PORTRET

BАCARIQLI TƏŞKİLATÇI, QAYĞIKEŞ VƏ MEHRİBAN İNSAN

  • 27.01.2022

Azərbaycan Respublikasının Auditorlar Palatasının icraçı direktoru,  ömrünün təxminən 33 ilini ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına həsr edən, əmək fəaliyyətinin on səkkiz ili isə bütünlüklə auditor xidməti ilə bağlı olan,  zəhmətlə yüksələn insan, tələbkar rəhbər, bacarıqlı təşkilatçı, qayğıkeş və mehriban insan Səbuhi Yediyar oğlu Gülməmmədovun 50 yaşı tamam olur. 


 

Yüksək təşkilatçılıq bacarığı, özünə və tabeliyində olanlara qarşı münasibətdə tələbkarlığı və səmimiyyəti ilə seçilən Səbuhi Gülməmmədov 1972-ci il yanvarın 29-da Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuşdur.
1989-cu ildə orta məktəbi, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə həmin universitetin magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir. 1989-cu ildə Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin Birləşdirilmiş mühasibatlıq idarəsində mühasib vəzifəsində işləmişdir. 1990-1992-ci illərdə hərbi xidmətdə olmuşdur. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş, 1994-1996-cı illərdə Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş, 1996-1998-ci illərdə Xətai rayon Əmək və Məşğulluq Mərkəzində müfəttiş və baş müfəttiş, 1998-2003-cü illərdə Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş müfəttiş vəzifələrində işləmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Auditorlar Palatasının Audit qanunvericiliyi və metodiki təminat şöbəsinə baş mütəxəssis, 2005-2010-cu illərdə Elmi tədqiqat və tədris mərkəzinin direktoru, 2010-2015-ci illərdə Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsinin rəisi, 2016-2017-ci illərdə Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi, 2018-ci ildə Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi vəzifələrində işləmişdir. 2019-cu ildən bu günə kimi Auditorlar Palatasının İcraçı direktoru vəzifəsində işləyir. Hal-hazırda S.Gülməmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dissertantıdır. Ölkə iqtisadiyyatının dayanıqlı və hərtərəfli inkişafının mühüm amili kimi müəyyən edilmiş bir sıra məsələlər, o cümlədən şəffaflığın artırılması və korrupsiya, iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərin qarşısının alınması istiqamətində Auditorlar Palatasının həyata keçirdiyi tədbirlərin təşkilatçısı və birbaşa iştirakçısı kimi gördüyü işlər bu sahəni onun təqdiqat obyektinə çevirmiş və S.Gülməmmədovu bu sahədə dissertasiya işi yazmağa sövq etmişdir. O, “Şəffaflığın artırılmasında və korrupsiyaya qarşı mübarizədə auditin rolu və əhəmiyyəti” mövzusunda dissertasiya işini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təsdiq etdirmiş, hazırda dissertasiya işi başa çatmış və müdafiə mərhələsindədir.
Əmin olduğumuzu bildiririk ki, S.Gülməmmədov dissertasiya işini uğurla başa çatdıracaq və iqtisadçı alim kimi işindəki tövsiyələr müvafiq qurumların bəhrələnməsinə öz töhfəsini verəcəkdir.
S.Gülməmmədov uzun müddət Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının üzvü olmuşdur. 2010-cu il 29 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri fərman”ına layiq görulmüşdür. 2011-ci il 19 avqust tarixində «Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların Milli İnstitutu»nun (Rusiya Federasiyası) «За заслуги в развитии НИПБ» medalı ilə təltif edilmişdir. 2013-cü il 06 may tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri auditor” döş nişanına layiq görulmüşdür. 