PORTRET

Akademik Ziyad Səmədzadə: O həssas və qayğıkeş müəllim idi...

  • 27.07.2022

“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər ƏLİYEV


 

Müəllim bütün dövrlərdə ata, ana kimi əziz tutulub. Müəllim sözünün özündə bir müqəddəslik, bir paklıq, ucalıq var. Çünki insan ata-anasız böyüyə bilər, ancaq müəllimsiz həyat adamı ola bilməz. Azərbaycanda müəllim “usta”, “ustad”, “lələ” şəklində çox qədimlərdən sayılıb-seçilmişdir. Hətta elə məqamlar var ki, valideynlərin kimliyi deyil, müəllimin kimliyi araşdırılır, “filan müəllimin şagirdi” və ya “filan müəllimin tələbəsidir”, - deyilir. Müəllim olub ki, adı bir universitet təsiri bağışlayır. Qədim yunan filosofu Platon (Əflatun) öz müəllimlik fəaliyyətilə akademiyanı, Aristotel (Ərəstun) litseyi əbədiləşdirdiyi kimi, Azərbaycanda da tək-tək şəxsiyyətlərin adı ilə bağlı müəllim imici yaşamışdır.
Məhəmməd peyğəmbər (s) öz mübarək hədislərində elm öyrənməyi və elm öyrədənləri yüksək qiymətləndirmişdir. O, “Elm Çində də olsa, dalınca get”, - demişdir.
İyul ayının əvvəllərində Buzovna ictimaiyyəti görkəmli ədəbiyyatşünas, Əməkdar müəllim Heydər Eyvazovun 100 illik yubileyini qeyd etdi.
Unikal tədris proqramları, treninqlər nə qədər də effektiv düşünülsələr də, müəllimin şəxsiyyətini əvəz edə bilməz. Heydər Eyvazovu Buzovnada "müəllim­lərin müəllimi" adlandırırlar. Onun ölkəmizin təhsil sisteminə ver­diyi töhfələr bu günümüzədək öz bəhrələrini verir.
Atalar elmi günəşlə, işıqla müqayisə etmişlər, elmli adam ziyalı, elmsiz adam cahil adlandırılıb. Pedaqogika tariximizdə dahi Nizaminin də, Tusinin də, Nəsiminin də, Füzulinin də ustad müəllimləri olduğu açıqlanır. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Üzeyir Hacıbəyov, Əhməd bəy Ağayev, Camo Cəbrayılbəyli, Abdulla Şaiq kimi ziyalılar böyük bir dövrdə xalqımızın maariflənməsi qayğısına qalmışlar. Belə nurlu, ziyalı insanlardan biri də Heydər müəllim olmuşdur. Heydər Eyvazov!
Heydər Eyvazovu müəllimlər müəllimi də adlandırırlar. Onda müstəsna müəllimlik istedadı olmuşdur, - demək azdır. Heydər müəllim öz peşəsini necə sevməyin, sözün əsl mənasında, nümunəsinə çevrilmişdir. O, adi kənd müəlliminə də çevrilə bilərdi, çünki kəndlərimizdə yüzlərlə, yüz minlərlə müəllim olmuşdur ki, adları doğma məktəbdən kənara çıxmamışdır. Lakin belə olmadı, Heydər müəllim Buzovnada yaşasa da, bütün respublikada tanındı. Onun adı Həmid Araslı kimi dünya şöhrətli akademiklə yanaşı yazılmışdır. Bəli, səkkizinci sinif üçün ədəbiyyat kitabının iki müəllifindən biri Heydər Eyvazov idi...
Müəllim sözü qədər kitab sözü də müqəddəsdir. Deyirlər, dünyaya əvvəl fikir, sonra söz, daha sonra söz xəzinəsi olan kitab gəlib. Qurani-Kərim də kitabdır, bu gün milyardlarla insanın iman və and yeridir. Böyük Səməd Vurğun: “Kitabsız bir ömrün nə mənası var?!”, - demişdir.
Heydər müəllimi görənlər bilir ki, o, kitabları özünün ən yaxın, ən müdrik həmsöhbəti saymışdır, lazım gələndə, güzəran pulunu da kitaba vermişdir. O, bütün elmlərə aid kitabları sevmişdir, lakin ən çox sevdiyi ədəbiyyata aid kitablar olmuşdur.
