PORTRET

Mənimlə yaşayan xatirələr...

  • 19.05.2022

Bəşir Əhmədov - 90

Ömrünün 50 ilini Azərbaycan təhsilinin elmi-pedaqoji məsələlərinin araşdırılmasına və bu sahədə kadrların hazırlanmasına, elmimizin dünya miqyasında tanınmasına sərf etmiş mərhum alim, filoloq-dilşünas, istedadlı pedaqoq, metodist, professor Bəşir Əhmədovun 90 illik yubileyidir.

Mənalı həyatını elmin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Bəşir Abbas oğlu Əhmədov Ali Attestasiya Komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının, Elmlər Akademiyasında Terminologiya komitəsinin, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Komissiyası rəyasət heyətinin, “Maarifçi” qəzeti redaksiya heyətinin və Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun üzvü olmuşdur.
Bəşir Əhmədov 1932-ci il mayın 5-də Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1961-ci ildə "V sinifdə Azərbaycan dili fonetikasının tədrisi" mövzusunda namizədlik, 1967-ci ildə "Məzmunla formanın vəhdəti nitq inkişafı metodikasının əsası kimi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.1960-1966-cı illərdə Azərbaycan ETPEİ-də (indiki Təhsil İnstitutunda) elmi işçi, sonra elmi katib vəzifələrində çalışmışdır. 1966-1971-ci illərdə M.F.Axundov adına APRDƏİ-də (indiki BSU) “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının, 1971-1976-cı illərdə isə V.İ.Lenin adına APİ-də (indiki ADPU) “Pedaqogika” kafedrasının müdiri işləmişdir.1976-1984-cü illərdə APXDİ-də (indiki Xarici Dillər Universitetində) pedaqogika fənnini tədris etmişdir.1984-cü ildən ömrünün sonuna qədər BSU-da “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasına rəhbərlik etmişdir.
Mayın 5-də görkəmli Azərbaycan alimi, pedaqoji elmlər doktoru, professor, bənzərsiz, dəyərli, sadə və təbii İNSAN Bəşir Abbas oğlu Əhmədovun 90 illik yubileyi idi.


