Zülfüqar Hacıbəyov
Qarabağın görkəmli simaları
Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Onun kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin incəsənətdə formalaşmasında çox böyük rolu olmuşdur. Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski də var.
Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. O, "On bir yaşlı arvad" (1911), "Evliykən subay" (1911) operettalarını da yaratmışdır. “Əlli yaşında cavan”, “Varlı”, “Evliykən subay” musiqili komediyalarında məişətimizdəki eybəcərlikləri, qadın hüquqsuzluğunu ifşa etmiş, dövrünün haqsızlıqlarını açıb göstərmişdir.
1915-ci ildə eyniadlı dastan əsasında yazdığı "Aşıq Qərib" operasının libretto müəllifi Üzeyir Hacıbəyovdur. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən "Aşıq Qərib" operasında xalq rəvayətindən istifadə olunmuşdur. O, 1917-ci ildə "Üç aşiq və ya Məlikməmməd" adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.
XX əsrin birinci rübündə məşhurlaşan "Kənd qızı", "Çoban qız" və "Əsgər nəğməsi" bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.
O, 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı simfonik pyes bəstələmiş, bundan başqa bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazmışdır. Bəstəkar 1943-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Nizaminin "İsgəndərnamə" poeması və Abdulla Şaiqin librettosu əsasında yazmağa başladığı "Nüşabə" operası tamamlanmayıb.
Zülfüqar Hacıbəyov 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir.