PORTRET

Ziyad Səmədzadə: ÖMRÜNÜ AZƏRBAYCAN İQTİSADİYYATININ İNKİŞAFINA VƏ TƏRƏQQİSİNƏ HƏSR EDƏN PEŞƏKAR MÜTƏXƏSSİS

  • 30.12.2021

Azərbaycan Respublikasının Auditorlar Palatası Aparatının rəhbəri, ömrünün təxminən 50 ilini ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına həsr etmiş zəhmətlə yüksələn insan, tələbkar istehsalat rəhbəri, bacarıqlı təşkilatçı, qayğıkeş və mehriban iş yoldaşı Qəşəm Hacalı oğlu Bayramovun 70 yaşı tamam olur.

 


 

Bu gün Azərbaycanda bazar infrastrukturları sistemində özünəməxsus yer tutan, milli auditin təşəkkülündə və inkişafında müstəsna xidmətləri olan mütəxəssislərdən biri - Qəşəm Bayramov 1952-ci il yanvarın 3-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur.

Q.Bayramov əmək fəaliyyətinə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil aldıqdan sonra 15 ildən artıq bir müddət ərzində müxtəlif müəssisə və təşkilatlarda məsul rəhbər vəzifələrdə çalışmaqla başlamışdır.

Şərəfli əmək fəaliyyətinin sonrakı illəri isə ölkədə audit sisteminin təşəkkülü və inkişafı ilə birbaşa bağlı olmuşdur: Q.Bayramov 1993-1996-cı illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin «Azəraudit» Mərkəzində auditor və şöbə rəisi vəzifələrində, 1996-cı ildən etibarən isə Azərbaycan Respublikası Auditorlar Palatasının məsul rəhbərlərindən biri kimi fəaliyyət göstərərək, ölkəmizdə auditin fəal qurucularından olmuşdur. Zəngin həyat təcrübəsi, idarəetmə bacarığı və nəcib insani keyfiyyətləri ölkənin audit sistemində işlərin düzgün qurulmasına, beynəlxalq audit təcrübəsinin tətbiqinin genişləndirilməsinə, Palata əməkdaşları və auditorlar arasında mehriban münasibətlərin bərqərar olmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir. Q.Bayramov rəsmiyyətlə səmimiyyəti, tələbkarlıqla qayğıkeşliyi bacarıqla uzlaşdırır və məhz bunun sayəsində Azərbaycan auditorları ailəsində daim mehriban münasibətlərin, sağlam işgüzarlıq mühitinin hökm sürməsinə şəxsi töhfəsini indi də verməkdədir. O, 1996-cı, 2001-ci və 2006-cı illərdə Auditorlar Palatasından auditor xidməti göstərilməsinə icazə verən lisenziyalar və «SMEC» şirkətindən «Maliyyə menecmenti» üzrə, 1997-ci ildə TASİS proqramı üzrə «Mühasibat uçotunun beynəlxalq prinsipləri və auditin texnikası», 1998-ci ildə Almaniyada «Müflisləşmənin konstruksiyası və texnikası», 2000-ci ildə Çində ASOSAI proqramı üzrə «Sosial müdafiənin auditi», 2002-ci ildə Avstriyada «Ali audit qurumlarının kənd təsərrüfatının auditində rolu», 2007-ci ildə Hollandiyada «Peşəkar təhsil üzrə ixtisasartırma» mövzularında kursları bitirməklə və 2014-cü ildə Honq-Konq Daxili Auditorlar İnstitutunun və 2015-ci ildə Avropa Mühasiblər və Auditorlar Federasiyasının təşkil etdiyi konfranslarda iştirak edərək, müvafiq beynəlxalq sertifikatlar almışdır.

Q.Bayramov Azərbaycanda auditin normativ hüquqi bazasının formalaşdırılması, metodik-texniki təminatı üzrə işlərdə də yaxından iştirak edir. Ali məktəblər üçün «Audit» dərs vəsaitinin, «Azərbaycanın Milli Audit Standartları»nın, «Audit. Qanunvericilik və normativ sənədlər» toplusunun, «Auditorların Müstəqillik Qaydaları»nın, «Auditorların Peşə Etikası Məcəlləsi»nin, «Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)» və «Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyasının (2021-2030-cu illər)», habelə onlarca metodik vəsaitin – proqramların, təlimat və qaydaların, məqalə müəlliflərindən və çıxış edənlərdən biri kimi, ölkədə auditor xidmətinin təşkilinin təkmilləşdirilməsinə və tənzimlənməsinə yönəlmiş çoxlu maraqlı təkliflər irəli sürmüşdür. Məhz nümunəvi və işgüzar fəaliyyətinə görə Q.Bayramov dəfələrlə mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 15 ilik yubileyi münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda auditor xidmətinin inkişafındakı xidmətlərinə görə bir qrup Palata əməkdaşlarının və üzvlərinin «Tərəqqi» medalı ilə təltif edilməsi ilə əlaqədar 2011-ci il 15 sentyabr tarixli Sərəncamında onun da xidmətləri dövlətimizin başçısı tərəfindən nəzərə alınmış və həmin Sərəncamda adının olması öz yaxınlarını sevindirdiyi kimi, Palatanın kollektivinin də böyük sevincinə səbəb olmuşdur. Son illərdə isə Q.Bayramov auditor xidmətinin inkişafındakı fəaliyyətinə görə Auditorlar Palatası Şurasının qərarına əsasən «Fəxri auditor» döş nişanı ilə təltif olunmuşdur. O, həmçinin auditorların və mühasiblərin beynəlxalq və regional qurumlarının keçirdiyi müxtəlif tədbirlərin dəfələrlə iştirakçısı olaraq, hər yerdə ölkəmizi ləyaqətlə təmsil etmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəməmişdir. Əqidəsi möhkəm, mənəviyyatı saf, davranışı sadə, təvazökar və təmənnasız olan Qəşəm müəllim öz prinsipiallığı, vətəndaş mövqeyi, milli qeyrəti yüksək olan bir Azərbaycan övladıdır. O, dövlətinə, millətinə, xalqına və torpağına sadiq olmaqla, ulu öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başladığı əmək fəaliyyətindən daim fərəhlə danışır və bu gün həmin siyasətin uğurlu davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin yüksələn dinamika ilə artan iqtisadi reallıqlarına, uğurlarına daim sevinməklə bərabər, Yeni Azərbaycan Partiyasının üzvü kimi ictimai-siyasi proseslərdə də fəal iştirak edir.

Qəşəm müəllimin insani keyfiyyətləri onun iş, peşəkarlıq keyfiyyətlərinin birbaşa davamıdır: o, tələbkar istehsalat rəhbəri və mehriban, qayğıkeş yoldaşdır, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran xoşrəftar insan və xalqımıza xas olan gözəl ailə başçısıdır: 4 övladı və 1 nəvəsi vardır.

Ömür yolunun 70-ci pilləsini arxada qoyduğu bu yeni 2022-ci ilin mübarək başlanğıcında Q.Bayramovu – Azərbaycan auditorları ailəsinin sevimli üzvlərindən və ağsaqqallarından birini, milli audit sisteminin qurucuları sırasında layiqli yeri olan qayğıkeş və tələbkar iş yoldaşımızı, Azərbaycan Respublikası Auditorlar Palatasının Aparat rəhbərini Palatanın rəhbərliyi, kollektivi və üzvləri adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, şəxsi həyatda və əmək fəaliyyətində yeni-yeni uğurlar, bitib-tükənməyən enerji və sevincli anlar arzulayırıq.

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor

 

Səbuhi GÜLMƏMMƏDOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının icraçı direktoru