Xudu Surxay oğlu Məmmədov
Qarabağın görkəmli simaları
Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur. 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. 1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir. O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir. X.Məmmədov bir neçə illik tədqiqatlarının yekunu olaraq 1960-cı ildə “Kalsium silikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazır. Sement silikatların quruluşuna dair monoqrafiya yazılmasına London nəşrlərindən sifariş olsa da, bu monoqrafiyanı X.Məmmədov azəri-türkcəsində yazdı. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi.
X.Məmmədovun görkəmli alim Con Bernalla ilk görüşü 1956-cı ildə olur. O vaxt Moskva şəhərində Beynəlxalq Sülh Konfransı keçirilir. Con Bernal laboratoriyasında uzun müddət problem quruluşlarından olan ksonotlit və vollastonit minerallarının quruluşunu yüksək dəqiqliklə təyin edən X.Məmmədovla görüşür. İnstitutda elmi diskussiyadan sonra X.Məmmədovla tanışlıq onu çox heyrətləndirir və onu Londona “Sement Silikatlarının Quruluşunun Tədqiqi” elmi mərkəzinə dəvət edir.
1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür, 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür.
1960-1970-ci illərdə artıq elm aləmində “Kristallokimyaçıların Bakı məktəbi” kimi tanınmış laboratoriyanın əməkdaşları X.Məmmədovun rəhbərliyi ilə dünya laboratoriyalarının problem axtarışlarından olan quruluşları açmağa qadir idilər. Bu illərdə X.Məmmədov artıq dünya səviyyəsində qəbul edilmiş, kristalloqrafların görkəmli liderləri səviyyəsinə ucalmışdır.
X.Məmmədov 1970-ci illərdə çox sevilən, ölməz sənətkar və görkəmli alim Üzeyir bəy Hacıbəyovun xatirəsinə həsr etdiyi “Qoşa qanad” əsərini yazır. Əsər elm və sənətin vəhdətinə həsr edilmiş fundamental elmi araşdırmaların nəticəsi idi. İlk dəfə bu əsər “Ədəbiyyat və incəsənət” qəzetində çap olunur. 1974-cü ildə isə “Gənclik” nəşriyyatı eyniadlı kitab nəşr edir. Kitab istedadlı filosof Ziyəddin Göyüşovun “Zirvəyə çağıran səslər” başlıqlı ön sözündən, dörd fəsildən və son sözdən ibarətdir.
1980-ci illərdə X.Məmmədov nadir torpaq elementləri və sulfidlərinin və sulfoduzlarının quruluşu ilə mürəkkəb tərkibli oksidlərin – silikatların və boratların quruluşu arasında oxşarlıq olduğunu kristallokimyəvi faktorlar əsasında yüksək səviyyədə elmi dəlillərlə sübut edir.
1981-ci ildə X.Məmmədovun “Naxışların yaddaşı” kitabı çap olunur. O, qədim naxışların araşdırılması ilə türkçülüyün izlənməsinin mümkünlüyündən danışırdı. Eramızdan çox-çox əvvəl türklərin məskunlaşdığı ərazilərdə tapılan sənət nümunələrində simmetriya elementlərindən istifadə olunmasını kristalloqrafiya elmimizin, qədim türk tayfalarında, müxtəlif sənətkarların yaratdığı əşyalarda müşahidə olunması bu elmin yaradıcılarının özümüzə məxsusluğunu yüksək səviyyədə əsaslandırırdı. Qədim əşyaların üzərində ornamentlərin köçürülmə simmetriyasına tabe olması, XII əsr mağara memarlıq abidələrinin birində üçtərtibli simmetriya oxuna malik fraqmentin sıx yerləşmə prinsipi ilə müstəvi səthi doldurması və həmin prinsiplə Bərdə türbəsinin (1322-ci il) silindr formalı səthinin dördtərtibli simmetriya elementini saxlamaqla “Allah” kəlməsi ilə doldurulması və s. qədim ornamentlərimizdə müəyyən kristallik maddələrin quruluşu ilə eynilik müşahidə edən X.Məmmədov əcdadlarımızın quruluş təsəvvürlərinə malik olmalarını fərəhlə söyləyirdi. Bu yüksək elmi nailiyyətlərin nəticəsi idi ki, 1981-ci ildə Vaşinqton beynəlxalq “Perqamon Pres” nəşriyyatının çapdan buraxdığı irihəcmli “Simmetriya” məcmuəsinin “Kristalloqrafik naxışlar” bölməsi X.Məmmədov tərəfindən yazılmışdır.
1980-ci illərin sonlarında başlanan Azərbaycanımızın ağrılı-acılı hadisələri - Qarabağ dərdi Xudu Məmmədovun ölümünü tezləşdirir. 1988-ci il oktyabrın 15-də sənətinin vurğunu olduğu, Şərqin böyük dahisi Üzeyir bəy Hacıbəyovun ev muzeyində dünyasını dəyişir.
Görkəmli alim Xudu Məmmədov 345 elmi əsərin müəllifi olmuşdur ki, onların da 11-i ixtira olub, keçmiş SSRİ-nin müəlliflik şəhadətnamələri ilə müdafiə olunmuşdur. Onun rəhbərliyi altında 18 elmlər namizədi və iki elmlər doktoru hazırılanmışdır.
2017-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasında Xudu Məmmədovun 90 illik yubileyi qeyd olunmuşdur.