Mirzə Ələsgər Növrəs (1839-1912)
Qarabağın görkəmli simaları
Azərbaycan şairi Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1839-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. O, ərəb, fars dillərini kamil bilməklə, rus dilini də tamam-kamal öyrənib, qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı.
Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı.
1872-ci ildə Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəkdə fəal iştirakçılardan biri olub. Sonralar Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığnağının üzvü idi. O, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından olub. Bu məclislərə o dövrün ən görkəmli şairləri və musiqiçiləri toplaşıblar. Mirzə Ələsgər Növrəs Xurşidbanu bəyim Natəvan, Seyid Əzim Şirvani və başqaları ilə yazışırdı. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda “Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs” sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, “Səfa” cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib.
Mirzə Ələsgər Növrəs 1912-ci ildə Şuşada vəfat etmiş, Mirzə Həsən qəbiristanlığında dəfn edilmişdir.
Onun dörd övladı olub. Qızı Fatimə bəyimi Xurşidbanu Natəvanın oğlu Seyid Həsənə ərə verib.
Onun adını daşıyan nəvəsi iqtisad elmləri namizədi, dosent Növrəs Növrəslidir.
Mirzə Ələsgər Növrəs Şahin, Tərlan, Arslan və Nurlan Növrəslinin ulu babasıdır.