Fatma Səttarova 100 - Vətənə hədsiz sevgi, qələbəyə sonsuz inam və əsl mərdlik nümunəsi
Fatma Səttarova, 100 yaşın mübarək!
Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Artıq üzərindən 70 ildən çox bir müddət keçsə də, xalqımız hər il 9 may tarixini faşizm üzərində Qələbə günü kimi təntənəli surətdə qeyd edir. Haqqı da var. Çünki bu qələbədə yüzlərlə, minlərlə həmvətənlərimizin, Azərbaycanın mərd övladlarının böyük rolu var, onlar bu Qələbə naminə canlarından-qanlarından keçiblər, doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq, həm də doğma torpağımızı qoruyublar. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, amansız döyüşlərdə onların göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə mübarizə aparanların əmək rəşadəti bu gün hamı üçün əvəzsiz və qiymətli örnəkdir.
Müharibə illərində Bakı Sovet İttifaqı ordusunu, bütövlükdə ölkəni yanacaq, sürtkü yağları və digər materiallarla təmin edən əsas təchizatçı idi.
Ölkədə işlədilən yanacağın 70 faizdən çoxunu Azərbaycan neftçiləri istehsal edirdi. Müharibənin birinci ilində 23,5 milyon ton neft göndərildi. Bütövlükdə, Böyük Vətən müharibəsi illərində ölkənin və ordunun ehtiyacları üçün 75 milyon ton neft yollanıldı.
“Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” - şüarı ilə çalışan Azərbaycan neftçiləri 160 dəfə Dövlət Müdafiə Komitəsinin, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının və SSRİ Neft Sənayesi Xalq Komissarlığının keçici Qırmızı Bayrağını aldı. Bu da həmin dövrdə çəkilən zəhmətin ən yüksək səviyyədə qiymətləndirilməsi idi.
Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında uzun-uzadı, günlərlə, hətta aylarla danışmaq olar. Lakin onun canlı örnəyini göstərmək min sözü əvəz edəcək qədər dəyərli, əvəzedilməzdir. Gəncliyini faşizmə qarşı ağır döyüş cəbhələrində, mübarizələrdə keçirmiş, Leninqrad mühasirəsindən sağ çıxmağı bacarmış, hərbi zavodlarda çalışmış, hospitallarda yaralıları xilas etmiş müharibə veteranı – 100 yaşını bu il qeyd edən Fatma Səttarova məhz müharibənin canlı örnəyi, həmin dövrün qaynar xatirələri ilə bir növ qiymətli xəzinədir.
Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib. Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda, 1941-ci ildə - 18 yaşında könüllü surətdə İkinci Dünya müharibəsinə tibb bacısı olaraq yollanıb. 1940-cı ildə Bakıda Tibb Texnikumundan yenicə məzun olmuş, 1941-ci ilin yanvarında ailə həyatı qurmuşdu. Beş ay sonra isə İkinci Dünya müharibəsi başlayır. Beləliklə, onun həyatı tamamilə dəyişir.
İyunun 22-də faşist Almaniyasının Sovet İttifaqına hücum etməsi elan olunur. O vaxt Fatma xanım həyat yoldaşı Məhəmmədlə birlikdə hərbi komissarlığa gəlib, könüllü cəbhəyə getmək istədiklərini deyirlər. Fatma Səttarova cəbhəyə gedəndə həyat yoldaşı Pyotr Montin adına Maşınqayırma Zavodunun direktoru idi. Müharibə başlayanda bu zavod profilini dəyişərək hərbi təyinatlı silah-sursat istehsalına keçmişdi. Ona görə də Məhəmməd Səttarov Bakıda qalmalı olur, Fatma xanım isə şəfqət bacısı kimi cəbhəyə yollanır.