Ədəbiyyat fənni Heydər müəllim üçün doğmalar doğması olmuşdur. Rəvayət var ki, yunanların Apollon məbədi bütün filosofların ən çox sevdiyi yer sayılıb. Mübaliğəsiz demək olar ki, Heydər müəllimin sadə kənd evi də Apollon məbədi kimi görkəmli ədəbiyyatşünasların yığıldığı ocaq olub. Bir fərqlə ki, Apollon məbədinə müdriklər yığışıblar. Heydər müəllimin evi ədəbiyyatın əbədi sərgisi olub. Deyirlər, ən böyük respublika kitabxanalarında tapılmayan nadir ədəbiyyat nəşrləri Heydər müəllimin kitabxanasında olub.
Ümumiyyətlə, Abşeronun qədim kəndlərində şəxsi kitabxana yaratmaq ənənəsi var. Məclislərdə, istər toy olsun, istərsə də başqa tədbir, elmdən, xüsusən də, ədəbiyyatdan və muğamdan həvəslə söz açırlar. Bəzən adicə bir məclis şeir-sənət yarışına çevrilir. Uşaqlıq illərində mən bunların şahidi olmuşam.
Mənim nəslim Mirəsədulla Mir­qasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Əşrəf Hüseynov, Qoşqar Əhmədov kimi elm nəhənglərini – Topçubaşov və Əfəndiyev kimi həkimləri görmüşdür.
Xoşbəxtliyimiz ondadır ki, biz həm də Məmməd Arif, Həmid Araslı, Əli Sultanlı, Məmməd Cəfər, Əziz Şərif kimi ədəbiyyatşünas nəhəngləri görmüşük. Bu gün mən və neçə-neçə dostum ədəbiyyatçı olmasaq da, ədəbiyyat sahəsindəki məlumatımız üçün onlara borcluyuq. Əslində isə hər birimizin ürəyində ədəbiyyata, şeirə-sənətə məhəbbəti Heydər müəllim oyatmışdır.
Heydər müəllim deyirdi ki, elmlərin hamısı konkret ünvanlıdır və beyinə təsir edir. Ədəbiyyat isə birbaşa ürəyə yol açır. Bu mənada ədəbiyyat bütün elmlərin kamillik beşiyidir.
Heydər müəllimin sözləridir: “Sizin hərəniz bir sahədə yetişəcəksiniz, ancaq ədəbiyyatsız ən maraqlı elm həyatı da cansıxıcı görünər. Ədəbiyyat xalqın mənəviyyatı, ruhudur. Ruh isə əbədidir”.
Heydər Eyvazov özündən sonra pozulmaz iz qoymuş insanlardandır. Onun müəllimlik fəaliyyətinin nəticəsidir ki, Buzovnada ədəbiyyata, xüsusən şeirə maraq göstərənlər daha çoxdur. Mənim özümə neçə-neçə şeir kitabı hədiyyə göndəriblər. Kitabdan gözəl hədiyyə ola bilməz. Yenə də müqtədir müəllimimiz Heydər Eyvazovun sözünü misal çəkəcəyəm: “Kitab bir nəslin o biri nəslə, bir adamın o biri əzizinə ən qiymətli hədiyyəsidir”.
Bütün buzovnalıların, əsasən, bir bilik beşiyi olub və var: 125 nömrəli məktəb. Heydər Eyvazov da bu beşikdə yetişib, ədəbiyyat müəllimi yoluna çıxıb. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinə qəbul olub. 1941-ci ilin aprelində o, ordu sıralarında hərbi xidmətə çağırılıb. Bir il Belarusiya cəbhəsində vuruşub, çətin döyüşlərdə iştirak edərək, ağır yaralanıb, əlil kimi ordudan tərxis olunub. Maştağa qəsəbəsində ədəbiyyatdan dərs deyib.
1952-ci ildə Heydər Eyvazov vaxtilə şagirdi olduğu 125 saylı Buzovna orta məktəbinə gəlir və ömrünün sonuna kimi bu məktəbdə çalışır.
Özü bu barədə yazırdı: "Ömrümün 30 ili bu məktəblə bağlıdır. Mən məktəbdə ana dili və ədəbiyyatı tədris etməklə yanaşı, müəllimlərin rayon, şəhər və respublika elmi-praktik konfranslarında müxtəlif mövzularda çıxış etmişəm. 30 ilə yaxın Azərbaycan Maarif Nazirliyinin proqram-metodika idarəsi nəzdində imtahan mətnlərinin hazırlanmasında, qızıl medala təqdim olunan inşa yazılarının yoxlanılmasında iştirak etmişəm, tədris-metodika şurasının proqram və dərsliklərinin yenidən tərtib olunması üçün yaradılmış xüsusi komissiyasının üzvü olmuşam.
