PORTRET

Soltan Hacıbəyov (1919-1974)

  • 05.05.2022

Qarabağın görkəmli simaları

Soltan Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olmuşdur.

S.Hacıbəyov 1919-cu ildə Azərbaycanın ulu mədəniyyət mərkəzi sayılan Şuşada anadan olmuşdur. Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olmuşdur. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü.Hacıbəylinin ailəsində yaşamış və tərbiyə almışdır. Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxumuş, eyni zamanda musiqili komediya teatrında dirijor vəzifəsində çalışmışdır.
Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya Teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur.
O zaman xalq musiqisinin əsaslarını bilavasitə Üzeyir Hacıbəyli özü tədris edirdi. Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, İ.Zamanlının sözlərinə yazılmış “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.
Böyük Vətən müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbətilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.
1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edir. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq, müstəqil şəkildə repertuarlara daxil olur. 1946-cı ildə II simfoniya meydana çıxır.
Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri (“Yeni il”, “Bahar” və s.) vardır. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”.
“İsgəndər və Çoban (opera)” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılmışdır. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir (librettosu M.Seyidzadənindir).
1950-ci ildə S.Hacıbəyovun “Gülşən” baleti meydana gəlir. Müasir mövzuya həsr olunmuş bu baletə görə bəstəkar Stalin mükafatına layiq görülür.
1950-ci illərdə S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, 1950-1953-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləmişdir. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. 1950-ci illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış üvertüradır.
1950-ci illərdə bəstəkar Bolqarıstan və Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir.
1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini — orkestr üçün “Konsert”ini yazır. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə etmişdir. Onun bu “Konsert”i milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.
S.Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan M.İbrahimovun “Məhəbbət”, “Kəndçi qızı”, S.Vurğunun “İnsan”, S.S.Axundovun “Eşq və İntiqam”, S.Rəhmanın “Əliqulu evlənir” və başqalarını qeyd etmək olar.
1948-ci ildən S.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edir, 1948-1962-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969-1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışır.
SSRİ xalq artisti S.Hacıbəyov 1974-cü ildə vəfat etmişdir. Onun adı Sumqayıt musiqi məktəbi ilə əbədiləşdirilmişdir.