PORTRET

Zamanı qabaqlayan alim

  • 18.06.2022

Azərbaycanda aerokosmik tədqiqatlar sahəsində əlli ilə yaxın çalışan texnika elmləri doktoru, respublikanın əməkdar mühəndisi, professor  Fuad Mahmud oğlu Hacızadənin 70 yaşı tamam olur. Onun keçdiyi şərəfli ömür yolu, zəngin elmi-pedaqoji və praktiki fəaliyyəti, geniş intellektual imkanları, yaradıcılıq əzmi ilə vətən elminin inkişafı, o cümlədən aerokosmik tədqiqatlar, ekoloji və fövqəladə hallar üzrə problemlərin öyrənilməsi və həlli, bu sahələrdə gənc mütəxəssislərin hazırlanması çox böyük və əhəmiyyətli işlər görmüş vətənpərvər alim-vətəndaşı göz önündə canlandırır. 


 

Fuad Mahmud oğlu Hacızadə 19 iyun 1952-ci ildə Siyəzən şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1974-cü ildə Rusiyanın məşhur ali təhsil ocaqlarından olan Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin Riyaziyyat-mexanika fakültəsini bitirmişdir. Həmin ildən Milli Aerokosmik Agentliyində (MAKA) əmək fəaliyyətinə başlamışdır. 1981-1982-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Atmosferin Fizikası İnstitutu, Okeanologiya İnstitutu və sonra Kosmik Tətqiqatlar İnstitutunda uzunmüddətli ezamiyyətlərdə olub. Agentlikdə mühəndis vəzifəsindən baş direktorun birinci müavini vəzifəsinədək yüksəlmiş, uzun illər (1991-2008) MAKA Ekologiya İnstitutuna rəhbərlik etmişdir. 2009-2011-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yenicə yaradılmış Akademiyasında rəis müavini (prorektor) vəzifəsində çalışmışdır. 29 iyun 2011-ci il - iyun 2017-ci il tarixlərində AR FHN-in Elm və tədris məsələləri üzrə şöbəsinə rəhbərlik etmişdir. 2017-ci ildən isə AMEA Geologiya və Geofizika İnstitutunda çalışır.
Azərbaycanda Yerin aerokosmik tədqiqatlarında cığır açanlardan biri olan professor F.Hacızadə ilk elmi adına Moskvada, keçmiş SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda apardığı araşdırmalar nəticəsində nail olmuşdur. 1983-cü ildə "Yerin "Meteor-28" süni peykindən alınan infraqırmızı spektrlər əsasında atmosferin kiçik qaz komponentlərinin həcminin təyini" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Apardığı nadir aerokosmik tədqiqatlar və eksperimentlər istedadlı alimə qlobal miqyasda aktuallaşan ətraf mühit və ekologiya problemlərini daha dərindən öyrənmək, onların həlli istiqamətində səmərəli elmi-praktiki işlər görmək imkanı vermişdir. Azərbaycanda və xaricdə bu mövzulara həsr edilən seminar, konfrans və simpoziumların təşkilatçısı və fəal iştirakçısı olan F.Hacızadənin elmi məruzə və çıxışları daim böyük maraqla qarşılanmış, yüksək dəyərləndirilmişdir. O,1993-cü ildə Bakı şəhərində keçirilmiş “Ekologiyanın müasir problemləri: onların həlli yolları” adlı, ətraf mühitin problemlərinin həllinə həsr edilmiş respublikada ilk beynəlxalq elmi konfransın təçkilatçısı olmuşdur. 1998-ci ildə Avstriyanın Qrats şəhərində BMT tərəfindən "Yerin təbii ehtiyatlarının tədqiqi və müasir kosmik texnologiya" mövzusunda keçirilən beynəlxalq simpoziumda F.Hacızadənin Azərbaycanda ətraf mühitin aerokosmik üsullarla öyrənilməsi sahəsində aparılan işlər barədə məruzəsi böyük maraqla qarşılanmışdır. Tanınmış alim 2000-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində "Beynəlxalq radiasiya" simpoziumunda geniş elmi məruzə ilə çıxış etmişdir.
Bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Almaniyada, Türkiyədə, Avstriyada, İranda, Ukraynada, Sinqapurda dəfələrlə elmi ezamiyyətlərdə olan F.Hacızadə özünün parlaq istedadı, geniş erudisiyası, yaradıcılıq əzmi ilə hər yerdə, həmişə Azərbaycan elmini layiqincə təmsil etmiş, öz həmkarları arasında dərin hörmət və ehtiram qazanmışdır.