Cəbhədə keçirdiyi günləri xatırlarkən F.Səttarova müharibənin çox dəhşətli, bunların yaşanmadan başa düşülməsinin çətin olduğunu bildirir: “Müharibəyə gedəndə çox gənc idim, lakin orada çoxsaylı ölümlərin şahidi oldum. Bunları xatırlamaq çox çətindir, cəbhə yollarını, ağır xəsarət almış əsgərləri artilleriyanın atəşləri altında döyüş meydanından çıxarmağımızı, hərbi hospitallardakı günləri unutmaq mümkün deyil. O vaxtdan neçə illər keçsə də, müharibəni unutmaq olmaz. O zamanlar hər kəs onun qarşısında doğma Vətəni düşməndən müdafiə etmək vəzifəsi dayandığını bilirdi”.
Müharibənin dəhşətlərini xatırlayaraq, iliyinə qədər onu yenidən hiss etsə də, şərəfli ömür yolu Fatma xanımı həm də qürurlandırır. Yaşadığı çətinlikləri bu gün artıq hüznlə deyil, qələbəni yaşamış və bunda payı olan bir qəhrəman kimi danışır: “Səngərdə idim. Yaralının başını sarıyırdım. Uzaqdan kiminsə “ana, ana” deyə iniltisini eşitdim. Səngərdən ayrılıb 50 metr irəli getdim ki, çuxurun içində ağır yaralı var. Dedim haradansan, “Bakıdanam” deyə cavab verdi. Bombardman nəticəsində ağır yaralanmışdı, al-qan içərisində idi. Onun yarasını bağlayıb yenidən səngərə qayıtdım. Gördüm faşistlərin tankı olduğumuz səngərə yaxınlaşır. Yaralı əsgərlə birlikdə yerə yatdıq, alman tankı səngərin üstündən keçdi. Daşları başımıza tökə-tökə…”
O vaxt almanlar Leninqradı mühasirəyə aldıqları zaman F.Səttarova ordu ilə birgə Ladoqa gölü ilə hərəkət edərək, şəhərə daxil olmağı bacarmışdı. O, alman təyyarələrinin hər tərəfi bombaladığı bir zamanda dörd ay yarım mühasirədə qalan Leninqraddan o biri sahilə Ladoqa gölü üzərində salınmış “Həyat yolu” körpüsü ilə ərzaq, dava-dərman daşınmasında mühüm rol oynamış, Leninqradın mühasirəsi günlərində dəfələrlə ölümlə üzləşmişdir. Sovet ordusu blokadanı açdıqdan sonra təcrübəli tibb bacısı yaralıların gəmilərlə Ladoqa gölü vasitəsilə Leninqraddan çıxarılmasında da əvəzsiz xidmətlər nümayiş etdirib. Buradan Stalinqrad cəbhəsinə göndərilən F.Səttarova sovet ordusu ilə birlikdə Berlinə qədər gedib. Lakin Macarıstana çatdığı zaman ayağından və qolundan qəlpə yarası alır və 1945-ci ilin fevralında Tibbi Komissiyanın qərarı ilə ordudan tərxis olunub Bakıya qayıdır. Bundan cəmi üç ay sonra - mayın 9-da isə sovet ordusu faşizm üzərində qələbə qazanır və Berlində Reyxstaq üzərində Qələbə bayrağı sancılır. Bu anları xatırladıqda Fatma xanımın xəyalları yenə o illərin təəssüratlarına qərq olur və gözləri bir daha ilk dəfə o hissi yaşayırcasına sevinc yaşları ilə dolur.
İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanı bütün Azərbaycan ictimaiyyəti və xalqı tanıyır. O, bir ziyalı kimi bu gün də ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxından və fəal iştirak edir. Müharibə illərində çox əzab-əziyyət çəkən F.Səttarova, müharibədən sonra həm də ali təhsil alıb - Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib, müxtəlif vəzifələrdə çalışıb. Uzun illər dövlət qurumlarında çalışıb, səmərəli fəaliyyəti ilə daim seçilib. Onun 4 övlad, 11 nəvə, 25 nəticəsi var.
