ONUN BÜTÜN HƏYAT YOLU ELMƏ HƏSR OLUNMUŞDU
Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyevanın bu günlərdə 90 illik yubileyidir. Yubiley ərəfəsində Avstriyadan Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik Valter Koflerin adından bu münasibətlə Respublika Milli Elmlər Akademiyasına və Təhsil Nazirliyinə məktub ünvanlanıb.
Məktubu olduğu kimi dərc edirik.
“Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Eldar oğlu Əmrullayevə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik Arif Məmməd oğlu Həşimova, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin prezidenti Prof. Dr. Elçin Nüsrət oğlu Xəlilova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə.
H&E Beynəlxalq Elmlər Akademiyası adından Azərbaycan alimlərini və ictimaiyyətini dünya şöhrətli alim, AMEA akademiki Rəfiqə Əliyevanın 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Onun bütün həyat yolu elmə həsr olunmuşdu. Əliyeva Rəfıqə Əlirza qızı 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1976-cı ildə dosent, 1998-ci ildə isə kimya ixtisası üzrə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
RəfıqəƏliyeva 1958-1960-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi, 1957-1999-cu illərdə BakıDövlət Universitetinin “Analitik kimya” kafedrasında aspirant, laborant, assistent, baş müəllim, dosentvəzifələrində çalışmış və həmin kafedranın professoru, 2001-ci ildən Bakı Dövlət Universitetinin “Ekoloji kimya və ətraf mühitin mühafızəsi“ elmi tədqiqat laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.
Rəfıqə Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının öyrənilməsi sahəsində tədqiqatlar aparan, analitik kimya elminin bu sahəsinin yeni biliklərlə zənginləşdirilməsində xidmətləri olan tanınmış alimdir. Onun əsas elmi istiqaməti yeni üzvi reagentlər və sorbentlərin sintezi və onların analitik imkanlarının öyrənilməsindən ibarətdir. O, analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyən etmişdir. O, ilk dəfə olaraq spektrofotometrik metod vasitəsilə germaniumun alizarin qırmızı C, stilbazo, piroqallol qırmızı, brompiroqallol qırmızı, xinalizarin reagentləri ilə kompleks birləşmələrini tədqiq etmişdir.
RəfiqəƏliyevanın rəhbərliyi altında ilk dəfə olaraq b-diketonlar əsasında azobirləşmələr sintez edilmiş və üzvi reagentlərdə kvant kimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış, alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır. Onun rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanmışdır. Bu sinif sorbentlərdən neftayırma zavodlarından alınan çirkab sularında, axıntı və lay sularında metalların qatılaşdırılması üçün istifadə edilməsi təklif olunmuşdur.
RəfıqəƏliyeva 450 elmi əsərin, 25-dən çox dərs vəsaiti və dərslik, analitik kimyadan 6 tərcümə kitabının və 20 patentin müəllifidir. Onun əsərlərinin çox hissəsi xarici ölkələrdə çap olunmuşdur. Tanınmış beynəlxalq jumallarda onun əsərlərinə istinadlar olunur. RəfiqəƏliyevanın rəhbərliyi ilə 2 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır. RəfıqəƏliyeva Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D02.011 şifrli Dissertasiya Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin Elmi Şurasının üzvü olmuşdur.
RəfiqəƏliyeva Əməkdar elm xadimi, akad. Yusif Məmmədəliyev adına mükafatın laureatı adlarına layiq görülmüşdür. O, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını”seçilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına, “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi Heydər Əliyev adına mükafata layiq görülmüşdür.
Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycan və dünya üçün çox önəmli olan bu qadının 90 illiyini təntənə ilə qeyd etmək qərarınızı dəstəkləyir və təbrik edirik. Onun tədqiqatlara və tətbiqinə sadiqliyi, hamının rifahı, Azərbaycan ilə dünya arasında elmin və əməkdaşlığın genişlənməsi naminə göstərdiyi səylər davamlı missiya olaraq qalacaq.
Prof. Dr. Walter Kofler president of ICSDIAS Academician of the IAS and RAS
(Prof. Dr. Valter Kofler, Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik)
10 sentyabr 2022-ci il”
Dünya şöhrətli alim, tanınmış pedaqoq Rəfiqə Əliyevanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır...
“İQTİSADİYYAT”