PORTRET

Ritmə əliylə yox, ruhuyla can verən sənətkar

  • 06.01.2022

Sənəti də özü kimi təkrarsız idi...

Ərəbcə “nəqarə” sözündən götürülən “nağara” sözünün mənası döyəcləmək, vurmaq deməkdir. Nağara Azərbaycanın qədim və dəyərli milli zərb alətlərindəndir. Nağaraya verilən dəyərin nəticəsidir ki, onun sədaları altında adətən cəngavərlər döyüşə yollanır, düşmən üzərinə hücuma keçirdilər. Bu musiqi alətinin səsi bir növ onları qələbəyə ruhlandırır, zəfərə kökləyirdi. Həmçinin, nağara toylarda, insanların ən xoş günlərində onları müşayiət edən musiqi alətlərindəndir. Bütün bunlar isə onu göstərir ki, nağara Azərbaycanın musiqi mədəniyyəti tarixində ən qədim və xüsusi yeri olan ritm alətlərindəndir.

Hər musiqidə nəqarət deyilən bir hissə var ki, burada eyni notlar təkrar olunur. Hər nağara ifaçısı bu təkrar hissəni ifa etməyi bacarsa da, onu təkrarsız şəkildə təqdim etməyə yalnız xüsusi ifaçılar qadirdirlər. Azərbaycanın da çox bacarıqlı, el arasında dərin hörmət və nüfuz sahibi olan mahir nağara ifaçıları olmuşdur və indi də var. Bunlardan biri də sənətinə böyük eşqlə bağlı olan, onu tanıyan, sənətinə bələd hər kəs tərəfindən sevilib-seçilən, böyük hörmət və nüfuza sahib sənətkarlardan biri Gülağa Quliyev idi.
Gülağa Ağaəli oğlu Quliyev 1958-ci il sentyabrın 8-də Bakının qədim Buzovna kəndində dünyaya gəlib. O, 1966-cı ildə birinci sinfə gedib. 1976-cı ildə orta təhsilini başa vurduqdan sonra 1975-ci ildə Buzovnadakı 19 saylı uşaq musiqi məktəbinin nağara sinfini bitirib. Burada onun ixtisas müəllimi Ağası Əliyev olub.
Gülağa Quliyev 1976-1978-ci illərdə Sovet ordusunda xidmət edib. Əsgərliyə qədər qoşanağara ifaçısı olaraq, o, Baba Mirzəyevin dəstəsində mahir nağaraçalan Nizami Paşayevlə birlikdə çalışıb. Həmçinin nağara ifaçısı Böyükağa və usta klarnet ifaçısı Elşad Cabbarovla birlikdə toylarda ifa edib. Əsgərlikdən sonra sənətinə daha ciddi şəkildə diqqət ayıran Gülağa Quliyev istər Buzovna, istərsə də digər kəndlərin musiqiçiləri ilə toylarda ad-san qazanıb.
Zamanla şöhrəti ətrafa yayılan Gülağa Quliyevi sonradan nümunəvi nağara ifaçısı kimi “Hümayun” ansamblına dəvət ediblər. O, 1983-1988-ci illərdə bu ansamblda fəaliyyət göstərərək, çoxsaylı dövlət səviyyəli konsertlərdə iştirak edib, maraqlı solo ifalar nümayiş etdirib. O, bu ansamblla birlikdə Moskva və Daşkənddə keçirilən Azərbaycan mədəniyyəti günlərində də öz ifası ilə çıxış edib.
Gülağa Quliyev 1991-ci ildən Binə qəsəbəsindəki 24 saylı uşaq musiqi məktəbinin (hazırda 11 illik məktəb) nağara sinfində dərs deyib. O, “Azərneftyağ” İstehsalat Birliyinin nəzdində yaradılan “Neftçi” mahnı və rəqs ansamblında 2000-2010-cu illərdə fəaliyyət göstərib. Bu ansamblın H.Əliyev və Gülüstan sarayında, Dövlət Filarmoniyasında, əyalətlərdə, Moskvada konsertləri olub. Hətta onun mahir bacarığına, zəngin sənətinə dəyər verərək, “Azərneftyağ”ın həmin dövrdəki rəhbəri Ramiz Mirzəyev Gülağa Quliyevə “Jiquli” markalı avtomobil bağışlayıb.
