70 yaş nədir ki?!..
Akademik Ziyad Səmədzadə, “İqtisadiyyat” qəzetinin baş redaktoru Aytən Səmədzadə və bütün kollektivi məhsuldar alim, çox dəyərli ziyalı, qayğıkeş pedaqoq, mehriban və səmimi insan Məhəbbət Məmmədovu 70 illik yubileyi münasibəti ilə təbrik edir, Azərbaycanın tərəqqisi naminə gördüyü işlərdə uğurlar diləyir.
70 yaşınız mübarək, Məhəbbət müəllim! 100 yaşayın!
Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədov 8 iyun 1952-ci ildə Borçalı mahalında dünyaya göz açmışdır. 1974-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Mühəndis-İqtisad fakültəsini bitirdikdən sonra təyinatla Respublika Hesablama Mərkəzinə göndərilmiş, burada iqtisadçı, böyük iqtisadçı vəzifələrində çalışmışdır.
1988-ci ildə Moskva İnşaat Mühəndisləri Universitetində “Tikinti obyektlərinin qiymətləndirilməsini nəzərə almaqla tikinti proqramlarının formalaşdırılması” mövzusunda namizədlik, 2009-cu ildə “Keçid iqtisadiyyatında proqram məqsədli idarəetmənin təkmilləşdirilməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O,1993-cü ildə dosent, 2012-ci ildə professor elmi adlarını almışdır.
1980-1992-ci illərdə Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyində iqtisadçı, aparıcı mühəndis, baş inspektor, elmi idarənin rəis müavini, ali təhsil və elm idarəsinin rəis müavini vəzifələrində işləmişdir. 1992-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent, 1994-cü ildən isə “Biznesin iqtisadiyyatı və menecment” kafedrasına (əvvəllər bu kafedra “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” adlanırdı) rəhbərlik edir.
O, universitetdə elmi-pedaqoji fəaliyyət göstərməklə yanaşı, 2006-cı ildən Azərbaycan Respublikası Sənaye və Energetika, 2010-cu ildən 2015-ci ilin oktyabr ayına kimi Energetika Nazirliyində “Dövlət və beynəlxalq proqramların hazırlanması və icrasına nəzarət” şöbəsinin müdiri vəzifəsində çalışmış, dövlət qulluğunun baş müşaviri kimi fəaliyyət göstərmişdir.
Prof. M.A.Məmmədov 250-yə yaxın elmi əsərin, o cümlədən “Thomson Reuters” bazasına daxil olan və “Skopus” bazasında indeksləşən jurnallarda çap olunan elmi məqalə və tezislərin, 5 monoqrafiyanın, 8 dərsliyin, Almaniya, Fransa, Macarıstan, Çexiya, Türkiyə, İran, Rusiya və s. ölkələrdə çap olunmuş 45 elmi əsərin müəllifidir.
Məhəbbət müəllimin rəhbərliyilə müdafiə etmiş 27 nəfər doktorant və dissertantdan ikisi İran İslam Respublikası, bir nəfər isə Türkiyə Respublikasının vətəndaşıdır. Hal-hazırda onun rəhbərliyilə doktorluq proqramı çərçivəsində 4 nəfər və 5 doktorant (o cümlədən, 2 xarici ölkə vətəndaşı) dissertasiya işlərini yerinə yetirirlər.
Prof. M.A.Məmmədov AAK-nın İqtisadiyyat Elmləri üzrə Ekspertiza Şurası,ölkə iqtisadiyyatının bir sıra sahələri üzrə hazırlanan dövlət proqramları üzrə işçi qrupu, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf strategiyası və tədbirlər planını hazırlayan işçi qrupunun üzvü olmuşdur. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.10.2014-cü il tarixli 325 saylı qərarı ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının üzvü olmuşdur.
Prof. M.A.Məmmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərmiş D 02.042 dissertasiya şurasının sədr müavini, 5312.01 - Sahə İqtisadiyyatı Dissertasiya Şurasının sədri, AMEA-nın İqtisadiyyat İnstitutunda İqtisad Elmləri üzrə Koordinasiya Şurasının üzvü olmuşdur. O, hal-hazırda bu institutda fəaliyyət göstərən dissertasiya şurasının üzvüdür. Prof. M.A.Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın elmi əsərlər siyahısına daxil edilmiş “Tikintinin iqtisadiyyatı və menecment” jurnalının baş redaktoru, Ukrayna Y.Kondratyev adına Poltava Politexnik Universitetinin “İqtisadiyyat və region”jurnalının redaksiya heyətinin üzvüdür.
Prof. M.A.Məmmədov elmi-pedaqoji və istehsalatda səmərəli fəaliyyətinə görə ölkə Prezidenti cənab İ.Əliyevin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bundan başqa, o, Təhsil Nazirliyi, Energetika Nazirliyi, Enerji Nəzarəti Dövlət Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri fərmanlarını almışdır.
Məhəbbət müəllim məhsuldar və istedadlı alim, tələbkar və qayğıkeş pedaqoq, xeyirxah və təvazökar insan olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır. Övladları Emil və Ramil atalarının yolunu davam etdirir. Hər ikisi iqtisad üzrə fəlsəfə doktorudur.
Çox hörmətli Məhəbbət müəllim! Sizin üçün çox doğma olan “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının kollektivi Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sağlam və uzun ömür, fəaliyyətinizdə yeni-yeni uğurlar və bütün hədəflərinizə çatmağı arzulayır.
Borçalı kitabına alim tək düşdü adın...
Borçalı bir yarımız, nəzər salsın keçmişə
Borçalının şərəfin uca tutdun həmişə.
Borçalı dünənimiz, Borçalı bu günümüz
Borçalı sabahımız, Borçalı hər anımız.
Borçalıda doğuldun, Borçalıda böyüdün
Borçalıda eşitdin ata-ana öyüdün.
Arzular cığırında ilk qələbə çaldın sən
İqtisadçı-mühəndis diplomunu aldın sən.
Uğuruna sevindi həm qohumun, həm
yadın
Borçalı kitabına alim tək düşdü adın.
Hər bir şeydən güclüdür vətənə
məhəbbətin
Gözəl övladlarındır çox dəyərli sərvətin.
Bu dünyanın ağrısın daşımağa dəyərmiş,
Bir ocaqda üç alim yaşamağa dəyərmiş.
Bu dünyanın çox gördün şirin-acı dadını
Ayan bala bəxş etdi sənə baba adını.
Məhəbbətlə yaşadın, məhəbbətlə ucaldın
Məhəbbətlə ömür edən deməz heç vaxt
“qocaldım”.
Yavaş-yavaş ağarır saçlarında qar sənin
Doğmaların inanmaz yetmiş yaşın var
sənin.
70 yaş nədir ki, xoş günlər qabaqdadır
Xoş günlərə açılan gələcək sabahdadır.
Əliyev Ələsgər Mehdi oğlu,
“Biznesin iqtisadiyyatı və
menecment” kafedrasının
dosenti, i.e.n.