2016-cı il 04 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyi ilə əlaqədar, ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2017-ci il 31 may tarixində “Dövlət Müəssisələri İşçilərinin Beynəlxalq Həmkarlar Birliyinin” (Rusiya Federasiyası) “За большой вклад в развитие международного про­ф­союзного движения работ­ников государственных учреж­дений и общественного обслуживания и в связи с 25-летием образования МФП РГУ” yubiley medalı ilə təltif edilmişdir. Eyni zamanda, S.Gülməmmədov 2006-cı ildən Auditorlar Palatasının Həmkarlar İttifaqı Komitəsinin sədridir və fəaliyyəti dövründə Həmkarlar İttifaqı təşkilatının nüfuzunun, rolunun və fəaliyyətinin bütün sahələrdə artırılması, təşkilat daxilində sağlam, təhlükəsiz iş şəraitinin yaradılması, əməyin mühafizəsi, milli və dövlət bayramları münasibətilə keçirilən tədbirlərdə ittifaq üzvlərinin fəal iştirakının təmin edilməsi sahəsindəki çoxşahəli və yorulmaz fəaliyyətinə görə 2021-ci il 28 yanvar tarixində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə” “Yubiley döş nişanı” ilə təltif edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müstəqil maliyyə nəzarəti orqanı kimi yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatasında 2004-cü il iyun ayından fəaliyyətə başlayanda “Audit qanunvericiliyi və metodiki-təminat” şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş və həmin vaxtdan etibarən taleyini milli audit qurumu ilə bağlamış, bütün bilik və bacarığını sahibkarlıq fəaliyyətinin respublikamız üçün nisbətən yeni növü olan auditor xidmətinin təşkili və onun metodik təminatı, auditor kadrların hazırlanması, Auditorlar Palatasının beynəlxalq əlaqələrinin yaradılması və genişləndirilməsi işinə həsr etmiş S.Gülməmmədov hal-hazırda öz fəaliyyətini Auditorlar Palatasının İcraçı direktoru kimi davam etdirməkdədir.
Onun zəngin həyat təcrübəsi, təşkilatçılıq bacarığı, nəcib insani keyfiyyətləri Auditorlar Palatasında işlərin düzgün qurulmasına, əmək və istehsalat intizamının möhkəmləndirilməsinə, əməkdaşlar və auditorlar arasında mehriban münasibətlərin bərqərar olmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmiş və indi də göstərir. Səbuhi müəllim rəsmiyyətlə səmimiyyəti, tələbkarlıqla qayğıkeşliyi bacarıqla uzlaşdırır və məhz bunun sayəsində Azərbaycan auditorları ailəsində daim mehriban münasibətlərin, sağlam işgüzarlıq mühitinin hökm sürməsinə şəxsi töhfəsini verir.
S.Gülməmmədov Azərbaycanda auditə dair yeni qanunvericilik layihəsinin, habelə Auditorlar Palatasında işlənib hazırlanmış «Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası»nın (2012-2020-ci illər) və «Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyası»nın (2021-2030-cu illər), onlarca metodik vəsaitin – proqramların, təlimat və qaydaların hazırlanmasında iştirak etmiş, ölkədə audit sisteminin təşkilinin təkmilləşdirilməsinə yönəlmiş çoxlu maraqlı təkliflər irəli sürmüşdür.
O, Fəxri auditor kimi fəaliyyəti zamanı “Auditor xidməti haqqında”, “Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarının, “Azərbaycan Respublikası Auditorlar Palatası haqqında” Əsasnamənin, Peşəkar Mühasiblərin Etika Məcəlləsinin, Beynəlxalq Audit Standartlarının, Peşə etikası və əxlaq normalarına dair digər normativ hüquqi aktların tələblərinə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən daha dolğun riayət edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirmişdir. Peşə borcunu daim yüksək səviyyədə yerinə yetirməklə səmərəli fəaliyyət göstərərək, Palatanın əməkdaşları və üzvləri arasında böyük hörmət və nüfuz qazanmışdır.
