PORTRET

XALQIMIZIN FƏXRİ, SÖNMƏZ ULDUZ – MÜSLÜM MAQOMAYEV

  • 27.08.2022

Avqustun 17-si Azərbaycan xalqı dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin doğum gününü qeyd etdi. Xalqımızın iftixarı olan Müslüm Maqomayevi qədim yunan mifologiyasının qəhrəmanlarından olan Orfeylə müqayisə edirlər.
Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan tarixinin bütöv bir dövrünün rəmzi olaraq, bütün dünyada milyonlarla insanın rəğbət və məhəbbətini qazanıb, bəşər mədəniyyətində hadisəyə çevrilə bilib.
1942-ci ildə Bakıda dünyaya göz açan bu uşağa babasının – görkəmli bəstəkar Müslüm Maqomayevin adı verilir. Balaca Müslüm babasını görməsə də, onun həyatı ilə maraqlanır və qərara alır ki, babasının yolunu davam etdirsin.
Bəstəkar Müslüm Maqomayev ağlına belə gətirməzdi ki, 1916-cı ildə yazığı “Şah İsmayıl” operasındakı Aslan şahın ariyasını çox illər sonra nəvəsi Müslüm Maqomayev ifa edəcək.
Həmyaşıdları kimi böyüyən Müslüm dənizi, gəmiləri, fantastik əsərləri, nağılları çox sevib, rəsmlər çəkib. Hətta Jül Vernin “Nautilus”una oxşar “gəmi” də düzəldib. Uolt Disneyin bütün filmlərini toplayıb. Amma maşın və qalay əsgərciklərlə oynayan yaşıdlarından fərqli olaraq, əlindəki karandaşla “dirijorluq” edib. Hər şeylə maraqlanan uşaqlar kimi oyuncaqlarını söküb ki, görsün içində nə var. Hətta onun bu marağı babasının skripkasının sınması ilə nəticələnib.
Babasının royalı ilə çox tez dostlaşan Müslüm beş yaşında ilk melodiyasını bəstələyib və onu ömrü boyu yadında saxlayıb. Səkkiz yaşında nadir səsi ilə müəllimlərini heyran qoyub.
Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb, Helsinkidə keçirilən VIII Ümumdünya festivalından medalla qayıdıb. M.Maqomayevin hələ gənc yaşlarından musiqiyə, piano ifaçılığına olan marağı Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik musiqi təmayüllü məktəbdə özünü büruzə verdi. Rossininin «Sevilya bərbəri» operasından «Fiqaronun ariya»sını o, ilk dəfə müvəffəqiyyətlə konservatoriyanın Böyük zalında ifa etdi. Bu hadisə bizim xatirimizdə silinməz izlər buraxdı və çıxışdan sonra Müslüm Maqomayevin vokal sahədəki professional karyerası yüksəlməyə başladı. Sonrakı illərin hadisələri onun vokal ifaçılıq fəaliyyətini İtaliya və Moskva şəhərləri ilə bağlayır.
M.Maqomayev öz bacarığını bəstəkarlıq sahəsində də müvəffəqiyyətlə sınayır. Bəstələdiyi mahnıların sırasında «Ey əziz anam, Azərbaycan!» öz layiqli yerini tutur. Konsertlərinin əvvəlində və sonunda, o, daima bu mahnını qüvvətli səslə və qüdrət hissilə ifa edirdi, bu da dinləyicilərdə böyük qürur doğururdu. Sovet İttifaqının mərkəzi televiziyası bir müddət öz verilişlərini Müslüm Maqomayevin melodiyası ilə tamamlayırdı, bu da adi bir şey deyildi. Bu, ondan irəli gəlir ki, Müslüm Maqomayev istedadı öz parlaq çağlarını yaşayır. Sovetlər Birliyinin hər yerində ona alqış söyləyirdilər, sanki əlləri üstündə gəzdirirdilər. Özünəməxsus oxuma üslubu onu çox müğənnilərdən fərqləndirirdi. O, eyni səviyyədə həm opera ariyalarını, həm də estrada mahnılarını ifa edirdi. Xüsusilə, müasir ritmik caz üslubunda yazılan mahnılar hamını heyran edirdi.
60-70-ci illərdə beynəlxalq-siyasi aləmdə SSRİ-nin Qərb ölkələrilə dostluq və mehribanlıq münasibətlərinin ilk çağlarında Müslüm Maqomayev öz səhnə ustalığı ilə bu dostluğa inam gətirdi. Dünyanın elə bir ölkəsi yox idi ki, o, orada çıxış etməsin.
Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.
O, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını ifa edib.
İtaliyadan Vətənə dönəndən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Konservatoriyanın Böyük zalında buraxılış imtahanı keçirilirdi. Bu dəfə müğənni populyar operalardan ariyaları, Şumanın, Şubertin mahnılarını və nəhayət, italyan mahnılarını repertuarına salmışdı. İndi də gözümüzün qarşısında qara smokinqdə ucaboylu, xoş görünüşlü, hədsiz səs imkanlarına malik olan Müslüm canlanır. Bu, imtahan deyildi. Sanki yüksək professional vokal sənətinə yiyələnmiş solistin konserti idi...
