Dünyamalı Vəliyev - 80
Xaraktercə sakit, pozitiv insan olan Dünyamalı Vəliyevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq.
İstedadlı alim, vətənpərvər, işıqlı insan DÜNYAMALI VƏLİYEV hesab edir ki, ölkəmizin inkişafı iqtisadiyyatın sürətlə tərəqqi etməsindən asılıdır. Təsadüfi deyildir ki, xalqına, millətinə sədaqətlə xidmət etmək, onun inkişafı naminə əlindən gələni əsirgəməmək məqsədi ilə Dünyamalı müəllim də məhz iqtisadiyyat sahəsini seçdi və ölkənin çiçəklənməsi üçün gənclərin təhsilinin keşiyində sədaqətlə dayandı.
Dünyamalı Vəliyev 1942-ci il martın 13-də böyük alimlər, sənətkarlar yetirən Borçalı mahalının Qasımlı kəndində anadan olmuşdur. Oxumaq arzusu, ali təhsil almaq istəyi onu Borçalının axar-baxarlı, sakit təbiətli Qasımlı kəndindən izdihamlı paytaxt şəhərinə - Bakı Dövlət Universitetinın iqtisadiyyat sahəsinə gətirdi, oxudu, çalışdı, çarpışdı, lakin nə əl işdən soyudu, nə ürək arzudan, həvəsdən. Öz ixtisası sahəsində kifayət qədər dəst-xətti, xidmətləri ilə seçilən Dünyamalı Vəliyev həmkarları arasında da özünəməxsus yaradıcılıq üslubu ilə xüsusi iz qoymuş nüfuzlu ziyalılarımızdandır. İqtisadçı alim olmaq, maarifə xidmət etmək kimi şərəfli bir qismət onun taleyinə əvvəlcədən yazılmışdır. O, təhsilini davam etdirmək, təcrübəli mütəxəssis olmaq məqsədilə 1964-cü ildə universiteti bitirdikdən sonra istehsalatdan ayrılmadan Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda aspiranturaya daxil olaraq, 1971-ci ildə “Müasir Türkiyənin dövlət borcları” adlı dissertasiya işini müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi almağa müvəffəq olub. 1971-1979-cu illərdə Rostov-Don Dəmir yolları İnstitutunda dosent vəzifəsində çalışıb.
O, 1979-1992-ci illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri və institutun elmi işlər üzrə direktor müavini işləmişdir. Dünyamalı Vəliyev qardaş Türkiyə Respublikasının iqtisadiyyatına böyük maraq göstərmiş, Türkiyə iqtisadiyyatının müxtəlif problemləri üzərində müxtəlif elmi tədqiqat işləri aparmış, bunu sanballı kitabları ilə sübuta yetirməyə çalışmışdır. Şübhəsiz, həmin əsərlər bu sahəyə maraq göstərən tədqiqatçılar üçün də olduqca dəyərlidir. Bunlardan “Dövlət maliyyəsi və Türkiyənin sosial-iqtisadi inkişafı”, “Türkiyə-Turqut Özal: iqtisadi möcüzələr” adlı kitabaları təqdirəlayiqdir. İqtisadçı alim olmasına baxmayaraq, Dünyamalı müəllim yaradıcılığının bir qismini müxtəlif ictimai-siyasi, hətta ədəbi mövzulara həsr etmişdir. Bunların əsas qayəsini isə vətənpərvərlik, gənclərə vətən sevgisi kimi müqəddəs amallara çağırış motivləri təşkil edir.
