PORTRET

Süleyman Ələsgərov (1924-2000)

  • 18.06.2022

Görkəmli bəstəkar, Azərbaycan SSR xalq artisti, Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulmuşdur.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944-1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949-1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951-1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952-1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954-1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960-1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971-1998) vəzifələrində çalışmışdır. Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantata, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı, simfonik poema və süitaları, 3 tar konserti, 200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata", "Rondo", "Aşıqvari", qanun aləti üçün yazdığı "Poema" ("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir. Süleyman Ələsgərov bir çox bədii və sənədli filmlərə musiqi bəstələmişdir. O, “Azərbaycan atları” (1953), “Daşkəsən” (1946), “Qabaqcıl sovxozda” (1955), “Qəmbər Hüseynli” (2007), “Musiqişünas” (2001), “Ulduz” (1964), “Aktrisanın təbəssümü” (1974), “Azərbaycan elləri” (1976), “ Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü” filmlərinin musiqisinin müəllifidir.
Bəstəkar 1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır.
1960-cı ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına, 1974-cü ildə "Azərbaycan SSR xalq artisti" fəxri adına layiq görülmüşdür.
1967-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı, 1999-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə vəfat etmişdir.