Son illərdə Gülağa Quliyev bir çox televiziya kanallarına qonaq kimi dəvət olunur, öz ifası ilə hər kəsi heyran qoyurdu. O, vətəndən kənarda da toylara, yubiley və ad günlərinə dəvətlər alırdı. Bütün bunlar isə onu göstərir ki, Gülağa Quliyev yalnız Azərbaycanda deyil, onun hüdudlarından çox-çox kənarlarda belə öz ifası ilə insanların qəlbini fəth etməyi, nağaranın dili ilə insanların qulaqlarına, ürəklərinə onların istədiyi musiqinin dili ilə xitab etməyi bacarmışdı.
Nağarada ifa onun yalnız sənəti deyildi, ritm sanki onun canının bir parçası, qanı, aldığı nəfəsi, bitməyən həvəsi, yaşam tərzi və bütün varlığı idi. Nağara çalarkən onun yalnız əlləri yox, bütün vücudu ifa etdiyi ritmə köklənirdi. Gülağa Quliyev unikal sənət sahibi, nadir ritm ustası olaraq hamı tərəfindən sevilir, qəbul olunurdu. Sənətinə olan böyük eşqi ifa zamanı onu tamamilə fərqli, sehirli bir aləmə aparırdı sanki… Hətta sənətinə olan böyük sevgisindən idi ki, o, çıxışlarının birində nağaranı həyatı adlandırır, onsuz yaşamağın mümkünsüz olduğunu qeyd edirdi. “Xəstlənsəm, musiqinin, ritmin səsi məni sağaldar” deyirdi.
Gülağa Quliyev bir çox dəyərli sənətkarlarla da tərəf müqabili olub. O, Avtandil İsrafilov, Xanlar Cəfərov, Hacı Həmidoğlu, Hakim Abdullayev, Elman Namazoğlu, Dadaş Dadaşov kimi məşhur, dəyərli sənətkarların ifasına, melodiyalarına uyğun ritmlər ərsəyə gətirərək, nadir solo ifaları ilə seçilməyi bacarırdı. Bunu mahir nağara ifaçısının müasirləri, onu tanıyanların sözləri də təsdiqləyir.
Ustad nağara ifaçısı Heybət Babayev onun haqqında bu fikirləri dilə gətirir: “Gülağa çox böyük sənətkar, sadə, gözəl insan, keçib gəldiyi sənət yolunu, yoldaşlıq etdiyi insanları unutmayan biri idi. Toylarda rastlaşdığımız zaman dərhal mənə tərəf gəlib görüşər, səmimi hal-əhval tutar və yanımızdakılara deyərdi ki, mən Heybət müəllimin yanında qoşanağaraçalan olmuşam. Bu, onun sadə qəlbli olması və səmimiyyətindən irəli gəlirdi. Tanınıb məşhurlaşdığı dövrdə də o, heç vaxt özünü öymədi”.
Gülağa Quliyevin əlində nağara dinib, danışır, sanki hikmətli kəlamlar söyləyirdi. Oğlunun toyuna Gülağa Quliyevi çağıran tarzən-pedaqoq, uzun illər mahir gitara ifaçısı kimi toylarda, konsertlərdə çıxış etmiş Rasim Bəyləroğlu onun haqqında bu sözləri deyir: “Gülağa toyda bir möcüzə yaratdı ki, gəl görəsən… Qonaqlar ayaq üstə durub onu alqışlayırdılar”.
