Missiyasını elmə və xalqına xidmət etməkdə görən dəyərli alim və insan hüquqlarının müdafiəçisi
Elmira Süleymanova
Bu günlərdə Azərbaycanın ilk Ombudsmanı, Beynəlxalq Sülh Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” dövlət ordenlərinin sahibi Elmira Süleymanova 85 yaşını qeyd edir.
Bu nəcib, ədalətli, qayğıkeş, səmimi insan həyatı və fəaliyyəti boyu yüksək ləyaqət, peşəkarlıq, Vətəninə, xalqına sevgi ilə öz missiyasını elmə və xalqına xidmət etməklə həyata keçirib və keçirməkdədir. Bir çox işlərdə o, birinci olub və birinci olmaqda da qalır.
Elmira Süleymanova Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. 31 yaşında ölkə tarixində Azərbaycan qadınları arasında ən gənc alimlərdən biri - kimya elmləri namizədi adını qazanır. 1980-ci ildə kimya elmləri doktoru, 1982-ci ildə professor elmi dərəcəsini alır. Onlarla elmlər namizədi və doktoru hazırlayıb. Neft kimyası sahəsində 250-dən çox elmi məqalənin və 40-a yaxın ixtiranın müəllifidir. Elmi həyatın inkişafına və ölkə iqtisadiyyatınaböyük töhfələr vermiş, ixtiraları istehsalata daxil edilmişdir.
Kimya elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında əldə etdiyi nailiyyətlərə görə istedadlı alim 1979-cu ildə “SSRİ-nin fəxri kimyaçısı”, parfümeriya, yeyinti və boya sənayesində tətbiq edilən ixtiralara görə isə "SSRİ-nin ixtiraçısı" fəxri adlarına layiq görülüb.
O, ictimai işlərə 1980-ci illərdə başlayıb. 1988-ci ildə Azərbaycan Respublikasının Qadınlar Cəmiyyətinə üzv olub, 1990-1994-cü illərdə bu cəmiyyətin sədr müavini vəzifəsində çalışıb. E.Süleymanovanın qurucusu və prezidenti, 2002-ci ildən isə Fəxri prezidenti olduğu qeyri-hökumət təşkilatı – Azərbaycan Qadın və İnkişaf Mərkəzi (AQİM) BMT-nin Qadınların İnkişafı üzrə Tədqiqatlar və Treninqlər İnstitutunun Azərbaycan üzrə təmsilçisi, həmçinin BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusu almışdır. 1994-cü ildə yaradılmış, 1995-ci ildə dövlət qeydiyyatından keçmiş mərkəz Azərbaycanda bu statusa layiq görülmüş yeganə qadın qeyri-hökumət təşkilatıdır. E.Süleymanova AQİM-in prezidenti olduğu illərdə 15-dən çox nüfuzlu beynəlxalq qurumun üzvü olmuş, BMT-nin müxtəlif qurumları – UNDP, UNHCHR, UNİCEF, UNHCR, UNFPA, UNİFEM (hazırda UNW), UNDPİ və digərləri ilə sıx əməkdaşlıq etmişdir.
Müəllifi və rəhbəri olduğu bir sıra layihələri – qaçqın və məcburi köçkünlərin problemləri, Azərbaycanın şəhər və kənd rayonlarında yerli əhalinin miqrasiyası, qadınların ailədə istismarı, qaçqın uşaqların reabilitasiyası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması və b. çoxsaylı layihələr həyata keçirmişdir. Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsini (AUGSŞ) (2000) və onun nəzdində Liderlik Məktəbini (2001), Qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi üzrə QHT Alyansını (2000) yaratmış, müntəzəm fəaliyyət göstərən bu qurumlara o zaman rəhbərlik etmişdir.
Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan AUGSŞ-nin Liderlik Məktəbinin minlərlə məzunu Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, öz hüquqlarının öyrənilməsi və yaşıdlarına öyrədilməsi üzrə hazırlıq kursu keçmişdir. Bu fəaliyyətin uğurlu nəticəsi kimi, E.Süleymanova 2000-2002-ci illərdə UNICEF nəzdində Şərqi Avropa və MDB ölkələri Qeyri-Hökumət Təşkilatları Regional Komitəsində uşaq hüquqları üzrə milli koordinator seçilmişdir.
E.Süleymanova 2001-ci ildə Azərbaycanda Ahıllar üçün ilk Resurs Mərkəzi yaratmışdır ki, bu qurumda Ombudsmanın resurs mərkəzi kimi müntəzəm fəaliyyət göstərir. Dünya qadın hərəkatı liderlərindəndir. Amerika Roçester Universiteti tərəfindən Qadın və qızların hüquqlarının müdafiəçisi və onlar üçün örnək olan 100 Qəhrəman qadından biri kimi tanınmışdır (1998).
BMT BaşAssambleyasınınİnsanhaqlarıüzrə (Vyana, 1993), Əhalivəİnkişaf (Qahirə, 1994 vəHaaqa, 1999), Qadınproblemləriüzrə (Pekin, 1995, Nyu-York, 2000), Habitat (İstanbul, 1996, Nyu-York, 2001), Sosialİnkişaf (Cenevrə, 2001), Uşaqhüquqlarıüzrə (Nyu-York, 2002) xüsusisessiyalardavəkonfranslardadövlətvəya QHT nümayəndəsi, habeləkoordinatorukimiməruzələrvəçıxışlaretmiş, regionalqurumlardafəaliyyətgöstərmişdir.
Onun uşaqlara olan xüsusi məhəbbəti 2000-ci ildə “Uşaqdan uşağa” uşaq sülhməramlı şəbəkəsinin yaradılmasına səbəb olmuşdur. 2001-ci ildə Azərbaycanda yaşlı qadınlar üçün ilk resurs mərkəzi olan "Liderlik Məktəbi"ni və "Qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi" QHT Alyansını yaratmışdır. 2000-2002-ci illərdə UNİCEF yanında Şərqi Avropa və MDB üzrə Regional QHT Komitəsində uşaq hüquqları üzrə milli koordinator seçilmişdir.
Elmira Süleymanovanın prinsipiallığı, fəallığı və təşəbbüskarlığı ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, onu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsinə tövsiyə etmişdir. 2002-ci il iyulun 2-də təkcə onun həyatında deyil, həm də ölkə tarixində əlamətdar hadisə baş verdi: Elmira Süleymanova Azərbaycanın ilk Ombudsmanı seçildi. Bir il sonra o, Beynəlxalq Ombudsman İnstitutuna və Avropa Ombudsman İnstitutuna, daha sonra isə Asiya Ombudsman Assosiasiyasına, İslam Ombudsman Assosiasiyasına, Uşaq Hüquqları üzrə Avropa Müvəkkilləri Şəbəkəsinə və bir sıra beynəlxalq insan hüquqları təşkilatlarının tərkibinə daxil edildi.
2015-ci ildə Asiya Ombudsmanları Assosiasiyasının vitse-prezidenti seçilib və UNESCO-da Azərbaycan Milli Komissiyasının üzvü olub. O, ABŞ, Türkiyə, Rusiya, Almaniya və Polşanın yüksək mükafat və medallarına layiq görülüb.
İnsan hüquqlarının müdafiəçisi kimi fəaliyyət göstərdiyi on yeddi il ərzində o, hər bir işə qeyri-adi qayğı və diqqət, analıq hərarəti ilə yanaşır, ən çətin situasiyalarda insanlara kömək edir, yüzlərlə insan talelərini xilas edirdi.