Respublikamızda və xaricdə 180-dən artıq dəyərli elmi məqaləsi və əsəri çapdan çıxan alimin 1997-ci ildə nəşr etdirdiyi "Atmosferin ekoloji monitorinqi" adlı sanballı monoqrafiyası onun çoxillik gərgin zəhmətinin bəhrəsi olmuşdur. O, atmosferin ekoloji monitorinqi sahəsində apardığı dəyərli tədqiqatları və aldığı elmi nəticələri yekunlaşdıraraq, 1998-ci ilin noyabr ayında "Atmosferin ekoloji monitorinqi üçün cihazların və üsulların işlənməsi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Fuad Hacızadəyə 1999-cu ilin fevral ayında texnika elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Professor F.M.Hacızadə tutduğu vəzifələrdə, çalışdığı sahələrdə əzmkarlıq, yüksək bilik və səriştə, bacarıq, novatorçuluq və peşəkarlıq göstərmişdir.
O, çalışdığı sahələrdə bir sıra mühüm elmi-texniki layihələrə rəhbərlik etmişdir. Belə ki, 1990-cı ildə Naxçıvanda keçirilən “Naxçıvan-1990” aerokosmik eksperimentin rəhbəri, Milli Aerokosmik Agentliyinin baş direktoru, mərhum akademik Tofiq İsmayılovun müavini olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi tapşırığı əsasında MAKA Ekologiya İnstitutu tərəfindən Fuad Hacızadənin rəhbərliyi ilə Qarabağın dağlıq ərazilərində erməni separatçıları tərəfindən gizli salınmış hərbi təyinatlı yolların və ərazidə yerləşdirdikləri hərbi obyektlərin aşkar edilməsi məqsədi ilə aerofotoçəkiliş işləri aparılmışdır. Bu işlərdə AN-30 tipli təyyarədə quraşdırılmış, Ekologiya İnstitutuna məxsus Karl-Seys istehsalı və SSRİ-də yeganə olan MKF-6 aerofotoaparatından istifadə edilmişdir. Aerofotoçəkiliş işləri aparılan zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyinə zəruri, faydalı məlumatlar təqdim olunmuşdur.1992-ci ildə Geodeziya və Kartoqrafiya Komitəsinin sifarişilə Azərbaycan Respublikasının sərhədlərinin dəqiqləşdirilməsində zəruri olan aerofotomateriallar əldə etmək məqsədilə respublikamızın sərhəd ərazilərinin aerofotoçəkiliş işləri aparılmışdır.
1991-1994-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Respublikanın bir sira rayonlarının torpaq tədqiqatlarının aparılmasını, aerofotoçəkilişlər əsasında inzibati rayonların sərhədlərini müəyyənləşdirmək məqsədilə rəhbər olduğu Ekologiya İnstitutunun mütəxəssisləri torpaqların inventarizasiyası işlərini yerinə yetirib.
Həmçinin, onun rəhbərliyi altında Xəzər dənizinin ekoloji atlasının elementlərinin işlənilməsi (2002-ci il), Abşeron yarımadasının kompleks ekoloji atlasının elementlərinin işlənilməsi (1999-2001-ci illər), Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) sifarişi əsasında Bakı-Supsa neft kəmərinin ekoloji təhlükəsizlik məsələlərinin işlənilməsi (1997-ci il), Vahid dövlət ekoloji monitorinq sisteminin elmi əsaslarının işlənilməsi (2006-2007-ci illər), qonşu ölkələrdən ötürülən zərərli maddələrin transsərhəd daşınmalarının nəzarət sisteminin elementlərinin işlənilməsi (2006-2007-ci illər), “Lukoil” MMC şirkətinin Azərbaycan Respublikası ərazisində “Ekoloji monitorinq istehsalat sisteminin işlənilməsi” (2007-ci il) kimi irimiqyaslı elmi-praktiki layihələr həyata keçirilmişdir.
Professor F.M.Hacızadə bir sıra aparıcı elm təşkilatları, o cümlədən RF Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu ilə əlaqələrini indiyədək saxlamaqdadır. 2021-ci ilin noyabr ayında Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda Ümumrusiya "Yerin məsafədən zondlaşdırılması problemləri" konfransında, 23 dekabr 2021-ci il tarixində iqlim dəyişmələrinin səbəblərindən olan CO2 - karbon dioksid və metan - CN4 qazlarının konsentrasiyalarının peyklərdən ölçmə üsullarının və vasitələrinin inkişafına həsr olunmuş seminarda iştirak etmişdir.
Bu ilin may ayında Bakı şəhərində keçirilən “TEKNOFEST Azərbaycan” festivalında alimin kosmosda mövcud olan kosmik zibil probleminin həllinə yönəlmiş layihəsi təqdim edilib.
Qeyd edək ki, 2008-ci ildən 2013-cü ilədək professor F.M.Hacızadə Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə (Əmr N 14 30.01.2008) Azərbaycan Respublikasının ilk milli telekomunikasiya - “AZƏRSPEYS” peykinin hazırlanması, orbitə buraxılması, orbital mövqenin və tezliklərin əldə olunması üzrə işçi qrupunun üzvü olunmuşdur.
