Əliş Cəmil oğlu Ləmbəranski
Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini (1954), Bakı Şəhər İcraiyyə Komitəsinin sədri (1959-1966), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970-1987), Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı, SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR Əməkdar mühəndisi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Şuşa qəzasının Ləmbəran kəndində anadan olub.
O, 1936-cı ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
İkinci Dünya müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur. Ardınca Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943-1945), "Bakı Neftayırma zavodları" trestinin müdiri (1945-1947), Ə.Qarayev adına neftayırma zovodunun direktoru (1947-1950), "Azərbaycan Neftayırma zavodları" birliyinin rəisi (1950-1959) işləmişdir.
Ləmbəranski 1954-cü ildən eyni zamanda, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi.
1959-1966-cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.
Azərbaycan KP-nin 30-cu qurultayında MK üzvü seçilmişdir.
Ləmbəranski səmərəli fəaliyyətinə görə 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, 3 Qırmızı Əmək Bayrağı, 2-ci dərəcəli Vətən müharibəsi, Xalqlar dostluğu ordenləri və medallarla təltif olunmuşdur. SSRİ Nazirlər Soveti mükafatının laureatıdır (1978).
O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Əliş Ləmbəranskinin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı binaya (Bakı şəhəri, Tərlan Əliyarbəyov küçəsi, 5) xatirə lövhəsinin vurulması barədə 11 may 2004-cü il tarixdə Sərəncam vermişdir.
Əliş Ləmbəranskinin dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyətini, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq, onun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2014-cü il tarixdə Sərəncam vermişdir.
Əliş Ləmbəranski haqqında "İthaf" adlı sənədli film çəkilib. Rejissoru Ziya Şıxlinskidir. Filmin Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) premyerası olub.