Elmira Süleymanova Bakı Dövlət Universitetində onun təşəbbüsü ilə yaradılmış “UNESCO-nun insan hüquqları və informasiya hüququ” kafedrasında bakalavr və magistratura pillələrində insan hüquqları üzrə yüksəkixtisaslı kadrlar hazırlayıb, eyni zamanda hüquq fakültəsinin tələbələri üçün mühazirələr oxuyub. O, həmçinin Rusiya, ABŞ və Türkiyə universitetlərində də mühazirələr oxuyub. Elmira Süleymanova dünyanın 80-dən çox ölkəsində keçirilən beynəlxalq simpozium və konfranslarda iştirak edib, burada Azərbaycan həqiqətlərini çatdırıb, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatlar verib. O, yüksək beynəlxalq instansiyalara müraciət edərək, dünya ictimaiyyətini Ermənistanın təcavüzünü və Azərbaycan ərazisinin 20 faizindən çoxunun işğalını, vandalizm aktlarını və Ermənistanın insan haqlarını kobud şəkildə pozmasını pisləməyə çağırıb.
Ombudsmanın tövsiyəsi də nəzərə alınmaqla, ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı, 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilmişdir. Ölkə prezidentinin sərəncamı ilə E.Süleymanova bu sənədlərin həyata keçirilməsi üzrə İşçi qrupuna rəhbərlik etmişdir.
Elmira Süleymanova elmi fəaliyyəti ilə bağlı 45, ictimai fəaliyyəti ilə əlaqədar 130-dan çox konfrans, simpozium və forumda iştirak etmişdir. Ombudsman vəzifəsində çalışarkən isə 150-dən çox beynəlxalq konfransın iştirakçısı olmuş, burada müzakirə olunmuş mövzulara uyğun çıxışlar etmiş, təkliflər vermişdir. Bu müddət ərzində o, 80-dək ölkədə – ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, İspaniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Norveç, Belçika, Çin, Cənubi Afrika Respublikası, Yeni Zelandiya, Nepal, İndoneziya, Lüksemburq, Niderland, Yaponiya, Polşa, Rumıniya və digər ölkələrdə keçirilmiş mötəbər məclislərdə vətənimizi layiqincə təmsil etmişdir.
Müvəkkil ümumilikdə 100-dən çox bəyanat, o cümlədən 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart 1918-ci il Azərbaycanlıların Soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri zorakılıqlarla bağlı və digər bəyanatlar vermiş, onları BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan Ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporalarına ünvanlamışdır.
Elmira Süleymanova bu gün də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini vəzifəsini uğurla davam etdirir.
Elmira Süleymanova haqqında kifayət qədər kitablar, yazılar var. Mən Azərbaycan xanımına xas olan bütün incə xüsusiyyətləri onda görürəm. Böyük alimimiz, akademik Yusif Məmmədəliyevin tələbəsi olan Elmira xanım ömrünün xeyli hissəsini bu böyük alimin adını daşıyan institutda – Neft-kimya Prosesləri İnstitutunda keçirib.
Elmira Süleymanova öz Vətənində və beynəlxalq aləmdə tanınmış ictimai-siyasi xadim, görkəmli alim olmaqla yanaşı, gözəl qəlbli, təvazökar insan, əsl vətənpərvər, böyük ziyalıdır. Azərbaycanın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərimizə olan sevgisinin təzahürüdür ki, öz nəslinin ulularından qalmış, ona əziz olan şəxsi əmlakını - Qarabağ xalçaçılıq məktəbinin gözəl nümunəsi olan Şuşanın “Ləmpə” xalçasını bu günlərdə 35 illik yubileyini qeyd edən Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə edib. Bu, mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə ötürülməsinə, möhtəşəm Qələbəmizə böyük töhfədir.
Bu xalçanın təqdimat mərasimində dəyərli insanların və Elmira xanımın da çıxışlarını dinlədikdən sonra mən qürur hissi duydum ki, xalqımın belə övladları var. Allah onu qorusun.
Elmira xanımı yubileyi münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayır, gələcək fəaliyyətində uğurlar diləyirəm.
Akademik
Ziyad SƏMƏDZADƏ