Hindistan, Rusiya, Qazaxıstan, Gürcüstan, Makedoniya, Bolqarıstan, Polşa, Rumıniya və s. ölkələrdə beynəlxalq və regional qurumların keçirdiyi auditorların və mühasiblərin müxtəlif tədbirlərinin dəfələrlə iştirakçısı olan S.Gülməmmədov hər yerdə ölkəmizi ləyaqətlə təmsil etmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəməmişdir. Eyni zamanda, S.Gülməmmədov Auditorlar Palatasında çalışdığı dövr ərzində 2004-cü il 15-16 sentyabr - “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 10 illiyi ilə əlaqədar “Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans, 2005-ci il 10 dekabr - “Auditor xidmətinin aktual problemləri” mövzusunda seminar-müşavirə, 2006-cı il 16 sentyabr - “Sosial-iqtisadi inkişafın sürətləndirilməsində maliyyə nəzarətinin rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans, 2007-ci il 19 aprel - “Azərbaycan iqtisadiyyatında auditin rolu” mövzusunda elmi-praktik konfrans, 2007-ci il 8 noyabr - Auditorlar Palatası və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zaqatalada “Maliyyə şəffaflığının artırılması regionların sosial-iqtisadi inkişafında mühüm amil kimi” mövzusunda seminar-müşavirə, 2008-ci il 10 aprel - Auditorlar Palatası və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Auditin aktual problemləri” mövzusunda elmi-praktik konfrans, 2008-ci il 05-06 avqust - “Beynəlxalq Maliyyə Hesabatı Standartlarının tətbiqi problemləri” mövzusunda seminar, 2008-ci il 18-19 sentyabr - “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans, 2009-cu il 21 fevral - “Auditor xidmətinin aktual problemləri” mövzusunda elmi-praktik seminar, 2009-cu il 14 avqust - Auditorlar Palatası və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditi və şəffaflıq” mövzusunda seminar-müşavirə, 2009-cu il 16-17 oktyabr - “Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans, 2010-cu il 15 mart, 9 və 16 aprel, 20 və 26 may - Xaçmaz rayonunda, Naxçıvan, Lənkəran, Zaqatala və Gəncə şəhərlərində “Şəffaflıq və müəssisələrin fəaliyyətində beynəlxalq standartların tətbiqi” mövzusunda zona seminar-müşavirələri, 2011-ci il 27-28 yanvar - “Müasir şəraitdə auditin aktual problemləri” mövzusunda Polşa-Azərbaycan simpoziumu, 2011-ci il 15-17 sentyabr - “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı və audit standartlarının tətbiqi problemləri” mövzusunda Mühasiblərin və Auditorların III Avrasiya Forumu, 2012-ci il 15-16 mart - “Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” mövzusunda beynəlxalq elmi-praktik simpozium, 2012-ci il 03-04 may - “Daxili audit: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans, 2013-cü il 22 yanvar - “Müasir şəraitdə auditin qarşısında duran problemlər və onun inkişaf konsepsiyası” mövzusunda “dəyirmi masa”, 2013-cü il 13-17 fevral - Makedoniya Respublikası və Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin təkmilləşdirilməsinə dair Makedoniya Res­pub­likasının Sertifikatlı Auditorlar İnsti­tutu ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında anlaşma memorandumu imzalanması məqsədilə tədbir, 2013-cü il 26-28 sentyabr - “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda Bakıda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Mühasiblərin və Auditorların IV Avrasiya Forumu, 2014-cü il 20 fevral - Avropa Şurasının MONEYVAL Komitəsinin nümayəndə heyəti ilə Auditorlar Palatasında görüş, 2014-cü il 04 aprel - Bakı şəhərində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə menecerləri Federasiyası arasında Anlaşma Memorandumunun imzalanması haqqında tədbir, 2014-cü il 11 aprel - Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər) təqdimat mərasimi, 2014-cü il 13 may - Auditorlar Palatasında Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun nümayəndə heyəti ilə görüş, 2014-cü il 14-15 may - “Müasir şəraitdə audit qanunvericiliyi” mövzusunda beynəlxalq elmi-praktik simpozium, 2014-cü il 16 sentyabr - “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 