Akademik Həmid Araslı ilə birlikdə VIII sinfin "Ədəbiyyat" dərsliyini hazırladım və həmin dərslik 1968-ci ildə məktəblilərin istifadəsinə verildi. Bundan başqa, mən V-VI-VII-VIII siniflər üçün "Azərbaycan dili", VIII sinfin "Ədəbiyyat müntəxabatı", IX-X siniflərin "Ədəbiyyat", VIII-X siniflərin "Ədəbiyyat nəzəriyyəsi", X sinifdə "Ədəbiyyat dərsləri" və s. dərslik və metodik vasitələrinin rəsmi rəyçisi olmuşam. 1970-ci ildə Sosialist Əməyi Qəhrəmanı, əməkdar müəllim Zərbəli Səmədovla birlikdə müəllimlər üçün "VIII sinifdə ədəbiyyat dərsləri" metodik vəsaitini yazdıq. Pedaqoji işimlə yanaşı, qəsəbə və rayonun ictimai həyatında da fəaliyyətim az olmayıb. 30 il bu orqanlara deputat seçilmişəm. Bu illərdə daimi komissiya sədri, qəsəbə Soveti sədrinin müavini vəzifələrində çalışmışam. 1952-ci ildə Kommunist Partiyası sıralarına qəbul olunmuşam, 1953-cü ildə Marksizm-Leninizm Universitetini bitirmiş, təbliğatçıların seminar rəhbəri, məktəb ilk partiya təşkilatının katibi, xalq nəzarəti qrupunun sədri olmuşam. Azərbaycan müəllimlərinin IV, V və VI qurultaylarına nümayəndə seçilmişəm. 1977-ci ildə metodist-müəllim, 1978-ci ildə "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adlarına layiq görülmüşəm. 1978-ci ildə keçirilən Azərbaycan müəllimlərinin VI qurultayında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev yoldaş məruzəsində bir qrup qabaqcıl müəllimlərlə birlikdə mənim də pedaqoji fəaliyyətimi yüksək qiymətləndirdi".
Bunlardan başqa, Heydər müəllim iki dəfə "Əmək igidliyinə görə", "Əmək veteranı", "Silahlı qüvvələrin 50 illiyinə görə" medalları ilə, müxtəlif illərdə Respublika Ali Sovetinin fəxri fərmanları ilə təltif olunub.
H.Eyvazov ədəbiyyata vurğun olduğu qədər musiqiyə də vurğun idi. O deyirdi ki, ədəbiyyatla musiqini bir-birindən ayırmaq olmaz, bunlar bir-birlərini tamamlayan vəhdətdir. Birini o birisiz təsəvvür etmək qeyri-mümkündür. Gözəl muğam bilicisi idi. Xalq musiqisini, bəstəkar mahnılarını, klassik və opera musiqisini də eyni dərəcədə sevirdi. Bunu evlərində indiyədək qorunub saxlanılan çoxlu musiqi valları da təsdiqləyir.
Bir faktı da xatırladım ki, Heydər müəllimin nüfuzu o qədər yüksək tutulub ki, o, dəfələrlə Maarif Nazirliyi nəzdindəki “Qızıl medal” Komissiyasının üzvü olub. 1978-ci ildə isə Heydər Eyvazova “Azərbaycanın əməkdar müəllimi” fəxri adı verilib.
Heydər Eyvazov nəinki doğma kəndinin övladlarının savadlanması yolunda, həm də el-obasının rahatlığı yolunda ömrünü bir şam tək əridib. Respublikada keçirilən tədris islahatlarında bilavasitə iştirak edən Heydər müəllimin özünəməxsus tədris üslubu olub. O, daim yeni metod və üsullar axtarışında olmuşdur. Dərsin məzmununa uyğun diskussiyalar keçirir, bəzən mətndən irəli gələn səhnəciklər, dialoqlar qurur, lazım gələrsə, musiqili effektlərdən, rəsm əsərlərindən və həmin əsərlərə çəkilmiş illüstrasiyalardan istifadə edir, şagirdləri teatr və opera tamaşalarına, muzeylərə aparır, ekskursiyalar təşkil edirdi. Bütün bu metodlar şagirdlərin keçirilən dərsi daha dərindən, dolğun qavraması və yaddaşlarında möhkəm iz salması ilə nəticələnirdi. Heydər müəllimin həm ictimai, həm də pedaqoji fəaliyyəti və maarif sahəsindəki xidmətlərindən danışmaqla qurtarmaz. Bu insanın həyat və yaradıcılığı gələcəkdə geniş elmi tədqiqatlar və araşdırmalar üçün tükənməz bir mənbədir.