Bəlkə də öz nağara ifası, ritmlərilə o, öz pak ürəyini açıb insanlar qarşısında sərgiləyir, qəlbindəki odu-alovu paylaşırdı və insanlara müsbət enerji bəxş edirdi. O, qarşısına not qoyub çalmasa da, hər bir ritminin ölçüsü, meyarı, dəqiqliyi var idi. Bu dəqiq, ölçülü-biçili ritmlər onun beynindən ürəyinə axır, oradan barmaqlarına süzülür və nağaranın dərisi üzərində dəqiq notlarla izhar olunurdu. Bu ecazkar bir işdir, unikal ifadır və canında, tərkibində sirr, sehir hökm sürürdü. Ona görə də Gülağa Quliyev kimi sənətkarların ifası milli sərvətimizdir desək, düşünürəm ki, yanılmarıq.
Gülağa Quliyev həm də çox əliaçıq və səxavətli adam idi. Deyirlər ki, o, şəhər toylarından Buzovnaya, evinə çatana qədər qazandığının böyük hissəsini yollarda rast gəldiyi ehtiyac sahibi insanlara xərcləyirdi. Bəli, bu, doğrudan da, belə idi. Hətta onun dəfn mərasimində iştirak edənlərin sözlərinə görə, yaşadığı məhəllənin süpürgəçisi işləyən qadın ağlayaraq, “o, hər dəfə məni görəndə xərclik verirdi” deyib.
Sadəliyi, əxlaq-tərbiyəsi, mehribanlığı, səmimiliyi onu bir insan kimi ayrı-ayrı şəxslərin və bütövlükdə cəmiyyətin gözündə ucaltmışdı. Hətta o, öz toyunda Buzovnaya şəhid gətirildiyi üçün çalğını saxlatmışdı.
O, Buzovna camaatının fəxrinə çev­rilmişdi, xeyli dostlar qazanmış­dı. Bunlar arasında musiqiçilərdən Böyükağa, Elşad, Aydın Bədəlbəyli, Malik Paşayev, Dadaş (Etibar) Dadaşov, Hamlet Hacımirzəyev, Camaləddin Dadaşov, Rafiq Balabəyov, Məşədi Məmməd və başqalarının adlarını çəkmək olar.
G.Quliyev ömrünün sonuna yaxın səhhəti ilə bağlı çətin günlər yaşayıb, 2021-ci ildə 63 yaşında sənətinin və həyatının ən gözəl dövründə, ən samballı vaxtında dünyasını dəyişib. Uzun müddət ürək-damar xəstəliyindən əziyyət çəkən sənətkarın ölümü ritm aləmi, milli musiqi sevərlər, yaxınları, onu tanıyanlar üçün ağır itki idi.
Onun dəfn mərasimi də izdihamlı olub. Mərasimə bütünlükdə Buzovna camaatı, Bakının hər yerindən musiqiçilər, onu tanıyanlar, sevənlər gəlib. Axı özünə böyük rəğbət qazanan, heç kəsin qəlbinə dəyməyən, kimsəni incitməyən, hamıya hörmət edən bir insan son mənzilə sakitcə yola salına bilməzdi...
Artıq o, yoxdur, lakin tarixdədir, hər bir ifası ilə silinməz izlər qoyub. Onun zəngin irsi, ölməz sənəti izlənilir, sevilir və dəyərləndirilir. Bu dəyərli, sevimli sənət, zəngin irsdən dünən öyrənənlər çox idi, bu gün də var, sabah da olacaq. Ustad sənətkarın yolunu davam etdirən layiqli davamçıları var.
Ruhun şad olsun, böyük sənətkar, xeyirxah insan! Sən ömrünü xalqın musiqi mədəniyyətinə və toy-büsatına sərf etdin. Sənətinin halal ruzisi ilə yaşadın. Sənətini varlığında bütün ruhunla yaşayan, özündən sonra isə yaşatmağı bacaran sənətkarlardan oldun.
Allah rəhmət eləsin…

Mətanət Hüseynova