PORTRET

Xosrov bəy Sultanov (1879-1943)

  • 07.07.2022

Sultan bəy və onun qardaşı - Azərbaycan Demokratik Respublikasının ilk Hərbi naziri, ikinci hökumətdə Əkinçilik naziri və Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun yalnız Zəngəzur və Qarabağın deyil, Kəlbəcər, Basarkeçər və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında əvəzsiz xidmətləri olmuşdur.

Azərbaycan Cümhuriyyətinin dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Kürdhacı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. Xosrov bəy Sultanov 1918-ci ildə İttihad Partiyasının Qarabağ Komitəsinin yaradılmasına vasitəçilik etmişdir. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.
Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.
1920-ci ildə Qızıl Ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edir. Elbrus Muradov bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə bir rus zabitinin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki, həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişmişdir.
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır.
Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də, məzarının yeri (İstanbulun Feriköy qəbiristanlığı) dəqiq müəyyənləşdirildikdən sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi məlum olmuşdur.