Fatma Səttarova müharibə və əmək veteranı kimi hazırda Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edir, gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində biliyini əsirgəmir. Tez-tez cəbhə bölgələrində olur, əsgərlərlə görüşür, Azərbaycanı MDB ölkələrində İkinci Dünya müharibəsi ilə bağlı keçirilən tədbirlərdə layiqincə təmsil edir, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayır. 2021-ci ilin fevral ayından Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır.
Ölkəmizdə Fatma Səttarovanın timsalında bütün veteranlara çox böyük dövlət dəstəyi və qayğısı var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərilən diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Veteranların sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, müasir reabilitasiya vasitələri ilə təminatı, həmçinin yubileylərinin ölkədə təntənə ilə qeyd olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Veteran təşkilatları yerli dövlət hakimiyyət orqanları ilə birgə ali və orta ixtisas təhsili müəssisələrində, ümumtəhsil məktəblərində, hərbi hissələrdə, hərbi məktəblərdə, müəssisələrdə, idarələrdə, təşkilatlarda müntəzəm surətdə müxtəlif tədbirlər, elmi konfranslar, veteranlarla görüşlər, sərgilər, xatirə gecələri və s. kimi tədbirlər keçirir. Belə tədbirlərə respublikanın tanınmış ziyalıları, alimlər, 1941-1945-ci illərin Böyük Vətən müharibəsi veteranları dəvət olunurlar.
Yüksək səviyyədə keçirilən bu tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Düşmən üzərində qələbədən sonra respublikada zəhmətkeşlərin, gənclərin, məktəblilərin, həlak olmuş, itkin düşmüş əsgərlərin axtarışları ilə bağlı geniş hərəkat başladı. Respublikanın 35 min nəfərdən çox qırmızı ləpirçisi müharibənin marşrutları ilə getdi.
Tarixi döyüşlərin iştirakçıları ilə birlikdə onlar naməlum qəhrəmanların adlarını tapıb müəyyənləşdirir, Vətən uğrundakı savaşda canlarını qurban vermiş əsgərlərin qəbirlərini axtarıb tapır, bu barədə onların qohumlarına xəbər verirdilər.
Ləpirçilər, eyni zamanda döyüş meydanlarında azərbaycanlı əsgərlərin göstərdiyi qəhrəmanlıqlar haqqında xatirələr toplayırdılar.
Elə indi də Böyük Vətən müharibəsi cəbhələrində, xarici ölkələrdə həlak olmuş Azərbaycan övladlarının dəfn olunduğu yerlərin, abidələrin axtarışları davam edir.
Azərbaycan xalqı öz övladlarının - iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general-mayor Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı, Mogilyov şəhərinin fəxri vətəndaşı, polkovnik Aslan Vəzirovun, Minsk şəhərinin küçələrindən birinə adının verildiyi, Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin, eləcə də müharibə illərində Vətən torpaqlarını qorumuş, 1943-1944-cü illərdə düşməndən azad etmiş minlərlə əsgərin qarşısında baş əyir! Onların adları, xatirələri ölməzdir!
Bizim xalq öz qəhrəmanlarına böyük ehtiram və hörmətlə yanaşır, veteranların daha yaxşı, daha firavan yaşamaları, özlərini daha rahat hiss etmələri üçün bütün lazımi tədbirləri görür.
Vətən qəhrəman övladlarını unutmur. İnsanlar daim onları xatırlayır. Qəhrəmanlara aid xatirə yerlərini ziyarət edən hər kəs mütləq oradan Böyük Qələbə, onun şanlı əsgərləri, onların ölməz igidlikləri haqda qəlbindəki silinməz xatirələrlə geri dönür.
Fəxr edirik ki, İkinci Dünya müharibəsi illərində Vətənə hədsiz sevgi, şücaət, faşizm üzərində Qələbəyə sonsuz inam və əsl mərdlik nümayiş etdirən istedadlı veteran qadınlarımız da var.
Milli Məclisin üzvü,
akademik Ziyad Səmədzadə