PORTRET

Məhsuldar alim, qayğıkeş müəllim, səmimi insan

  • 03.02.2022

Əmirxan Babaşov-75

Əmirxan Mehralı oğlu Babaşov 1947-ci il 5 fevral tarixində Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində kəndli ailəsində anadan olmuşdur. 1965-ci ildə Faxralı orta məktəbinin 11-ci sinfini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad fakültəsinə daxil olmuşdur. 1966-cı ildə həmin fakültə yeni təşkil edilmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna verilmiş və 1969-cu ildə həmin institutun Əmtəəşünaslıq və ticarətin təşkili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Gənc mütəxəssis kimi bir müddət Ticarət Nazirliyi sistemində işləmişdir.

Azərbaycan SSR Dövlət Plan Komitəsi (indiki İqtisadiyyat Nazirliyi) yanında Elmi Tədqiqat İqtisad İnstitutunun (ETİİ) direktoru, i.e.d., professor M.M.Allahverdiyev Ə.Baba­şovun elmi tədqiqat işinə olan həvəsini nəzərə alıb, onun təyinatını dəyişdirib instituta gətirmiş və kiçik elmi işçi vəzifəsinə işə qəbul etmişdir. O, 1971-1972-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1972-ci ildə ETİİ-də əyani aspiranturaya daxil olmuş və Moskva şəhərində SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi Tədqiqat İnstitutuna ezam olumuşdur. SSRİ Dövlət Plan Komitəsinin yanında İqtisadiyyat Elmi Tədqiqat İnstitutunun “Əhalinin həyat səviyyəsi və sosial inkişaf” bölməsinin müdiri, prof. N.S.Laqutinin rəhbərliyi ilə “Azərbaycan SSR əhalisinin sosial qruplarının həyat səviyyələrinin yaxşılaşdırılması problemləri (iqtisadi təhlil və planlaşdırma məsələləri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 1991-ci ildə SSRİ Ali Attestasiya Komissiyası Ə.Babaşovun elmi tədqiqat fəaliyyətinə və çap olunmuş elmi əsərlərinə görə ona baş elmi işçi (dosent) attestatı vermişdir. 1975-ci ilin noyabr ayından 1994-cü ilin may ayına kimi Azərbaycan Respublikası Dövlət Plan Komitəsi (indiki İqtisadiyyat Nazirliyi) yanında ETİİ-də kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi yüksəlmişdir.
Ə.Babaşov elmi işə hələ tələbəlik illərindən meyil göstərmişdir. 1967-ci ildə K.Marksın “Kapital” əsərinin 1-ci cildinin çap olunmasının 100 illiyi münasibəti ilə keçirilən Ümumrespublika müsabiqəsində yazdığı elmi iş III dərəcəli diploma (I dərəcə heç kimə verilməmişdir) və pul mükafatına layiq görülmüşdür. Ə.Babaşov “Azərbaycan Respublikasında şəhər və kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması problemləri” mövzusunda elmi əsərinə görə Respublika Komsomol Komitəsinin laureatı olmuşdur.
Erməni separatçıları öz xəbis niyyətlərini həyata keçirmək üçün bunu Dağlıq Qarabağın sosial-iqtisadi cəhətdən geri qalması ilə əsaslandırdıqları dövrdə ETİİ-nin əməkdaşları elmi dəlillərlə bu ideyanı alt-üst etmişdilər. Ə.Babaşov həmin fundamental elmi işin mühüm bölmələrindən birini - əhalinin həyat səviyyəsi və sosial inkişafını tədqiq etmişdir. Əhalinin həyat səviyyəsini və sosial inkişafını xarakterizə edən bütün göstəricilərin (əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayı istisna olmaqla) Dağlıq Qarabağda Azərbaycandan və Ermənistandan üstün olduğu göstərilmişdir. Həkimlərin sayının belə az olması isə İrəvandan ermənilərin Dağlıq Qarabağa işləməyə gəlməməsi, Bakıdan gedən azərbaycanlıların isə işə qəbul edilməməsi idi. Bu və digər məsələlər Moskvadan gələn akademik T.Xaçaturovla görüşdə də bir daha vurğulanmışdır.
Ə.Babaşov ETİİ-də yerinə yetirilən “1976-1990-cı illərdə Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas istiqamətləri” (Bakı 1978), “2000-ci ilə qədər Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi” (Bakı 1982), “1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin kompleks proqramı” (Moskva 1983) və “1990-2005-ci illərdə Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi baş sxemi” (3 cilddə) kimi fundamental sənədlərin müəllifləri sırasında olmuşdur.
1977-ci ildə akademik Z.Səmədzadənin rəhbərliyi ilə ETİİ-də yerinə yetirilən, ən yüksək dövlət orqanlarında müzakirə olunan və Ə.Babaşovun da iştirak etdiyi “Azərbaycan SSR-də orta aylıq əməkhaqqının digər müttəfiq respublikalardan geri qalması səbəbləri” elmi arayışı respublikada çox yüksək əks-səda doğurmuşdur.
Ə.Babaşov SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi Tədqiqat İnstitutu ilə birgə yerinə yetirilən “Müttəfiq respublikalarda minimum istehlak büdcəsi və minimum əməkhaqqı problemləri” üzrə dörd blokdan ibarət elmi tədqiqat işində əsas müəlliflərdən biri olmuşdur.