Professor F.M.Hacızadə 1999-cu ildən Beynəlxalq Ekoenergetika Akademiyasinin həqiqi üzvüdür. O, Rusiya Federasiyasının üç elmlər akademiyasının həqiqi üzvü seçilmişdir: Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (Российская Академия Естесственных Наук РАЕН - 2012-ci ildən), Tibbi-Texniki Elmlər Akademiyasının (Rusiya Federasiyası) üzvü (Академия медико-технических на­ук - 2013-ildən), Beynəlxalq Ekologiya və Hə­yat Fəaliyyətinin Təhlükəsizliyi Akademi­yasının (Rusiya Federasiyası) həqiqi üzvü - 2017-ci ildən. 2007-2018-ci illərdə o, Sankt-Peterbu­rq şəhərində nəşr edilən nüfuzlu “BİOSFERA” (Междисциплинарный научный и прикладной журнал «БИОСФЕРА») jurnalı redaksiyasının üzvü olmuşduR. Hal-hazırda FHN-in “TəhlükəsiZ həyat” jurnalının redaktorunun müavinidir.
Professor F.M.Hacızadə ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi, habelə kosmik tədqiqatlar sahəsində apardığı səmərəli araşdırmalarına görə 11 sentyabr 2018-ci il tarixində Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Beynəlxalq Elmlər Akademiyasının M.V.Lomonosov adına medalı ilə təltif edilmişdir.
Professorun rəhbərliyi altında texnika üzrə yeddi fəlsəfə doktorluq və bir elmlər doktorluq dissertasiyaları müdafiə edilmişdir. Hal-hazırda beş doktorantın elmi rəhbəridir. O, 1999-cu ildən etibarən MAKA və AMEA elmi-tədqiqat institutlarının müdafiə şuralarının üzvü, 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” istiqaməti üzrə bakalavr və magistratura səviyyələrində təşkil olunmuş dövlət attestasiya komissiyalarının sədri kimi fəaliyyət göstərmişdir.
Görkəmli alim elmi-təşkilatçılıq fəaliyyəti ilə yanaşı, pedaqoji sahədə də çalışmışdır. Belə ki, Bakı Dövlət Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Texniki Universitetində, Sumqayıt Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Yerin aerokosmik tədqiqatları”, “Ekologiya” və “Fövqəladə hallar” elmlərindən tələbələrə mühazirələr oxumuşdur, gənc mütəxəssislərin hazırlanması işinə sanballı töhfələr vermişdir. Hal-hazırda F.M.Hacızadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya” kafedrasının professorudur.
Fuad müəllimin çoxşaxəli fəaliyyətinin bir istiqaməti də ölkəmizin ictimai-siyasi həyatı ilə bağlıdır. 1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi o, ulu öndər Heydər Əliyevin xalqımıza misilsiz nailiyyətlər qazandıran siyasi-ideoloji xəttinə sədaqətlə xitmət edir, partiyanın cəmiyyət həyatında rolunun daim artırılması üçün fədakarlıqla çalışır. F.Hacızadə 1999-2005-ci illərdə YAP Binəqədi rayon təşkilatının sədri olmuşdur. YAP-ın I və II qurultaylarında isə Partiyanın Siyasi Şurasının üzvü seçilmişdir.
Respublikanın Əməkdar mühəndisi, texnika elmləri doktoru, professor Fuad Mahmud oğlu Hacızadə vətənimizi, xalqımızı ürəkdən sevən, milli inkişafımız üçün özünəməxsus əzmkarlıqla çalışan, təvazökar alimlərdən, ziyalılardandır. O, müasir düşüncəli, yenilikçi bir elm adamı kimi zamanı qabaqlayaraq, bütün ömrünü təkcə Azərbaycanda deyil, dünyada nisbətən təzə təşəkkül tapan bir sahəyə həsr etmiş, bu sahədə böyük uğurlar qazanmışdır. Bu gün professor Fuad Hacızadənin dünyanın elmi ictimiyyəti tərəfindən tanınıb qəbul edilməsi vətənimizə, xalqımıza başucalığı gətirir. Yaxınları, dostları, həmkarları onun qazandığı uğurlardan qürur və iftixar hissi duyur.
Professor F.M.Hacızadənin 70 yaşı tamam olur. Bu günlərdə onun adına Rusiya Federasiyasının Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Federal xidmətinin rəhbərliyindən, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun rəhbərliyindən, Sankt-Peterburq Dövlət Universitetindən, Rusiya Təbiət Elmlər Akademiyasından və Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasından təbriklər gəlmişdir.
Deyirlər, 70 illik ömür müdriklik xəzinəsidir: Fuad müəllimin bu sərvətdən qarşıdakı uzun illər ərzində də bacarıqla istifadə edəcəyinə, öz elmi-yaradıcı istedadı, zəngin həyat təcrübəsi, fenomenal işgüzarlığı ilə xalqımıza, vətənimizə diqqətəlayiq xidmətlər göstərəcəyinə əminik. Onu yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, elmi və xidməti fəaliyyətində yeni-yeni uğurlar diləyirik.

 

Akademik Əkbər Feyzullayev