PORTRET

Akademik Pərviz Məmmədov - 85

  • 13.01.2022

Bu günlərdə Azərbaycanın görkəmli geofizik alimi, akademik Pərviz Məmmədovun 85 yaşı tamam olur.

Yer elmləri sahəsində görkəmli alim, təcrübəli pedaqoq, Azərbaycan Milli Elmlər Akademiyasının və Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft Akademiyasının geofiziki, “Kəşfiyyat üsulları” kafedrasının müdiri Pərviz Ziya oğlu Məmmədov  1937-ci ilin yanvar ayının 12-də Bakı şəhərində anadan olmuşdur.

O, 1954-cü ildə Bakı şəhəri 31 saylı orta məktəbi gümüş medalla bitirmiş və Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. İnstitutu 1959-cu ildə mühəndis-geofizik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1968-ci illərdə ÜET Geofizika İnstitutunun Azərbaycan filialında geofiziki partiyalarda və seysmik kəşfiyyat laboratoriyasında mühəndis və elmi işçi vəzifələrində işləmişdir. 1961-1965-ci illərdə AzSİ-nin qiyabi aspirantı olmuşdur. Elmi fəaliyyətinin ilk illərində seysmik dalğa sahələrinin nazik laylı kəsilişlərdə modelləşməsi, dalğaların dinamiki xassələrinin öyrənilməsi, mütəmadi davamlı seysmik horizontların izlənmə metodikasının işlənməsi ilə məşğul olmuşdur. Bu metodikanın tətbiqi nəticəsində Azərbaycanda ilk dəfə bir neçə seysmik horizont izlənmiş və məhsuldar qatın pazlaşma zonası dəqiqləşmişdir. Pərviz Məmmədov bu tədqiqatların nəticələri əsasında namizədlik dissertasiyası müdafiə etmişdir.

Pərviz Məmmədov 1968-ci ildən ADNA-da “Geofizika” kafedrasında dosent, professor, kafedra müdiri (1991-ci ildən), elmi işlər üzrə prorektor (1992-1993) və rektor (1993-1997) vəzifələrində çalışmışdır. 1972-76-cı illərdə P.Məmmədov Əlcəzair Neft İnstitutunda professor və geofizika sektorunun müdiri vəzifəsində çalışmış, tədris-metodiki şuranın sədri olmuşdur.

 P.Məmmədov beynəlxalq aləmdə tanınmış geofizik alimdir. O, geofizikada ilk dəfə seysmik dalğaların spektral analizinin geoloji effektliyini tədqiq etmiş, keçmiş SSRİ-də dalğaların dinamik xassələrinin geofiziki interpretasiyada səmərəsini əsaslandıran ilk tədqiqatçılardandır. 1980-1990-cı illərdə neftli-qazlı çöküntüləri aşkarlamaq imkanı verən «Seysmostratiqrafiya» üsulunun inkişafında və Cənubi Xəzər dibinin və çöküntü qatının öyrənilməsində onun elmi nailiyyətləri istər keçmiş SSRİ məkanında, istərsə də ABŞ və Avropa geofizikləri tərəfindən yüksək qiymətləndirilmişdir. O, Cənubi Xəzər meqaçökəkliyinin iyerarxiyasını öyrənmiş, dənizdə bir neçə qeyri-antiklinal tipli neft-qaz yatağı aşkarlamış və istehsalata tövsiyə etmiş, bir sıra xarici şirkətlərin sifarişilə elmi tədqiqatlar aparmışdır. Beynəlxalq elmi layihələr üzrə (INTAS, CRDF, MEBE-Orta Şərq hövzələrinin evolyusiyası və DARIUS) elmi tədqiqatların rəhbəri və icraçısı olmuşdur.

P.Məmmədov elmi-pedaqoji fəaliyyətlə yanaşı, elmi-təşkilati və ictimai işlərlə də fəal məşğul olur, 4 elmi jurnalın redaksiya heyətlərinin üzvüdür. Amerika-Azərbaycan Elmin İnkişafı Fondunun (CRDF), ARDNŞ-nin Elm Fondunun eksperti, AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın Geologiya və Geofizika İnstitutu nəzdindəki dissertasiya şurasının sədr müavini, ADNA-da Magistr İxtisaslaşmış Şurasının sədridir.