Ə.Babaşov 1994-cü ildə Milli Məclisin İqtisadi Siyasət daimi komissiyasına ekspert qəbul edilmiş, 1994-cü ilin noyabr ayından isə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində böyük məsləhətçi, 1996-cı ilin aprel ayından 2017-ci ilə kimi baş məsləhətçi vəzifəsində işləmiş, dövlət qulluğunun baş müşaviri olmuşdur.
Ə.Babaşov iqtisadi və aqrar qanunvericilik bazasının yaradılmasında fəal iştirak etmiş, işçi qrupunun rəhbəri olmuşdur. Milli Məclisdə işlədiyi müddətdə 70-ə yaxın qanun layihəsinin hazırlanmasında, həmçinin qanunvericilik məsələrinə həsr olunmuş bir sıra konfrans və seminarlarda iştirak etmişdir. 2008-ci ildə Fransa və Almaniyada iqtisadi məsələlərə həsr olunmuş seminarlarda Azərbaycanı təmsil etmişdir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə o, “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunmuşdur.
Ə.Babaşov elmi iş və iqtisadi qanunvericilik bazasının yaradılması ilə yanaşı, pedaqoji fəaliyyətlə də aktiv məşğul olmuşdur: ayrı-ayrı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində, Təfəkkür Universitetində, Əmtəəşünaslıq-Kommersiya İnstitutunda tələbələrə iqtisad elminin aktual problemlərindən mühazirələr oxumuş, magistr və namizədlik dissertasiya işlərinin elmi rəhbəri olmuş, bir çox namizədlik dissertasiyalarına opponentlik etmişdir.
Ə.Babaşov Azərbaycanda beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməyə qadir olan kadrların hazılranması, onların peşə-ixtisas səviyyəsinin artırılması və təkmilləşdirilməsi işində də yaxından iştirak etmişdir. Auditorlar Palatasında auditor adı almaq üçün təşkil olunmuş hazırlıq kurslarında sahibkarlıq fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi ilə bağlı mühazirələr oxumuşdur.
Ə.Babaşov dəfələrlə Bakı, Mosk­va, Kiyev, Minsk və digər şəhərlərdə keçirilən simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmişdir. O, 6 kitabın və 70-dən çox elmi əsərin müəllifi, iqtisadiyyata aid bir çox kitabların elmi redaktoru olmuşdur.
O, Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri, i.e.d., prof. E.R.İbrahimovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar siyasətin yeni (2003-2013-cü illər) mərhələsinin həyata keçirilməsi sahəsində misilsiz fəaliyyətinə həsr edilən çıxış və nitqlərindən çıxarışlara həsr olunan “İlham Əliyev və müasir aqrar siyasət” kitabını nəşr etdirmişdir.
Babaşov Ə.M, Abbasəliyeva S.Z., İmanov E.S. İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, i.e.d., prof., Əməkdar elm xadimi V.M.Vəliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun 50 illik yubileyinə həsr edilən “Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını işləyən ilk tədqiqat institutu-50” kitabını nəşr etmişlər.
Babaşov Ə.M, Nəbiyev Ə.X., Səfərov A.N. tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Metodiki Şurasının 04 may 2017-ci il tarixli iclasının 0.5 protokolu ilə dərs vəsaiti kimi təsdiq edilmiş “Sənayenin təşkili və idarə edilməsi” kitabı çap olunmuşdur.
Ə.Babaşov Azərbaycan Memarlıq və İnşaat Universitetində 2021-ci il 02 aprel tarixində keçirilən “Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri” mövzusunda elmi-praktiki konfransın təşkilat komitəsinin katibi olmuşdur.
Əmirxan müəllim bu gün də böyük əzmlə çalışır, iqtisadçı kadrların hazırlanmasında yaxından iştirak edir. O, 1995-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində əvəzçiliklə 0.5 ştat dosent vəzifəsində magistrlərin iqtisadi biliklərinin artırılmasına öz töhfəsini vermişdir. O, 2017-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Sənayenin təşkili və idarə edilməsi” kafedrasında tam ştatla dosent işləyir. O, ömrünün 75-ci qışını da bahar həvəsi ilə qarşılayan, istedadı, metodik hazırlığı, xeyirxah işləri ilə tanınan müəllimlərdəndir.
Əmirxan müəllim bu gün də tələbələrini öyrətmək həvəsi ilə hər gün öz doğma iş yerinə - “Sənayenin təşkili və idarə ediməsi” kafedrasına gəlir, onun üçün yaşın yox, mənalı yaşamağın fərqi var. Bəlkə elə buna görədir ki, onun ömür kredosunun ana xəttini gənclərimizə elm öyrətmək, savad vermək, onları bacarıqlı kadr kimi hazırlamaq dəyərləri təşkil edir.


Akademik Ziyad SƏMƏDZADƏ,

iqtisad elmləri doktoru, professor
Vahid NOVRUZOV