PORTRET

Məcid Behbudov (1873-1945)

  • 18.08.2022

Qarabağın görkəmli simaları

Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin gör­kəmli nümayəndəsi Məcid Behbudov 18 aprel 1873-cü ildə Şuşada sahibkar ailəsində anadan olmuşdur. Onun məlahətli və güclü səsi hələ uşaq yaşlarından mütəxəssislərin diqqətini cəlb edirdi. Onu hətta məscidlərə azanxan və mərsiyəxan kimi də dəvət edirdilər. Atası onu ticarətçi görmək istəyirdi, buna görə də dükanda işlədirdi. Xanəndə olmağı arzulayan gənc Məcid isə dükanda da öz gözəl səsi ilə alıcıları səsləyirdi, həm də arşın malı satmaq üçün oxuya-oxuya şəhərin məhəllələrini gəzib-dolaşırdı. Dahi bəstəkar Üzeyir Hacıbəyov məhz dünya şöhrətli "Arşın mal alan" operettasının qəhrəmanı tacir Əsgərin timsalında Məcid Behbudovun obrazını yaratmışdır.
Cəlil bəy Bağdadbəyovun ver­diyi məlumata görə, Məcid xanəndəliyə 1904-cü ildən baş­lamışdır. O, əvvəllər tarzən Tatevos və kamançaçı Makiç ilə Qarabağ və Gəncə məclislərində, sonralar isə Zaqafqaziyanın kənd və şəhərlərində oxumuşdur. Gənc yaşlarından Şuşada və Qarabağdan uzaq digər bölgələrdə ansambl tərkibində solist kimi toy məclislərində və şənliklərdə iştirak edirdi. Ailəsi ilə birlikdə Tiflisə köçən Məcid burada tez bir zamanda gürcü, erməni dillərini öyrənərək, məclislərdə çıxış etməyə başlayır. Bu dövrdə Cənubi Qafqazın bir çox tanınmış musiqiçiləri Tiflisdə toplaşmışdılar. Məcid Behbudov uzun illər Tiflisdə tarzənlərdən Məşədi Zeynal, Rzabala və kamançaçı Ruben Qaraxanov ilə "Dvoryanski klub"da xanəndəlik etmişdir. 1910-cu ildə "Qrammofon" şirkəti xanəndənin səsini vala yazmaq üçün Riqaya dəvət edir və o, burada bir çox təsnif və mahnıları vala yazdırır. Xanəndənin səsi yazılmış onlarca val indi ən məşhur muzeylərdə və şəxsi kolleksiyalarda, o cümlədən Böyük Britaniyanın məşhur Kral kitabxanasında qorunub saxlanılır. XX əsrin əvvəllərində İngiltərənin "Qrammafon-Rekords" şirkəti tərəfindən buraxılmış qırxdan artıq valın içərisində "Şuşa təsnifi"nin öz xüsusi yeri, xüsusi çəkisi var. Bu vala yazılmış "Qalalıyam, qalalı" xalq mahnısı isə böyük sənətkarın doğma yurdu Şuşaya, onun insanlarına olan sonsuz məhəbbətinin və ehtiramının ən gözəl nişanəsidir.
Məcid Behbudov Mirzə Hüseyn segahı, Şüştər və Çahargah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M.Behbudov həmçinin, musiqili tamaşalarda da çıxış etmiş, Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir.
M.Behbudov ömrünün çox his­səsini Gürcüstanda yaşamış, Tiflis teatrlarında, konsert salonlarındakı çıxışları ilə yaddaşlara həkk olunmuşdur. Onun Qafqaz ölkələrində Azər­baycan musiqisini təbliğ etmək sahəsində mühüm xidmət­ləri vardır. Ömrünün son illərini isə M.Behbudov Qazax rayonunda yaşamışdır. O, burada mədəniyyət evində çalışmış, bir sıra istedadlı xanəndələr yetişdirmişdir. Məcid Behbudovun övladları Azərbaycan mədəniyyətində mühüm rol oynamışlar: məlahətli səsi ilə dünyanı fəth edən müğənni, SSRİ xalq artisti Rəşid Behbudov, rejissor, Rusiyanın xalq artisti Ənvər Behbudov, aktrisa, əməkdar artist Nəcibə Behbudova ailə ənənəsini davam etdirmişlər.
Məcid Behbudov Azərbaycanda opera teatrının inkişafına da yaxından iştirak etmişdir. O, hələ 1911-ci ildə Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasında Xosrov rolunda oynamışdır.
Məcid Behbudov Üzeyir Hacıbəyovun opera və operettalarında, Məşədi Cəmil Əmirovun "Seyfəl-Mülk" operasında da çıxış etmişdir.
Xanəndə 6 sentyabr 1945-ci ildə Qazaxda vəfat etmişdir.