Lətif Kərimov (1906-1991)
Qarabağın görkəmli simaları
Azərbaycanda xalçaçılıq elminin banisi, xalq rəssamı Lətif Kərimov 1906-cı ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Onların nəsli – bütün "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdur. 1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçmüşdür. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarmışdır. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənmişdir.
1928-ci ildə Şuşa şəhərində "Qarabağxalça" artelində təlimatçı kimi fəaliyyət göstərən L.Kərimov başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi. O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərmişdir.
İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olmuşdur. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir. 1930-1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutur. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əlinin izlərini görürük.
O, həmin illərdən başlayaraq Azərbaycan xalçalarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplamış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlamışdır.
Lətif Kərimovun xalçaları həmin illərdən başlayaraq artıq Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanırdı. Onun Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilmişdir. 1937-1939-cu illərdə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi bədii tərtibat binanın milli memarlıq forması ilə möhkəm vəhdət təşkil edirdi.
Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlamışdır. Bu xalçalarda şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilmişdir.
Elmi-yaradıcılıq fəaliyyəti
Keçən əsrin 40-cı illərində Lətif Kərimov Azərbaycan Radiosunda fars diktoru vəzifəsində çalışıb. Elmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan SSRİ EA-nın Memarlıq və İncəsənət İnstitutunda başlayan L.Kərimov 1945-ci ildə burada ayrıca xalça şöbəsinin açılmasına nail olmuşdur. Onun "Azərbaycan xalçalarında ornament" kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad şəhərində sənətşünaslıq namizədi-alimlik dərəcəsi verilmişdir. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır. Birinci cildi 1961-ci ildə dərc edilən monoqrafiya qırx ilə yaxın aparılan elmi işlərin bəhrəsidir.
L.Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda xalça muzeyi təşkil olunmuşdur.
Lətif Kərimov 1991-ci ildə vəfat etmişdir.