Azərbaycan iqtisad elminin yanar çırağı
Belçikanın nağıllar şəhəri Brüggedə almaz muzeyinə getdim. Ekskursiyaçı brilyantı cilaladıqca tərəflərinin çoxaldığını və qiymətinin yüksəldiyini dedi. Nadir daşın ən böyük tərəfinin isə üzüyə birləşən hissəsinin olduğu bildirildi. Mən bu qiymətli daşın quruluşuna baxdıqda gözümdə akademik Ziyad Səmədzadənin fəaliyyəti canlandı. İqtisadçı alim, müəllim, natiq, dövlət xadimi, bəstəkar, tarzən, rəqqas, xanəndə, futbolçu və s. tərəflər bir şəxsiyyətdə ahəng şəklində cəmlənib. Amma bir tərəf var ki, digərlərindən daha böyükdür - o da xalqa bağlılığıdır. Bu bağlılıq onun bütün fəaliyyətinə sirayət edib. Avstriya iqtisad məktəbinin görkəmli nümayəndəsi Lüdviq Fon Mizes deyir: “Görəsən, iqtisadiyyatın əsas sualı nədir? Əvvəllər insanlar düşünüb ki, əsas sual belədir - görəsən, Allah bizdən nə istəyir? Sonra düşünüblər, əsas sual budur ki, görəsən, dövlət bizdən nə istəyir? Daha sonra düşünüblər, əsas sual budur - görəsən, insan bizdən nə istəyir?”
Düşünürəm ki, daha doğru olan yol Allahın, dövlətin və insanın istədiyinə uyğun iqtisadiyyat qurmaqdır. Ziyad müəllimin tədqiqatları bu cürdür, ona görə də uğurludur.
Belə bir deyim var: “Dahilik 1% istedaddır, 99% zəhmətdir”. Akademik, maşallah, daim işləyir. Məsləhəti zəngin, təcrübəyə, tarixə söykənəndir. Xalq sevgisinin bir nümunəsi bayramlarda telefonuna aramsız zənglərin gəlməsidir. Ümid yeridir, insanların üzündə işiq olur onunla görüşəndə. Fenomenal hafizəsi keçmiş müttəfiq respublikalarının məlumatları ilə yanaşı, tanışların telefon nömrələrini, loto kartlarını əzbər bilməsinə imkan verib. Böyüklə böyük, kiçiklə kiçikdir. Barmaqlarını şaqqıldatması balacalarda hədsiz təəccüb və maraq oyadır.
Ziyad Səmədzadə yaradıcılığı çox zəngin, rəngarəng, dərindir. Görkəmli alim bir qisim əsərini insan amilini önə çəkərək, əmək məhsuldarlığı, məhsuldar qüvvələr, məşğulluq məsələlərinin araşdırılmasına həsr edib. Akademik dövlət amilini vurğulayaraq, ictimai istehsalın strukturu və səmərəliliyi, iqtisadi inkişaf, milli gəlir, elmi-texniki tərəqqi, əsas fondların, köməkçi istehsalın səmərəliliyi məsələrinin fundamental tədqiqi ilə məşğul olub. Azərbaycan regionlarının iqtisadi inkişafı haqqında təhlillərini o, “Bakının sosial-iqtisadi inkişafı”, “Dağlıq Şirvan”, “Ölkənin 2-ci subtropik rayonu”, “Kəlbəcər-Laçın”, “Xaçmaz” kimi tədqiqatlarında ifadə edib. Əsərlərində Azərbaycan kəndinə hədsiz məhəbbəti əksini tapır.
Ziyad müəllimin fəaliyyətinin bir səciyyəvi xüsusiyyəti də onun daim zamanın çağırışlarına cavab hazırlaması, çətin suallara çözüm tapması, cəsarətlə taleyüklü məsələlərlə bağlı mövqe bildirməsidir.
