzun illər qardaş Türkiyədə - İstanbul Texniki Universitetində çalışmış, elmə öz mühüm töhfələrini vermişdir. Heç şübhəsiz ki, hamımızın arzusunda olduğumuz doğma torpaqlarımızın - Qarabağın işğaldan azad olunması və hazırda dirçəldilməsi Rafiq müəllimi də çox sevindirir. O çox xoşbəxt adamdır ki, ata ocağı - doğma Cəbrayılın düşmən tapdağından azad olunmasının şahidi olub.
Birmənalı olaraq deyim ki, yaxşılığa, xeyrə xidmət edən insanların əməyi heç vaxt hədər getmir. Müasirləşən və günü-gündən qloballaşan dünyamızda isə insan amilinin rolu nəinki azalır, əksinə, artmağa meyil edir.
Rafiq Mehdiyev, sözün əsl mənasında, insani keyfiyyətlərə malik alim, müdrik ağsaqqal, səmimi dost vəgözəl ailə başçısıdır. Mən ona cansağlığı, uzun ömür və səmərəli fəaliyyətində uğurlar arzu edirəm.


Akademik Ziyad SƏMƏDZADƏ