Ustadla əlaqəli xatirələrim...
Məktəb bir-birinə dəymişdi... Hamının üzündə təlaş var idi. Müəllimlər hara isə tələsir, şagirdlər dəstə-dəstə dayanıb pıçıltı ilə danışırdılar. Maarif nazirinin qohumu olan, rayon rəhbərlərini heç vaxt vecinə almayan məktəb direktorunun üzündəki nigaranlıq vəziyyəti daha da mürəkkəbləşdirirdi.
Bakıdan komissiya gəlmişdi!
Və bu ucqar kənd məktəbi qəfil gəlişdən çaxnaşmaya düşmüşdü...
Biz - onuncular zəng vurulan kimi yerlərimizi tutduq. Gözlər intizarla qapıya zilləndi. Fizika müəllimimiz içəri daxil oldu və hamımız heyrətlə ona baxdıq. Neçə illər bizə dərs deyən müəllimimiz yay-qış başından çıxarmadığı kepkasını qoymamışdı. Dən düşmüş qara, cod saçları səliqə ilə arxaya daranmışdı. Elə yaraşıqlı görünürdü ki...
Bütün rayonda səriştəli müəllim kimi tanınan Fərrux müəllim həmişəki qayda ilə dərsini keçib getdi və gedəndə: “Gələnlər humanitar fənlərlə maraq-lanırlar,” – dedi.
Tərs kimi ikinci saat ədəbiyyat idi. Gözlədiyimiz baş verdi; ədəbiyyat müəllimimiz sinfin qapısını geniş açaraq, səsi həyəcandan qırıla-qırıla: “Buyurun, keçin,” – dedi.
Bizə nəhəng görünən, başlıcası isə iri, qara, hələ bəlkə də ala olan gözlərinə baxılması mümkün olmayan bir kişi tələsmədən içəri girdi. Nədənsə bu kişini müəllim kimi yox, vəzifə sahibi kimi qavradıq. Kəndimizdə yenicə göstərilən “Böyük dayaq” filmindəki Rüstəm kişi kimi bir adam təsiri bağışladı bizə.
Müəllimin qabaqda – müəllim stolunun arxasında oturmaq təklifini qəbul etmədi, lap birinci cərgədə, sol tərəfdəki skamyada yanpörtü oturdu. Sinfə göz gəzdirdi. Cəmi doqquz nəfər idik. Nüfuzedici gözlərinə, zəhimli baxışlarına tuş gəlməməyə çalışırdıq. Gözləmədiyimiz və bizim üçün qeyri-adi sual eşitdik: “- Ayə, necəsiniz?”
Qalmışdıq məəttəl. Nə deyək? Heç cınqırımızı da çıxarmadıq.
İkinci sual birincisindən də gözlənilməz oldu: “- Alça yetişib?”
Hamımız pəncərədən məktəbin meyvə bağına baxdıq. İndi yüksək hərbi rütbə sahibi olan Tofiq özündən asılı olmayaraq: “- Müəllim, bu bağda alça ağacı azdır, gavalı isə çoxdur”, - dedi.
“- Bəs, balıq necə, balıq tuta bilirsiniz?”
Başa düşdük ki, məktəbə gələn yolun kənarından keçən böyük kanala diqqət edib.
Sinifdə qurcuxma başlandı. Vahid tez dilləndi: “- Müəllim, kanalın suyu azalan kimi balıqları üzə çıxır, yığ ki, yığasan.”
Səxavət lap ürəkləndi, qolunu çəkinmədən irəli uzadıb: “- Dünən, yalan olmasın, bax, bu boydasını tutmuşdum”, – dedi.
Mən altdan-altdan ona baxırdım. Açıqca hiss edirdim ki, deyilənləri çox diqqətlə dinləyir, sanki bütün bu sözlər onun üçün çox vacib idi. Ədəbiyyat müəllimimizin rəngi-rufu özünə gəlmişdi. Əzələlərimiz boşalmış, rahat nəfəs almağa başlamışdıq.
Hamımızdan cəsarətli olan Rəşidin məktəbimizin fəxri sayılan Tofiq Hacıyev haqqında soruşması bu zəhimli kişi ilə bizim aramızdakı səddin tamam ortadan qalxmasına səbəb oldu. Öyrəndik ki, haqqında həmişə hörmətlə, məhəbbətlə danışdığımız Tofiq Hacıyev onunla universitetdə eyni vaxtda oxuyub, üstəlik dostdurlar.
Sonra... sonrası daha maraqlı və səmimi oldu. Bir də onda ayıldıq ki, dərsimizin mövzusu olan “Danabaş kəndinin əhvalatları” əsəri ilə bağlı bizi mübahisəyə çəkib. Çəkinib eləmədən fikirlərimizi söyləyir, bizdən sübut istəyəndə mətnə müraciət edirdik.
Amma ilişdik. Qadın obrazlarından danışırdım. Birdən ayağa qalxdı, mənə yaxınlaşıb ağır əlini çəlimsiz, sümüklü çiynimə qoydu və hərarətlə dedi: “- Zeynəbi güclü iradəyə malik insan saymaq olarmı?”
Dərsdən sonra yoldaşlarım deyirdilər ki, bu sualı eşidəndə gözlərin elə iriləşdi ki, sanki hədəqəsindən çıxacaqdı.
