Maestro Niyazi (1912-1984)
Qarabağın görkəmli simaları
Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoyub. O, Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verən, tanınan və istedadlı dirijor idi. Azərbaycan milli peşəkar dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Niyazinin ən böyük xidməti ondan ibarətdir ki, o həm bəstəkar kimi milli müsiqimizi zənginləşdirib, həm də bir dirijor kimi Ü.Hacıbəyovdan başlayaraq gənc bəstəkarlaradək, onların yaratdıqları əsərlərin meydana çıxması, xalqa çatdırılması, səhnələrdə tamaşaya qoyulması üçün misilsiz işlər görüb.
Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olmuşdur. Əslən Şuşalıdır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda almışdır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə getmişdir. Moskva şəhərinin zəngin bədii həyatı – opera tamaşaları, simfonik və kamera musiqisi konsertləri, görkəmli dirijorların, musiqi ifaçılarının çıxışları Niyazinin istedadının inkişafına təkan verib. 1929-1931-ci illər ərzində Niyazi Leninqrad Mərkəzi Musiqi Texnikumunda Q.Popovun və P.Ryazanovun rəhbərliyi altında bəstəkarlıq məşğələlərini davam etdirib. Həmin dövrdə Niyazi gənc Azərbaycan bəstəkarı Asəf Zeynallı ilə birlikdə Leninqradda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlərin təşkil edilməsi və keçirilməsi sahəsində mühüm işlər görüb. Fəqət Leninqradın iqlimi Niyazinin səhhətinə pis təsir etdiyinə görə orada təhsilinə davam edə bilməyib. Bir müddət sonra Dağıstana köçüb və Dağıstan Xalq Maarif Komissarlığında elm, ədəbiyyat və incəsənət bölməsinin müdiri təyin edilib. Bu illər ərzində Niyazi Üzeyir bəy Hacıbəyov ilə müntəzəm olaraq yazışır, onun məsləhətlərini diqqətlə dinləyirdi. 1933-cü ilin ortalarında Niyazi Bakıya qayıdır. Burada o, müəyyən müddət Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında professor L.Rudolfun və S.Ştrasserin rəhbərliyi altında məşğul olur.
"Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Xosrov və Şirin" operasının (1942), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) müəllifidir. Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s. ) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə iki hissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır.
Yaratdığı “Çitra” baletinə görə Niyazini Hindistanda Beynəlxalq Nehru mükafatına layiq görülüb. Milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəyovun “Koroğlu” operası onun dirijorluğu altında dünya musiqisinin qızıl fonduna daxil olub. Maestronun tamaşaya hazırladığı “Nərgiz” (M.Maqomayev), “Vətən” (Q.Qarayev və C.Hacıyev), “Sevil”(F.Əmirov), “Qaratoxmaq qadın” (P.Çaykovski), “Knyaz İqor” (A.Borodin), “Karmen” (J.Bize) operaları, “Gülşən” (S.Hacıbəyov), “Yeddi gözəl”, “İldırımlı yollarla” (Q.Qarayev) baletləri incəsənət tariximizin yaddaqalan səhifələridir. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Niyazi Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. O: “Xalqın – xüsusən də gənc nəslin ümumi mədəniyyətinə, mənəvi aləminə, musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulan musiqi təbliğatı bu aktual problemi həll edə bilər”, - deyirdi.
1951-1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi.
O burada A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayıb. Həmçinin P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yenu quruluşlarına dirijorluq edib, həmin baletlərlə Parisin “Qran-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları verib və böyük uğurlar qazanıb. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor, bir azərbaycanlı kimi, ona doğma olan Türkiyəni seçib. Niyazi P.Çaykovskinin “Yevgeni Onegin” və “Qaratoxmaq qadın”, C.Verdinin “Aida” operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasına İstanbul Opera Teatrında ilk quruluş verib, onun ilk tamaşasına və “Yunus Əmrə” oratoriyasına dirijorluq edib. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif", A.Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Maestro Niyazinin misilsiz xidmətləri daima xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ona olan xalq məhəbbəti bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən onun ev-muzeyi kimi fəaliyyət göstərir. Hər il avqust ayında burada Maestronun xatirə gecəsi keçirilir. Böyük sənətkar doğulduğu ayda - 1984-cü il avqustun 2-də Bakı şəhərində vəfat etmişdir.
Niyazi sənəti əbədidir. Çünki onun istedadı, yaradıcılıq fəaliyyəti və yorulmadan çəkdiyi böyük zəhmət əsl ümumxalq məhəbbəti qazanıb.