P.Məmmədov Beynəlxalq Geofizika Cəmiyyətinin (SEG), Amerika Neftçi-Geoloqlar Assosiasiyasının (AAPG) və Avropa Geoelmləri Mühəndisləri Assosiasiyasınm (EAGE) üzvü, eləcə də Beynəlxalq Mühəndislər Akademiyasının (Rusiya) müxbir üzvüdür.

Professor P.Məmmədov neft-qaz yataqlarının axtarışında səmərəli seysmik stratiqrafiya üsulunu Azərbaycanda ilk dəfə tətbiq etmiş alimdir. 1981-ci ildən CXMÇ struktur xüsusiyyətlərinin bu üsul ilə öyrənilməsilə məşğuldur. SSRİ EA-nın Yer Fizikası, Geologiya və Okeanologiya İnstitutlarının və ÜET Geofizika İnstitutunun alimlərilə birlikdə bu üsulun inkişafı və tətbiqi üçün çox iş görmüş, elmi konfrans və seminarların təşkilində fəal iştirak etmişdir. 1985-91-ci illərdə SSRİ EA nəzdində seysmostratiqrafiya komissiyasının üzvü olmuş və "Sediment" layihəsində iştirak etmişdir. Tanınmış jurnallarda və toplularda P.Məmmədovun sedimentasiya modellərinə, çöküntü komplekslərinin seysmostratiqrafik ierarxiyasına, uyğunsuzluq səthlərinin izlənmə metodikasına, dalğa yaradan obyektlərin fiziki və geoloji təbiətinin tətbiqinə, CXMÇ-nin regional seysmostratiqrafiyasına, neftli-qazlı məhsuldar qatın öyrənilməsinə, qeyri-antiklinal tipli tələlərin aşkarlanmasına həsr olunmuş məqalələri ölkənin elmi ictimaiyyəti və xarici neft şirkətlərinin mütəxəssisləri arasında ona hörmət qazandırmışdır. Bu tədqiqatların nəticələri onun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir (1991-ci il).

Yüksək elmi nailiyyətlərinə görə 1994-cü ildə P.Məmmədov Kembric Bioqrafiya Mərkəzi (Böyük Britaniya) tərəfindən "Men of achievment" (uğurlu adam) fəxri adına layiq görülmüşdür. 1996-cı ildə Beynəlxalq Mühəndislər Akademiyasının, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Professor P.Məmmədov Azərbaycan elmini dəfələrlə beynəlxalq aləmdə təmsil etmiş və ABŞ, İngiltərə, Almaniya, Avstriya, İsveçrə, Norveç və s. ölkələrdə keçirilən beynəlxalq geoloji, geofiziki və neft konqreslərində və simpoziumlarında məruzələrlə iştirak etmişdir, fəxri fərman və mükafatlara layiq görülmüşdür.

P.Məmmədov 240-dan artıq elmi əsərin (məqalə, monoqrafiya, atlas və s.), geofizika ixtisası üzrə bir çox dərslik, dərs vəsaiti, tədris-metodiki işlərin müəllifdir. İndiyədək 10 elmlər namizədi (onlardan 5-i əcnəbi), 20 magistr hazırlamış, 3 elmlər doktorunun məsləhətçisi olmuş, yüzlərlə mühəndis-geofizik və bakalavr yetişdirmişdir ki, onlar dünyanın bir çox ölkələrində çalışırlar. Onun əsərlərinə yerli və xarici jurnallarda çoxlu sayda istinad olunur.

