PORTRET

Əfrasiyab Bədəlbəyli

  • 14.04.2022

 

Qarabağın görkəmli simaları

 

 Azərbaycanın klassik bəstəkarı, dirijor, librettoçu, Azərbaycanın xalq artisti Əfrasiyab Bədəl bəy oğlu Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəl bəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olub. O, 1912-1916-cı illərdə 6-cı rus-müsəlman məktəbində, 1917-1924-cü illər ərzində Bakıdakı 1-ci realni məktəbində təhsil alır. 1923-cü ildən 1926-cı ilə kimi Ə.Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbaycan teatr məktəbinin dinləyicisi olur və məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edir.

Mükəmməl bilik əldə etmək arzusu ilə Əfrasiyab Bədəlbəyli 1924-cü ildə Azərbaycan Dövlət Türk Musiqi Texnikumuna və eyni zamanda, Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin lisaniyyət şöbəsinə daxil olur. Burada o, violino ixtisası üzrə təhsil alır, tez bir zamanda səlis ifa bacarığına, daha sonra tarda da mükəmməl ifa üslubuna nail olur.
1928-ci il yanvar ayının 1-dən Əfrasiyab Bədəlbəyli “Kommunist” qəzetində tərcüməçi vəzifəsində çalışmağa başlayır. 1929-cu ildə xalqımızın ulu musiqi aləti olan tarı köhnəlik əlaməti sayaraq muzeyə göndərmək, konservatoriyanın tədris proqramından çıxarmaq kimi cəfəng fıkirlərə etiraz edən Əfrasiyab Bədəlbəyli “Tar üzərinə mühakimə münasibətilə” başlığı altında məqalə ilə çıxış edir.
1930-cu il may ayının 15-də Əfrasiyab Bədəlbəyli türk operalarına dirijorluq etmək üçün M.F.Axundov adına Dövlət Opera və Balet Teatrına işə qəbul olunur.
1928-ci ildən C.Cabbarlının “Od gəlini”, “Sevil”, “Almaz”, “1905-ci ildə” və “Yaşar” pyeslərinə, A.Afinogenovun “Qorxu”, M.F.Axundovun “Hacı Qara”, “Müsyo Jordan” əsərlərinə musiqi bəstələyir.
Ə.Bədəlbəyli peşəkar musiqi təhsili almaq məqsədi ilə 1932-ci ildə Moskva konservatoriyasının dirijorluq fakültəsində oxuyur. Lakin bir ildən sonra o, Moskvadakı təhsilini dayandırıb Bakıya qayıdır və R.Qlierin “Şahsənəm” operasının yeni quruluşda, C.Cabbarlının librettosu əsasında tamaşaya hazırlanmasında iştirak edir.
1934-cü ilin payızında Ə.Bədəlbəyli Leninqrad Dövlət Konservatoriyası nəzdindəki musiqi texnikumunun bəstəkarlıq şöbəsinə daxil olur və eyni zamanda Leninqrad Opera və Balet Teatrında dirijor assistenti kimi işləməyə başlayır.
1938-ci ildə Leninqraddakı təhsilini müvəffəqiyyətlə başa çatdıraraq vətənə qayıdan Ə.Bədəlbəyli ömrünün sоnunadək M.F.Axundov adına Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijоr işləyir. Elə həmin ildə qardaşı Turqud Bədəlbəylinin librettosu əsasında uşaqlar üçün birpərdəli “Tərlan” balet-nağılını bəstələyir.
Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 1940-cı ildə - 33 yaşında ikən yazdığı “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Həmin il bəstəkara “İncəsənət sahəsində görkəmli fəaliyyətinə görə Respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adı verildi. Sonrakı illərdə “Nizami”, “Söyüdlər ağlamaz” operalarını yazaraq, adını mədəniyyət tariximizə qızıl hərflərlə əks etdirib. Bir çох dram tamaşasına musiqi bəstələyib. Azərbaycan radiоsu və televiziyasında milli musiqi sənətimizi geniş təbliğ edib. Müharibə illərində Ə.Bədəlbəyli bəstəkarlıq-dirijorluq fəaliyyətini Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri kimi məsul vəzifələrlə əlaqələndirir.
1953-cü ildə bəstəkarın “Musiqi haqqında söhbət” adlı ilk kitabçası işıq üzü görür ki, burada musiqi janrları və formaları, musiqi alətləri və ansambllar haqqında söhbət açılır. 1965-ci ildə Ə.Bədəlbəyli Q.Almazzadə ilə birlikdə, S.S.Axundovun eyni adlı povesti əsasında bəstəkar Əşrəf Abbasovun “Qaraca qız” baletinə, daha sonra, 1968-ci ildə qardaşı Turqutla birlikdə C.Cabbarlının eyni adlı pyesi əsasında R.Mustafayevin bəstələdiyi “Aydın” operasına librettolar yazır. 1969-cu ildə “Elm” nəşriyyatı Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” kitabını çap etdirir.
Uzun illər boyu “Elm və həyat” jurnalının, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiya heyətinin üzvü olan Ə.Bədəlbəyli mətbuat orqanlarının səhifələrində resenziyalar, tənqidi və problematik məqalələr çap etdirmişdir. Ə.Bədəlbəyli 1976-cı il yanvar ayının 9-da vəfat etmişdir.