20 illiyinə həsr edilmiş tədbir, 2015-ci il 13 fevral - Bakı şəhərində Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyasının Ukrayna, Baltik və Qafqaz ölkələri üzrə nümayəndəsi Natalya Vovçuk ilə keçirilmiş görüş, 2015-ci il 08-10 oktyabr - Bakı şəhərində “Qloballaşma şəraitində mühasibat uçotu və audit: mərhələlər, meyillər və inkişaf perspektivləri” mövzusunda Mühasiblərin və Auditorların keçirilmiş V Avrasiya forumu, 2016-cı il 05-06 aprel - “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans, 2017-ci il 27 fevral - “Azərbaycan-Bolqarıstan Audit Forumu”, 2017-ci il 10 mart - "Şəffaflıqa doğru birlikdə" mövzusunda Vergi Konfransı, 2017-ci il 21-23 sentyabr - “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans, 2018-ci il 13 noyabr - Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Mühasibat uçotu, hesabatlılıq və auditə nəzarət xidmətinin (SARAS) səlahiyyətli nümayəndə heyətinin işgüzar səfəri və Auditorlar Palatasında görüş, 2019-cu il 30 yanvar - Auditorlar Palatasında BDO-nun nümayəndə heyəti ilə işgüzar görüş, 2019-cu il 22 aprel - Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) Ukrayna, Belarus və Qafqaz ölkələri üzrə rəhbərliyinin Azərbaycan Respublikasının Auditorlar Palatasında işgüzar görüş, 2019-cu il 13 sentyabr - “Kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans, 2020-ci il 24 noyabr - Azərbaycan İqtisadçılar İttifaqı ilə birlikdə “Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda onlayn elmi-praktik konfrans, 2021-ci il 05 aprel - Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyinə həsr olunmuş tədbir, 2021-ci il 16 sentaybr - Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans kimi mühüm əhəmiyyətə malik çoxsaylı beynəlxalq elmi-praktik konfranslar, regional seminar-müşavirələr və simpoziumların təşkilatçısı olmuşdur. Çox xoşdur ki, qeyd olunan tədbirlərin böyük əksəriyyəti Adutorlar Palatası və İqtisadçılar İttifaqının birgə təkilatçılığı ilə baş tutmuşdur. S.Gülməmmədov Auditorlar Palatasında həyata vəsiqə almış onlarca faydalı təşəbbüsün müəllifi, xeyirxah işlərin təşkilatçısı və birbaşa icraçısı olmuşdur.
Əqidəsi möhkəm, mənəviyyatı saf, davranışı sadə, təvazökar və təmənnasız olan Səbuhi müəllim öz prinsipiallığı, vətəndaş mövqeyi, milli qeyrəti yüksək olan bir Azərbaycan övladıdır. Səbuhi Gülməmmədov Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin yüksələn dinamika ilə artan iqtisadi reallıqlarına, uğurlarına daim sevinməklə bərabər, Yeni Azərbaycan Partiyasının fəal üzvü və YAP Səbail rayon təşkilatı Nəzarət-təftiş komissiyasının sədri kimi də əvəzsiz xidmətləri ilə əhəmiyyətli töhfələr vermişdir. Yeni Azərbaycan Partiyasının üzvü kimi ictimai-siyasi proseslərdə də fəal iştirak edir. Prezident seçikləri, Milli Məclisə deputat seçkiləri və Bələdiyyə seçkiləri zamanı fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Ömrünün 50-ci ilini tamamlayan Azərbaycan auditorları ailəsinin sevimli üzvlərindən birini, hörmətli həmkarımızı, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran və heç kimdən köməyini əsirgəməyən qayğıkeş insan, əməksevər və intizamlı işçi, nümunəvi ailə başçısı, təcrübəli və bacarıqlı iş yoldaşı olan S.Gülməmmədovu yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, əmək fəaliyyətində yeni uğurlar, ictimaiyyət arasında malik olduğu hörmət və nüfuzu daim qoruyub saxlamağı arzulayırıq.
Qoy ömrünün sonrakı hər bir günü ona və ailəsinə yalnız həyat sevincləri bəxş etsin.

 

Ziyad SƏMƏDZADƏ,
Azərbaycan İqtisadçılar
İttifaqının sədri, Milli Məclisin
deputatı, akademik

Vahid NOVRUZOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru, professor