PORTRET

Gəncəli Gənciyev

  • 04.08.2022

Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, Azərbaycan Kooperasiya Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının müdiri, professor Gəncəli Əzizoğlu Gənciyev iyulun 27-də vəfat etmişdir.
Gəncəli Əziz oğlu Gənciyev 1942-ci ildə anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olub. 1971-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda akademik Ə.Ə.Mahmudovun rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmişdir. 1972-ci ildə EA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi vəzifəsinə seçilib. 1978-1994-cü illərdə həmin institutda Elmi-texniki potensialın səmərəliliyi şöbəsində müdir vəzifəsində işləmişdir. 1987-ci ildə Azərbaycan EA-nın Rəyasət heyətinin qərarı əsasında Moskva şəhərində keçmiş ittifaqın İqtisadiyyat İnstitutunda 2 il doktorant olmuşdur. 1998-ci ilin may ayında Elmi texniki potensialdan intensiv istifadə şəraitində kənd təsərrüfatı istehsalının səmərəliliyinin yüksəldilməsi mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə 08.00.05-Xalq təssərüfatı səviyyəsi üzrə professor elmi adı almışdır. 1994-1995-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin rektoru vəzifəsində işləmişdir. Ömrünün sonunadək universitetin “Dünya iqtisadiyyatı” kafedrasının müdiri vəzifəsində çalışmışdır. O, 169 elmi məqalə və tezisin müəllifidir. Kooperasiya Universitetində işlədiyi illərdə “Beynəlxalq iqtisadi münasibətlər” və “Transmilli korporasiyalar” adlı iki monoqrafiya, “Dünya iqtisadiyyatı”, “Beynəlxalq iqtisadi mühasibətlər”, “Ölkəşünaslığın əsasları” adlı dərslikləri,“İxrac ehtiyatlarından istifadənin yaxşılaşdırılması istiqamətləri” adlı dərs vəsaiti işıq üzü görmüşdür. Bundan başqa,universitetdə işləyən zaman irihəcmli 4 kitabça və tədris vəsaiti hazırlamışdır. 18 ədəd tədris proqramının və metodiki göstərişin müəllifidir. Professor G.Ə.Gənciyevin rəhbərliyi altında 38 nəfər elmlər namizədi dissertasiya müdafiə etmişdir. Onlardan 8 nəfəri Kooperasiya Universitetində işlədiyi illərin payına düşür. Onun rəhbərliyi altında 6 nəfər aspirant və dissertant namizədlik dissertasiyası yerinə yetirirlər. O, BDU-da ixtisaslaşmış Elmi Şuranın üzvü idi. Bir alim kimi ixtisaslaşdığı problem üzrə keçmiş İttifaq respublikalarında, Polşada və Çexiya Respublikasında tanınırdı. Hər il 2-3 beynəlxalq və elmi konfransda iştirak edirdi.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, qayğıkeş müəllim, səmimi və mehriban insan Gəncəli Əziz oğlu Gənciyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Ziyad Səmədzadə, Eldar Quliyev, Eldar İbrahimov, Bəyalı Ataşov, Əli Nuriyev, İsa Alıyev, İbad Abbasov, Vahid Novruzov, Elşən Hacızadə, Tərbiz Əliyev, Tofiq Hüseynov, İslam İbrahimov, Aytən Səmədzadə, Məhiş Əhmədov, Rəsul Balayev, Arif Hüseynov, Məhərrəm Hüseynov, Hacıağa Rüstəmbəyov, Pəri Həsənova, Anar Abbasov, Anar Əzizov,Tahir Şükürov, Fikrət Quliyev, Elşən İbrahimov, Nüşabə Hacıyeva, Arzu Həsənov, Pərvin Muxtarova