Heydər müəllim təhsildə canlı ünsiyyətə üstünlük verirdi. Onun bu fikri müasir dövrümüzdə də çox mühüm əhəmiyyət kəsb edir. Heydər müəllimin bu sözlərini xatırlayanda düşünürəm ki, müasir dünyada elm də, texnika da, texnologiyalar da yüksək dərəcədə inkişaf edib. Amma canlı ünsiyyətin yerini heç bir texnika verə bilməz. Fikrimcə, ünsiyyət həyatımızın vacib tələbatıdır. Məkanından və zamanından asılı olmayaraq, doğulduğumuz gündən etibarən daim ünsiyyətdəyik. Bu prosesin inkişafında cəmiyyət və ətraf mühitin oynadığı rol olduqca böyükdür. Ünsiyyətsiz cəmiyyət mövcud olmadığı kimi, cəmiyyətsiz də ünsiyyətin mövcudluğunu təsəvvür etmək qeyri-mümkündür. Cəmiyyətimizdə müəllim-şagird, müəllim-tələbə münasibətləri daim hörmətə, etibara əsaslanıb.
Elin sevimlisi olmaq böyük xoşbəxtlikdir və belə xoşbəxtlərdən biri də Heydər Eyvazov olmuşdur. Bu xoşbəxt müəllimin xoşbəxt yetirmələri minlərlədir. Tarix elmləri doktoru Əsmətxanım Muxtarova, biologiya elmləri namizədi Ələkbər Əliyev, fizika-riyaziyyat elmləri namizədi Ruqiyyə Rəhimova, əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyev, mahir tarzən, Xalq artisti Firuz Əliyev, musiqişünas, professor Arif Əsədullayev, filologiya elmləri doktoru Ağarəfi Zeynalov, Əməkdar rəssam Rəfael Muradov, kimya elmləri doktoru, professor Hafiz Əliyev, yazıçı-publisist Rəhimağa İmaməliyev, Milli Ensiklopediyanın böyük elmi redaktoru Validə İmaməliyeva və adlarını sadalaya bilmədiyimiz, indi öz əməlləriylə örnək ola biləcək bir çoxları məhz Heydər Eyvazovun şagirdləri olmaqla fəxr edirlər.
Dünya gəlimli-gedimli dünya­dır. Neçə illərdir ki, Heydər mü­əl­limin ürəyi döyünməkdən qalmışdır. Adətən, belə hallarda hüznlə: “Aramızdan getmişdir”, - deyirlər. Bu yanıqlı sözləri Heydər Eyvazov haqqında demək olmur. O, bütün ömrünü dogma xalqının maariflənməsi, ziyalanması amalına həsr etmişdir. Heydər müəllimin tələbələri müstəqil respublikamızın dünyanın ən sivil dövlətlərindən biri olması uğrunda çalışırlar.
Heydər müəllim deyərdi ki, bizə iqtisadiyyat da, zavod-fabrik də, texniki inkişaf da lazımdır. Bizim gələcəyimiz isə bu uşaqlardır. Məlumdur ki, onların heç də hamısı şair və nasir olmayacaq, əksəriyyəti riyaziyyatçı, astronom, fizik, iqtisadçı, həkim, mühəndis olacaq. Ancaq onlar da ədəbiyyatı bilməlidirlər. Bilməsələr, canlı robota çevrilərlər. Ədəbiyyat və incəsənət xalqın özüdür, mənəviyyatıdır. Onun bu sözləri həmişə müasir səslənir və səslənəcək…
Qədirbilən buzovnalılar bu günlərdə müdrik müəllimlərinin - Heydər Eyvazovun 100 illik yubileyini layiqincə qeyd etdilər. Heydər müəllimin əziz xatirəsi onu tanıyanların və hər bir yetirməsinin qəlbində daim yaşayacaqdır.

 

125 saylı məktəbin məzunu, akademik Ziyad SƏMƏDZADƏ