Milli maraqlar, iqtisadi təhlükəsizlik çərçivəsində “Azərbaycan SSR-in iqtisadi müstəqilliyi”, “Planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid və iqtisadi inkişaf modelləri”, “Azərbaycanın sosial-iqtisadi inkişafının konsepsiyası”, milli dövlətçiliyin bərqərarının iqtisadi əsaslarının yaradılması və möhkəmləndirilməsi, Azərbaycan iqtisadiyyatının 70-ci illər və müstəqilliyin keçid dövrünün geniş təhlili “Böyük yolun mərhələləri” adlı fundamental əsərində verilmişdir. “Dağlıq Qarabağ: naməlum həqiqətlər” (Azərbaycan və rus dillərində) kitablarında isə Ziyad Səmədzadə bu bölgənin iqtisadi göstəricilərinin Naxçıvan MR, orta Azərbaycan SSR, orta Ermənistan SSR, orta SSRİ göstəricilərindən daha yüksək olduğunu əsas gətirərək, problemin iqtisadi kökünün olmamasını sübut edir. Beləliklə, ermənilər ciddi arqumentdən məhrum olur. Alimin tədqiqatlarında İkinci Dünya müharibəsi dövründə hərbi iqtisdiyyat məsələləri geniş tədqiq edilir. Ziyad müəllim “Bakı nefti olmasaydı, alman faşizmi üzərində qələbə mümkün olmayacaqdı”, “Azərbaycan Böyük Vətən müharibəsi illərində”, “Bakı nefti qələbənin açarıdır”, neft ixrac kəmərləri mövzusunu araşdıraraq, Bakı neftinin, neftçilərimizin zəngin tarixi və ənənələrini oxucuya yeni rakursda təqdim edir.
İqtisadi nəzəriyyə, siyasətlə iqtisadiyyatın vəhdəti, davamlı inkişaf, idarəetmə məsələlərinə önəm verən alim, eyni zamanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti, dövlət-özəl sektor əməkdaşlığı, sahibkarlıq, marketinq, xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti məsələlərini sistemli təhlil edərək, müvafiq tövsiyələrini də diqqətə çatdırır. O, keyfiyyətli həyat, ac dünya, tox dünya, ərzaq təhlükəsizliyi məsələlərini təhlil edərək, vacib sosial-iqtisadi problemlərin həlli ilə məşğul olur. İqtisadi islahatların gerçəkləşməsində maliyyə məsələlərinə xüsusi yer ayıran akademik maliyyə bazarı, banklar, nağdsız ödənişlər, mühasibat uçotu, vençur kapitalı, inflyasiya, vergi, dövlət borcu, büdcə, audit kimi institut və alətləri inkişafa istiqamətləndirir, problemlərini diqqətdə saxlayır.
Qədim İpək Yolunu vətənimiz üçün daimi kapital adlandıran akademik bu mövzuya dəfələrlə toxunmağı vacib sayır. İqtisadi məntiq onu bu yolun başlanğıcına - Səmaaltı ölkəyə aparır. “Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi”, “Çin qlobal dünya iqtisadiyyatında”, “Sarı əjdaha oyanır” bu fenomenin sirlərini açan əsərlərdəndir. Azərbaycanın xarici iqtisadi əlaqələrini araşdıran akademik Azərbaycan-Rusiya iqtisadi əlaqələri, “Avstriya: mədəni ənənələr və iqtisadi tərəqqi”, İordaniya, Belarus, türk dünyası mövzularına müraciət edərək, “dostluq inkişafın əsasıdır”, deyir. BVF-nin fəaliyyətinə tənqidi yanaşan alim, ÜTT-yə qoşulmanın perspektivləri, milli maraqlar baxımından transmilli korporasiyaların fəaliyyətini diqqətdə saxlayaraq, bütün bu məsələlərə milli maraqlar çərçivəsində baxmağı zəruri sayır.