Müslüm Maqomayevin sonrakı yaradıcılığı Moskva ilə bağlıdır. Rusiyanın görkəmli bəstəkarları onun səsinə uyğun mahnılar yazıblar. 1963-cü ildə Moskvadakı P.Çaykovski adına konsert salonunda ilk solo konsertini verib. Lakin müğənninin repertuarında Azərbaycan musiqisi: Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romansları və digər əsərlər xüsusi yer tutub. O deyərdi: “Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür etmirəm”. Bu sözlər onun həmvətənlərinə isti, səmimi münasibətində özünü aydın büruzə verir – imkansızlara əl uzatmaq, istedadlılara yol açmaq və bununla yanaşı, çalışıb kölgədə qalmamaq və s. O, babası Müslüm Maqomayevin adının layiqli daşıyıcısıdır.
Dünya şöhrətli Müslüm doğma vətənini bir an unutmurdı. O dönə-dönə Azərbaycana gəlirdi. Hətta gələcək həyat yoldaşı Tamara Sinyavskaya ilə də o, Bakıda qastrol səfərində ikən rastlaşmışdı.
Müslüm Maqomayevin Azərbaycanla yaradıcılıq münasibətləri özünü təkcə estrada-konsert fəaliyyətində göstərmirdi, o həm də 80-ci illərdə kinoda ölməz Nizami rolunda çəkilməyə təkliflər alır və qəbul edir. Dərin məzmunlu Nizami obrazını Müslüm Maqomayev böyük məharətlə oynayır. Onun ifasında Nizami canlı və inandırıcıdır. Babası Müslüm Maqomayev Şah İsmayıl obrazını operada canlandırdığı kimi, nəvəsi də öz ifasında Nizami obrazını kinofilmdə əbədiləşdirdi.
Müslüm Maqomayevə 31 yaşında “SSRİ xalq artisti” fəxri adı verilib. O, müstəqil Azərbaycan Respublikasının yüksək mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Müğənninin repertuarına, ümumilikdə, 600-dək əsər daxildir.
Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev dövlət tərəfindən yaradıcılıq fəaliyyətinə görə SSRİ və Azərbaycanın ən yüksək ad və ordenlərinə layiq görülmüşdür: Qırmızı Əmək Bayrağı Ordeni (1971), Azərbaycan Respublikasının xalq artisti (1971), SSRİ xalq artisti (1973), Xalqlar Dostluğu Ordeni (1980), «Şöhrət» ordeni (1997).
Sonuncu «İstiqlal» ordeni Müslüm Maqomayevə Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə 2002-ci il sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təqdim olunub. Təqdimat mərasimindəki çox gözəl və məzmunlu çıxışında Prezident Heydər Əliyev Müslüm Maqomayevi öz xatirələrində canlandırmış və onun yaradıcılığına dərin mənalı təhlil vermişdir. Bu mərasimdə respublikanın qabaqcıl ziyalıları və sənət adamları iştirak edirdilər.
1997-ci ildə Günəş sistemi planetlərindən birinə onun adı verilib.
Müslüm Maqomayevin iti müşahidəsi və gözəl qələmi olub. İtalyan mənşəli Amerika müğənnisi Mario Lansa haqqında kitab yazıb. “Mənim məhəbbətim melodiya” kitabında isə o, özü barədə düşüncələrini, uşaqlıq dövründən başlayaraq yetkin, hərtərəfli zəngin həyat yolu keçmiş bir insanın yaşadığı mühiti, onu əhatə edən adamları – dövlət başçılarından tutmuş adi insanlara qədər bir sıra şəxsiyyətlərin simasında təsvir edir. Baş vermiş hadisələr, görüşlər, dünya şöhrətini çiynində daşımaq məsuliyyəti və s. kimi maraqlı faktlarla yanaşı, oxucunun gözləri qarşısından Müslümün bütün həyat və yaradıcılıq yolu gəlib keçir. Onun simasında biz gözəl insan, istedadlı şəxsiyyət və dünya şöhrəti qazanmış müğənnini, ən əsası isə – vətənpərvər insan, əsl azərbaycanlını görürük...
Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Ölümündən əvvəl yazdığı sonuncu mahnısı “Əlvida, Bakı” adlanırdı.
Bu yerdə sönməz ulduz - Müslüm Maqomayev haqqında yazını bitirmək də olardı. Amma avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünya şöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışında Prezident İlham Əliyevin dediyi sözləri xatırlatmasaq, bu yazımız da yarımçıq qalmış olardı.
Həmin gün abidənin açılışında cənab prezidentin dediyi bu sözlər hamını kövrəltdi: “Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş, onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq. Müslümün bəstələdiyi son mahnı isə çox kədərlidir. Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslüm özü onu bəstələyib. O mahnının adı “Əlvida, Bakı” idi və o, anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi.
“Əlvida, Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt “Əlvida, Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaqdır”.