O, bütün ömrünü iqtisadi təhsilinin inkişafına həsr etmişdi
İş otağımda kitablarım çoxdur. Həddindən artıq, - deyərdim hətta. Onların arasında bir kitab var, arabir vərəqləyirəm, dəyərli bir dostumu yada salıram. 2007-ci ildə çapdan çıxmış bu kitab da elə onun 70 illik yubileyinə həsr olunmuşdu.
İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Fuad Ələsgərov bu kitabda sanki oxucularla ürək sözlərini bölüşür, xatirələrini danışır. “Fuad Ələsgərov: İnsanlara gərək ol” - gözüm titul vərəqində yazdığı sözlərə sataşır:
“Xatirə bitəndi ürəklə əksən,
Yaddaş itirəni kağız itirmir.
Yaxşılar yol çəkən, pislər yol sökən,
Miyanə adamlar yuxuma girmir...”
Məmməd Araz.
İnsanlara, elmimizə gərək olan
akademik Ziyad Əliabbas oğluna.
Fuad Ə., 07.08.2008.
Yaşasaydı, 85 yaşını qeyd edəcəkdik bu il...
Bütün ömrünü iqtisadi təhsilin inkişafına həsr etmişdi Fuad Ələsgərov.
F.Ələsgərov 1937-ci il fevralın 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirib, K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1959-cu ildə Azəebaycan Dövlət Universitetinin İqtisad fakültəsinin Əmtəəşünaslıq və qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ticarətin təşkili ixtisasını bitirmişdir. Aspiranturadan sonra Praqada Ali İqtisad Məktəbinin Daxili ticarət fakültəsində staj keçməklə, qısa müddətdə çex dilini öyrənərək, Avropa ölkələrindəki ticarət əlaqələrinin iqtisadi mahiyyətini mənimsəmiş və 1964-cü ildə Praqada ilk, hal-hazırda yeganə azərbaycanlı olaraq iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Sovet dönəmində ölkə hüdudlarından kənarda, özü də çox gənc yaşlarında – 27 yaşında dissertasiya müdafiə etmək hər alimin işi deyildi. Həmin ildə təkcə bu institutun deyil, respublikanın, demək olar ki, bütün gəncləri Fuad müəllimə pərəstiş ediblər.
F.Ələsgərov 1964-cü ildən taleyini təhsilə bağlamış, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim, sonra dekan müavini və nümunəvi dekan olmuşdur. O, məhsulun keyfiyyətinin yüksəldilməsinin mahir bilicisi kimi nəinki respublikada, eləcə də keçmiş SSRİ-də və xaricdə tanınan bir alim olmuşdur. Təhsildəki uğurlarına görə Fuad Ələsgərov SSRİ Təhsil Nazirliyinin təsis etdiyi “Ali məktəbdə yüksək nailiyyətlərə görə” döş nişanı ilə təltif edilmişdir.
1976-cı ildə F.Ələsgərov “Xalq istehlakı mallarının keyfiyyətinin yüksəldilməsinin iqtisadi problemləri və ticarət” mövzusunda doktorluq işini uğurla müdafiə edib. Bu sahənin görkəmli mütəxəssislərinin yazdıqları kimi, onun iqtisad elminə gətirdiyi nailiyyətlər sırf texniki elm hesab olunan əmtəəşünaslığı iqtisadi elmlə, iqtisadi ünsürlərin üstünlük təşkil etməsi ilə sintez etməsindədir. O, 1978-ci ildən professor idi.
Fuadla bağlı xatirələrim çoxdur. 1975-ci ildə Fuadın doktorluq dissertasiyası ilə əlaqədar Estoniya SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna – Tallinə getdik. Opponenti Estoniya SSR Elmlər Akademiyasının müxbir üzvü Arno Arturoviç Keyorna idi. A.A.Keyorna, sözün əsl mənasında, nəhəng alim idi və Fuadın doktorluq dissertasiyasına yüksək qiymət vermişdi...
Hələ SSRİ-nin planlı iqtisadiyyatının hökm sürdüyü illərdə F.Ələsgərovun yazmış olduğu irihəcmli monoqrafiyalarda, dərslik və dərs vəsaitlərində iqtisadi sistemin bazar mexanizminin əsas prinsipləri əsasında formalaşması kimi cəsarətli ideyaları diqqəti cəlb etmişdir.