Alim həm də vətənsevər olduqda, xalqın həyati problemləri ilə nəfəs aldıqda milləti üçün daha faydalı olur. Millətsevərlik və vətənpərvərlik onun həyatının mənasıdır. 1989-1992-ci illərdə ölkəmizdə milli-azadlıq hərəkatı qaynayıb coşanda, o da bu proseslərdə öz qələmi ilə yaxından iştirak etmişdir. 1991-ci ildə türk professoru Utkan Qocatürkün “Atatürk” kitabını Azərbaycan dilinə çevirmiş, insanları azadlığa, müstəqilliyə səsləyən ön söz yazmış, qardaş ölkənin sosial-iqtisadi həyatı ilə maraqlanan geniş oxucu kütləsinə ərməğan etmişdir. Müəllif kitaba yazdığı ön sözdə atatürkçülüyün, kamalizmin mahiyyətini açıqlamış, Azərbaycan və Türkiyə arasında əlaqələrin dövrün tələblərinə uyğun inkişaf etdirilməsi zərurətini önə çəkmiş, insanları azadlığa, müstəqilliyə səsləyən fikirlərə geniş yer vermişdir. Məlumdur ki, xalqımız uzun illər erməni təcavüzünə məruz qalmış, min bir əzab-əziyyət çəkmişdir. Müəllif bütün bu haqsızlıqlara göz yuma bilmir, ürək ağrısı ilə yaşayır, bütün bu vəhşilikləri dünya birliyinə çatdırmaq üçün özünün növbəti – “Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada - hadisələrin və faktların xronikası” adlı kitabını yazır. Böyük zəhmətlə araya-ərsəyə gələn kitabda hadisələr real faktlara söykənərək, xronoloji ardıcıllıqla verilib. Kitab ərəb dilinə tərcümə edilərək, ərəb ölkələrində də geniş yayılmışdır. “İslam Konfransı Təşkilatı” yeganə beynəlxalq təşkilatdır ki, erməni vəhşiliklərini ilk dəfə olaraq “təcavüz” adlandırmışdır ki, məhz bu məsələdə adıçəkilən kitabın da rolu danılmazdır.
Daim öz dədə-baba yurdu, suyunu içib, havasını udduğu, saf təbiətli vətəni – Borçalı mahalının el sənətinə, folklor yaradıcılığına, aşıq ədəbiyyatına sonsuz məhəbbət bəsləyən alim, onun tarixinə, ədəbiyyatına olan marağını öz yaradıcılığında əks etdirməyə bilməzdi. “Borçalının söz xəzinəsi” kitabına göstərdiyi dəstək bunu bir daha sübut edir.
Dünyamalı Vəliyev 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinbetində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri olmuş və ölkəmizdə beynəlxalq iqtisadi münasibətlər sahəsində normativ aktların hazırlanmasına bilavasitə rəhbərlik etmişdir.
1995-ci ildən Azərbaycan Universitetində “İqtisadiyyat” kafedrasının müdiri olmuş Dünyamalı Vəliyev həm də sanballı dərsliklərin müəllifidir: “Beynəlxalq iqtisadiyyat”(1998), “Beynəlxalq maliyyə”(2000), “Vergi hüququ” (2003) kitabları Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir.
“İpək yolu” jurnalının redaktoru olmuş, İpək yolu, onun Azərbaycan iqtisadiyyatında rolu, qloballaşma və onun nəticələri haqqında çoxsaylı məqalələr yazmışdır. Doktorluq işi “Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitinə inteqrasiyanın aktual problemləri” mövzusuna həsr edilmişdir. “Karyera: şəxsi müvəfəqiyyətin strategiyası” adlı kitabı gənclər tərəfindən rəğbətlə qarşılanmışdır.
Mənalı ömrünü maarifin, iqtisadiyyatın inkişafına həsr etmiş alim iyirmi kitab və 100-dən çox məqalənin müəllifidir, 50 ildən çoxdur ki, bu sahədə yorulmadan çalışır, xalqımızın elm xəzinəsinə öz məhsuldar qələmindən töhfələr verir. Azərbaycanın elm və mədənyyətini Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Tehran, Tokio şəhərlərində keçirilmiş elmi konfranslarda ləyaqətlə təmsil etmişdir. İnanırıq ki, ömrünün bu müdriklik çağında alim hələ neçə-neçə maraqlı əsərləri ilə oxucularını yenə də sevindirəcəkdir. Uğurları daimi olsun.
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) “Dünya iqtisadiyyatı” kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor İrşad Kərimli,
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) İslam Maliyyə Tədqiqat Mərkəzinin
tədqiqatçısı Əfqan Musayev