“Azərbaycan XXI əsrin astanasında” adı ilə tədqiqatçıların əsərlərini birləşdirərək, akademik gələcəyə baxır. Milli dövlətimizin iqtisadi istiqamətləri barədə fikirlərini bölüşmək üçün “Ümumbəşəri problemlər və Azərbaycan” problemini təhlil edir. Təhsili təkcə iqtisadiyyat üçün deyil, bütünlükdə milli inkişaf üçün zəruri sayan akademik sahəvi məsələləri də araşdırır, dünyada bənzəri olmayan “Böyük İqtisadi Ensiklopediya”nı yaradır, Deni Didro demişkən, dünyanın hər tərəfinə səpələnmiş bilikləri toplayır, onları sistemləşdirir, yeni nəsillərın ixtiyarına verir.
Ziyad müəllim Azərbaycanın görkəmli şəxsiyyətlərinə sayqısını qələmi ilə ifadə edərək, Azərbaycanın görkəmli iqtisadçı alimləri Bəhmən Axundov, Həsən Dadaşov, Əliqulu Fərəcovun elmi xidmətlərini yüksək qiymətləndirir, “Elm fenomeni - Azad Mirzəcanzadə haqqında yazır. “İqtisadi tərəqqiyə həsr edilən ömürlər” ədəbi abidəsində vətən alimlərinin fəaliyyətini təhlil edir, Hacı Zeynalabdin Tağıyev haqqında yazıda görkəmli mesenatı vəsf edərək, sahibkarlığın sosial məsuliyyətini önə çəkir.
BMT-nin iqtisadi müşaviri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti olması Ziyad Səmədzadəyə həm dünyəvi problemlərin həlli ilə məşğul olmaq, həm də beynəlxalq aləmdə Azərbaycan amilinin yüksəlməsinə xidmət etmək imkanı verir və bu şəraitdən o, məharətlə istifadə edir. Yaratdığı “İqtisadiyyat” qazeti bu dərin elmin sirlərini öyrətmək, Azərbaycan iqtisadiyyatının real mənzərəsini göstərmək, əmək qəhrəmanlarımızın vəsfi üçün tutarlı bir müstəvidir. Akademik keçmiş nəsil iqtisadçılarla gənc iqtisadçılar arasında bir körpüdür. “Yaxşılıq etmək sənə layiqdir” fikrinə uyğun olaraq, o, günəş tək işığı və istisini hər kəsə bəxş edir. Ziyad Səmədzadə hər zaman vətənini düşünən və onun naminə çalışan görkəmli dövlət xadimidir. Çoxsaylı televiziya verilişləri qəhrəmanımızı tanımağa və elmindən, dünyagörüşündən bəhrələnməyə imkandır.
Ziyad müəllimin elmi yaradıcılığının tədqiqatçısı, görkəmli iqtisadçı, i.e.n., dosent Xosrov Kərimovu dərin hörmətlə yada salıram. O, deyirdi ki, Ziyad Səmədzadə yaradıcılığını ümumiləşdirmək çox çətindir. Təqdim etdiyim bu işdə məqalə bir cəhddir.
Səməd Mənsurun “Həpsi rəngdir” şeirinə farsdilli ədəbiyyatın banisi Rüdakidən bəhrələnərək, yazdığım bir nəzirə ilə cəhdimi tamamlayıram:
* * *
Hamı gözlər bu anı, yığışıb məclisü
ürfan,
Qədəm qoymuş xəzriylə gilavardan
mərdü dövran.
Bəzənmiş süfrələr, tarla kaman
başlayar hər an,
Fəqət yox, ustadu Ziyad, dostlar
qalmış nigaran.
* * *
Rüdaki demişkən hökmdarü Samaniyyə pünhan:
Ey ay, darıxıb ulduzlar,
gəl ol səmaya tərlan!
Bu an açılar qapılar,
sona yetər hicran,
Ey Arif, bu hislər nədür?
Əlbətdəkü rəngüdür!
Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini,
Beynəlxalq Menecment
Akademiyasının müxbir üzvü,
ADİU-nun dosenti, i.f.d.,
Elşad Ziyad oğlu Səmədzadə