Beynim ildırım kimi işləyirdi. Artıq onun suallara necə cavab tələb etdiyini anlamışdım. Çox yaxşı bilirdim ki, “hə” də desəm, “yox” da desəm, məni “niyə”, “nə səbəbə”, “fikrini əsaslandır” sözləri ilə məhşər ayağına çəkəcək. Məsələnin bu tərəfi məni dərdə salmışdı.
“-Yaxşı”, - deyə o, gülümsündü: “- Bəs, Məmmədhəsən əminin əsl faciəsi nədir?”
Bütün sinif bir-birinə dəydi. Fikirlər haçalandı, mübahisə gücləndi və elə həmin dərsdəcə başa düşdük ki, əsərin məzmununu tutuquşu kimi təkrarlamaq böyük hünər və əsas məsələ deyilmiş.
Zəngin necə vurulduğunu, vaxtın necə başa çatdığını hiss etmədik və o, bizim əhatəmizdə sinifdən çıxdı. Müəllimlər otağına qədər müşayiət etdik, suallar verdik, yaddan çıxmayan cavablar aldıq. Hamı – müəllimlər də, şagirdlər də tamaşamıza çıxmışdı.
O vaxt heç ağlıma da gəlməzdi ki, Rüstəm kişiyə oxşatdığımız bu zəhimli kişi – Bəşir Abbas oğlu Əhmədov düz doqquz il sonra mənim elmi rəhbərim, ustadım olacaq. Ən başlıcası isə, bir insan və alim kimi formalaşmağımda əvəzsiz rol oynayacaqdır.
Unudulmaz ustadımla bağlı yaddaşımda, qəlbimdə özünə möhkəm yer eləmiş və mənimlə yaşayan xatirələr çoxdur. Onlardan birini dost-tanışa danışmaqdan usanmıram. Aspirant olarkən tez-tez Moskvada olurdum.
Belə gedişlərin biri Bəşir müəllimin Moskvada üç aylıq kursda olduğu dövrə təsadüf etdi. SSRİ Pedaqoji Elmlər Akademiyasının yataqxanasına getdim. Axşamdan xeyli keçmişdi. Elə birinci mərtəbədə institutumuzun müəllimi Malik Cəbrayılovu gördüm. Bəşir müəllimin otağının yerini öyrəndim. Qapı yarıaçıq idi. Bəşir müəllim adəti üzrə, ucadan, həm də çox emosional danışırdı. Rus dilində danışırdı. Səkkiz-doqquz nəfər yaşlı adam isə dinməz-söyləməz qulaq asırdı. İçəri girməyimdən heç kim xəbər tutmadı. Siqaret tüstüsü nəfəs almağa imkan vermirdi. Oturanların içində, yalan olmasın, “qardaş” respublikaların əksəriyyətindən nümayəndə var idi. Tumbaya söykənib xeyli dinlədim. Ürəyim dağa dönmüşdü. Bəşir müəllimin saçı-saqqalı ağarmış professorlara, dosentlərə dedikləri didaktikanın ən mübahisəli məsələləri ilə bağlı yeni fikirlər idi...
Ömrüm boyu ondan öyrənmişəm. Təkcə elmi yaradıcılığını yox, danışığını, davranışını, insanlara münasibətini diqqətlə izləmiş, müşahidə etmişəm. İnsaflı olduğunun, haqqı yerə qoymamaq üçün ən çətin, mürəkkəb məqamlarda belə mücadilə etdiyinin dönə-dönə şahidi olmuşam. Polemikanı, diskussiyanı çox sevirdi. Dəfələrlə müşahidə etmişdim ki, elmi mülahizələrinin tənqid edilməsini çox sakit, təmkinlə qarşılayır. Dayaz düşüncənin məhsulu olan tənqidi yazılara isə əhəmiyyət belə verməzdi.
Yadımdan çıxmır, rəhmətlik öz məqalələrinin birində yazırdı: “Bu gün “şagirdlərin müstəqil işi”, “fəallıq”, “müstəqillik” anlayışları barədə ziddiyyətli fikirlər çoxdur. Bu anlayışların mahiyyətini aydınlaşdırmaq, onlara dürüst tərif vermək, əlbəttə, asan deyil, bu, ciddi tədqiqat tələb edir.”
Məsələyə öz bəsit, yoxsul baxışı ilə yanaşan bir nəfər orta məktəb müəllimi bu fikrə etiraz edərək yazmışdı: “Burada çətin nə var?! Şagirdə tapşırıq verirsən, o da işləyir də.”
Doğrusu, məni od götürdü. Cavan vaxtım idi, kəskin tənqidi fikirlərə daha çox yer verilmiş məqalə hazırladım. Mərhum professor Əziz Əfəndizadə bir kəlməsinə də toxunmadan “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında nəşr etmək üçün qəbul etdi. Dilim dinc durmadı, özünə də bu barədə danışdım. Məqalənin bir nüsxəsini məndən alıb oxudu, ciddi şəkildə dedi: “Sən onun qol-qanadını qırmısan ki... Kənd yerində oturub və fikirlərini yazıb. Bunun nəyi pisdir? Sən başqa məzmunda məqalə yaz, problemin mürəkkəbliyinə diqqətini cəlb elə.”