F.Ələsgərovun Sovetlər Birliyi məkanında ilk dəfə olaraq malların keyfiyyətinin və çeşidinin idarə olunmasının fundamental problemlərini yeni mexanizm – marketinq vasitəsilə həll etməsi o dövr iqtisadi mühitinin və tələbələrin böyük marağına səbəb olmuş və bu gün də maraq doğurmaqdadır. Onun bir çox elmi əsərləri xaricdə, Avropa ölkələrində çap olunmuşdur. F.Ələsgərovun “Çeşid və keyfiyyət: idarəetmə problemləri” mövzusunda yazdığı elmi əsərləri xarici ölkələrdə keçirilən konfranslardakı çıxışlarında, eləcə də həmin ölkələrin elmi jurnallarında yeni sosial-iqtisadi kateqoriyaların yaradılması kimi qəbul edilmişdir.
F.Ələsgərov “marketinq” üzrə elmi əsərlərin ilk müəllifidir.
1987-ci ildə professor F.Ələsgərov Respublika Nazirlər Sovetinin nəzdində yeni yaradılmış Azərbaycan Xalq Təsərrüfatının İdarə Edilməsi İnstitutunun tədris işləri üzrə prorektoru, 1989-1992-ci illərdə Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialının direktoru vəzifəsində çalışmışdır.
İnsanlıq və xeyirxahlıq Fuad Ələsgərovun əsas xüsusiyyətlərindən idi. O, tələbələrə daim gərəkli şəxs olub. Tələbələr də, eyni zamanda, onun qismində özlərinə arxa görüblər.
Fuad müəllim təhsil ocağına məbəd kimi baxan rektorlardan olub. Çünki onun şəxsi mənəviyyatı da məbəd bulağından su içib. Buna görə indiyə qədər onu mənəviyyatı sağlam, nəfsi tox, haqqı müdafiə edən, zəifə arxa duran, təhsilə gəlir mənbəyi kimi baxanların qənimi kimi tanıyırdılar. Böyük şairimiz Məmməd Araz dostu Fuad Ələsgərova həsr etdiyi şeirində bu xeyirxah insanın əxlaqi keyfiyyətlərini belə qələmə almışdı:
“Yüz dərdim dağılıb dost nəfəsiylə,
Zülmətdə işaran ağı görmüşəm.
Doğruluq, əyrilik tərəzisində
Yaxşını yamandan ağır görmüşəm.
Qəlbimin səsindən sözüm doğulub,
Külək olmamışam yanar şamlara.
Olsa da pislərin özündən olub -
Pislik etməmişəm pis adamlara”.
Bəli, Fuad Ələsgərov çətin ömür yolu keçsə də, ümidini itirməyib “zülmətdə işaran ağı” da görüb, həyatın “doğruluq, əyrilik tərəzisi”ndə daim yaxşını yamandan ağır da görüb, lakin bir çox adamlar kimi yanar şamlara “külək olmayıb”, əksinə, pərvanə olub, hətta ona pislik edən adamlara belə pislik etməyib. F.Ələsgərov, sözün əsl mənasında, təhsilimizin pərvanəsi olub.
Fuad Ələsgərov müdrik nəsil ağsaqqalı, cəfakəş ailə başçısı, qayğıkeş övladlar atası, qəlbinin hərarəti ilə boya-başa çatdırdığı ağıllı nəvələr babası, gözünün nuru ilə isindirdiyi nəticələr ulusu idi.
Hardan idi Fuad müəllimdə bu yüksək əxlaq norması?
Şübhə yox ki, nəsildən gələn tərbiyədə, müqəddəs Ana nəsihətində - “Çalış insanlara gərək ol” – bu idi mənalı ömrünün ən böyük mükafatı. Bu mükafat sinədən asılan mükafat deyildi, bu, yaddaşlarda özünə əbədi qoyulan abidənin təcəssümü idi.
Mən bu gün Fuad Ələsgərovu dəyərli iqtisadçı, etibarlı dost, Azərbaycanda iqtisadi təhsilin inkişafında böyük xidmətləri olan alim kimi yad edir, ona Allahdan rəhmət diləyirəm. Ruhu şad olsun.
Akademik Ziyad SƏMƏDZADƏ