Pərviz müəllim missiyasını şərəflə, məsuliyyətlə daşımışdır. Səmərəli və qüsursuz elmi-pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin və Milli Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif olunmuşdur. Professor Pərviz Məmmədov elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai işlərlə də çox fəal məşğul olur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti (1994-2003), keçmiş SSRİ Elmlər Akademiyası yanında "Seysmostratiqrafiya" komissiyasının üzvü (1984-1991), "Neft və qaz" (Ali məktəblərin xəbərləri) jurnalının redaktoru (1993-1997), "AMEA Xəbərləri (Yer Elmləri)", "Azərbaycan Neft Təsərrüfatı" və "Geofizika yenilikləri" jurnallarının redaksiya heyətinin üzvü, Milli Geofizika Cəmiyyətinin vitse-prezidenti (1994-2002), Amerika Elmin İnkişafı Fondunun (CRDF) eksperti, Azərbaycan Milli Ensiklopediyasının resenzenti, AMEA "Yer Elmləri" bölməsi nəzdində elmi tədqiqatların Koordinasiya Şurasının sədr müavini, ADNA-da və Geologiya İnstitutunda fəaliyyət göstərən ixtisaslaşma şuralarının üzvü və Kəşfiyyat Geofizikası üzrə magistr adı verən ixtisaslaşmış elmi şuranın sədri kimi fəaliyyət göstərir. Pərviz müəllim yeni, qabaqcıl elmi nailiyyətləri təbliğ və tətbiq edən alimdir. O, ölkədə ilk dəfə interpretasiya prosesində dalğaların dinamik parametrlərindən istifadə etmiş, spektral analiz və sintezin proqramlarını hazırlamış, mütərəqqi metod-seysmostratiqrafiyanın geosinklinal-qırışıq zonalarında tətbiqinin elmi-nəzəri əsaslarını işləmişdir. O, Azərbaycanın mürəkkəb geoloji sahələrində seysmik horizontların izlənmə metodikasının həmmüəlliflərindən biridir. O, keçmiş SSRİ-də seysmostratiqrafiyanın tətbiqinə həsr olunmuş ilk doktorluq dissertasiyasını müdafiə etmişdir. Məşhur alimlər V.E.Xain, N.Y.Kunin, İ.A.Muşin, A.K.Urupov onun bu işini yüksək dəyərləndirmiş və neft geologiyasına və geofizikasına böyük töhfə, yeni elmi-metodiki əsasla regionlararası ümumiləşdirmə kimi qiymətləndirmişlər.

Son illərdə P.Məmmədov Cənubi Xəzərin dərinlik quruluşu, geodinamikası və inkişaf mərhələlərini öyrənməklə məşğuldur. O, karbohidrogenlərin yaranması, miqrasiyası və akkumulyasiyası problemlərinin kristallik bünövrənin tipi və yaşı, geodinamikası ilə əlaqələrini aydınlaşdırmağa çalışır. Seysmik kəsilişlərdə strukturların və geoloji cisimlərin genezisi, qeyri-antiklinal strukturların təsnifatı və s. aktual məsələlərin tədqiqi ilə məşğuldur. Bu tədqiqatların nəticələri onun son illərdə çap etdirdiyi məqalələrdə və beynəlxalq konfranslarda (Helsinki, Leypsiq, Vyana, London, Paris, Madrid, Hyüston) etdiyi məruzələrdə öz əksini tapmışdır.

P.Məmmədovun səmərəli elmi-pedaqoji fəaliyyətinə görə adı 2005-ci ildə Avrasiya Geofiziklər Assosiasiyasının qərarı ilə geofizika elminin inkişafında nailiyyətlərinə görə “Rusiyanın  görkəmli geofizikləri” ensiklopediyasına salınmışdır. O, ilk azərbaycanlı alim olaraq 2010-cu ildə “Görkəmli geofizik S.Q.Komarov” adına medal ilə təltif olunmuşdur. 2016-cı ildə Azərbaycan ərazisində Yer qabığının geoloji dərinlik quruluşunun geofiziki üsullarla öyrənilməsi istiqamətində əldə etdiyi fundamental nəticələrə və uzunmüddətli pedaqoji fəaliyyətinə görə AMEA-nın akademik Musa Əliyev adına mükafatına layiq görülmüşdür.

2014-cü ildən AMEA-nın həqiqi üzvü-akademik,  2016-cı ildən Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür.

Professor Pərviz Məmmədov mənəvi keyfiyyətləri, fəal vətəndaş mövqeyi, prinsipiallığı ilə fərqlənən sadə insan, müdrik el ağsaqqalıdır.  Uzunmüddətli qüsursuz elmi-pedaqoji fəaliyyəti və zəngin dünyagörüşü  ilə ölkənin elmi ictimaiyyəti arasında böyük hörmət qazanmışdır. Görkəmli alimi 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun ömür və möhkəm cansağlığı arzu edirik.

 

 “İQTİSADİYYAT” qəzeti