Nəticədə irihəcimli müştərək məqaləmiz (“Fəallıq”, “müstəqillik”, “müstəqil iş” anlayışları haqqında”) ərsəyə gəldi.
Məni – artıq ömrünün qürub çağını yaşayan qoca kişini həmişə bir sual narahat edib: Xeyirxahlığı, insanpərvərliyi, istedadı ilə seçilənlər niyə fərqləndirilmirlər? Axı, əksəriyyət onların kim olduğunu yaxşı anlayır?!
Bizim institutda işləyərkən qurğu ilə qarşılaşdı, qan qaraldıcı əhvalat baş verdi. İnandığım insana - əziz Əbdül Əlizadəyə müraciət etdim, şikayətləndim: “Axı bütün bunlara səbəb nədir? Görmürlərmi Bəşir müəllim kimi insanlar çox azdır?”
Əbdül müəllim pəncərənin önünə keçdi, xeyli müddət susdu, səmaya baxırdı. Nəhayət, mənə tərəf dönmədən astadan dedi: “Bağçada, bağda ən hündür ağaca fikir vermisən? Çox vüqarlı görünür, eləmi? Bəs, belə ağacların yan-yörəsində bitənlərə necə, diqqət yetirmisənmi? Alçaq boylu ağacların özlərindən seçilən hündür, vüqarlı ağaca necə həsrətlə, qibtə ilə baxdıqlarının fərqinə varmısanmı? Cəmiyyətdə də belədir! Amma bir az fərqli; bu qibtə çox vaxt həsədə, paxıllığa çevrilir. Faciə də buradan başlanır...”
Çox illər keçib. Çox mətləblər mənə aydın olub. Məsələn, aydın olub ki, istedadlı adamları, dahiləri sevmirlər! Belələrinin əməyinin nəticələrindən, zəkasından gen-bol bəhrələnsələr də, onlara səmimi, sevgi dolu münasibət bəsləyə bilmirlər. Bəlkə bu, normal haldır?! Bilmirəm. Bildiyim odur ki, istər xristian aləmində, istərsə də (biçarə) müsəlman mühitində bu, belədir. Amma sonuncular bu baxımdan lap irəlidədirlər!
Dediyim kimi, professor Bəşir Əhmədovun yaradıcılığını hərisliklə öyrənmişəm. Bu gün də öyrənirəm. Təlimə yeni yanaşma ilə bağlı indiki araşdırmalarımda müraciət etdiyim mötəbər mənbələrdən birincisi onun zəngin irsidir. “Problemli təlim”, “problem situasiya” (bu gün “motivasiya”), “inkişafetdirici təlim”, “fəal təlim”, “proqramlaşdırılmış təlim”, “alqoritmik təlim” və s. anlayışlar bu gün yenidən gündəmə gəlib, açıq-aşkar müşahidə edirəm ki, “novatorlar”ın fikirləri Bəşir Abbasoğlunun 40 il öncə əsaslandırdığı elmi fikirlərin səviyyəsinə qalxa bilmir. Qənaətim möhkəmdir: nadir istedad sahibi olan mərhum alimimizin zəngin irsi öz dəyərini hələ bundan sonra da saxlayacaq. Həqiqi elm adamları bu irsdən həmişə bəhrələnəcəklər.
Rəhmətliyin mənə təlqin etdiyi insani keyfiyyətlər və mənim barəmdə dedikləri ömrüm boyu diqqətli və məsuliyyətli olmağımda əhəmiyyətli rol oynamışdır. Mükəmməl öyrənmədiyim, bilmədiyim elmi məsələ barədə heç vaxt danışmamış və yazmamışam. Namizədlik dissertasiyamın müdafiəsində çıxışının sonunda dedi: “Metodika ilə məşğul olanlarda görmək istədiyim keyfiyyətləri iki nəfərdə müşahidə etmişəm: Dursun Məmmədovda və Soltanda...” Şəxsiyyətinə, elminə pərəstiş etdiyin bir insandan bu qiyməti alandan sonra məsuliyyətli, diqqətli, əməksevər olmamaq mümkündürmü?!
Mən o alimi xoşbəxt hesab edirəm ki, ləyaqətli yetirmələri var və onun yetirmələri ustadlarına bəslədikləri səmimi hisslərə xəyanət etmirlər. Mərhum Bəşir Abbasoğlu belə insanlardandı.

* * * * *

Qeyd etdiyim kimi, unudulmaz ustadımız yaşasaydı, bu il 90 yaşı olardı. Amma sirrini kimsəyə verməyən bu qoca dünyanın əzəldən təbiəti belədir: insan əbədi deyil, ölümsüz deyil... Amma insanın birdəfəlik yox olması, izsiz-soraqsız yox olması da mümkün deyil... Deyirlər ki, insan xatirələrdə yaşayır. Bu, doğru, amma insanı ölümsüz edən onun əməlləridir, özündən sonrakı nəsillər üçün etdikləridir. Nadir istedad sahibi kimi yüksək dəyərləndirilən Bəşir Abbasoğlu bizim üçün, bizdən sonrakı nəsillər üçün təkrarolunmaz mənəvi sərvət qoyub. Onu uzun illər yaşadacaq sərvət...

 

Soltan Hüseynoğlu,
ADPU-nun dosenti