Görkəmli alim, bacarıqlı və fədakar elm təşkilatçısı
QULİYEV İBRAHİM SƏİD OĞLU – 75
Azərbaycan Respublikasının Əməkdar elm xadimi İbrahim Səid oğlu Quliyev 1947-ci il mayın 23-də Qırğızıstan Respublikasının Bazar-Kurqan kəndində anadan olmuşdur.
1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.
İ.Quliyev 1978-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1989-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1999-cu ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Quliyev İ.S. təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış və karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA Geologiya və Geofizika və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi-texnoloji prinsiplərini şərh, uzunmüddətli monitorinq aparılmasını təşkil etmişdir. Bu tədqiqatlar nəticəsində yer qazlarının həcmində kosmik və geoloji faktorlardan asılı olan periodik dəyişmələrin olduğu göstərilmişdir. Bu elmi tədqiqatlar “greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır.
İ.Quliyev əmək fəaliyyətinə 1970-ci ildə AEA Geologiya İnstitutunda başlayaraq, böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. O, Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmçinin AMEA-nın vitse-prezidenti vəzifələrində çalışır.
İ.Quliyev təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış, karbon tərkibli qazın çıxma həcmi dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA-nın Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi-texnoloji prinsiplərini şərh etmiş və yer qazlarının həcmində kosmik və geoloji amillərdən asılı olan dövri dəyişmələrin olduğunu göstərmişdir. Bu elmi tədqiqatlar "greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır. O, həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqunu tərtib etmişdir. Bu tədqiqatlar çöküntü süxurlarının spontan həyəcanlanması və sıxlıq azalmasının modelini vermiş, seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərmişdir. Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modelini hazırlamışdır.
Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İ.Quliyevə və onun AMEA Geologiya və Geofizika İnstitutu, Beynəlxalq Elmi Tədqiqat İnstitutu, Okeanologiya (Rusiya) İnstitutundan olan həmkarlarına məxsusdur. İ.Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında sürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir.
İ.Quliyev 210 elmi əsərin (100-ü xaricdə çap olunmuşdur), o cümlədən 8 monoqrafiya, eləcə də 50 publisistik əsərin müəllifidir. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 8 fəlsəfə doktoru hazırlanmışdır.
İ.Quliyev Amerika Neftçi-Geoloqlar Assosiasiyasının Azərbaycan bölməsinin prezidentidir. O, RDU-nun (Moskva) neft və qaz kafedrasında, Azərbaycan Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Geoloqlarının Milli Komitəsinin, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının Milli Komitəsinin prezidentidir.
O, 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi, 2010-cu ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə (bir qrup alimlə) müstəqil Azərbaycan Respublikasının ilk Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. İ.Quliyev Azərbaycan və Rusiya beynəlxalq elmi əlaqələrinin inkişafında böyük xidmətlərinə görə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir.
İbrahim Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Yer Elmləri Bölməsinin sədridir.
2017-ci ildə “Şöhrət” ordeni, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur.
İbrahim müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, cansağlığı və elmi fəaliyyətində uğurlar diləyirik. 100 yaşayın, İbrahim müəllim!
AKADEMİK ZİYAD SƏMƏDZADƏ