VİDA SÖZÜ - Cahangir Qocayev
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ziyalı, dəyərli alim, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində rəhbər vəzifələrdə çalışmış Cahangir Qocayev vəfat etmişdir.
Cahangir Qocayev ömrünün fəal və faydalı hissəsini xalqına və dövlətinə həsr etmiş ziyalılarımızın sırasında özünəməxsus yeri və sanbalı olan iqtisadçılarımızdan biri idi. Saatlı rayonunun Mollavaizli kəndində anadan olmuş Cahangiri kənd camaatı xeyli müddətdə adi bir sakin, kənd uşağı kimi tanısa da, daha sonra o, qohum-əqraba və kəndçiləri üçün nişan verilən, nümunə göstərilən şəxsə çevrilə bilmişdi. Orta məktəbi qurtarandan sonra inşaatçı-mühəndis olmaq arzusu çin olmasa da, ruhdan düşməyən Cahangir 1 il texniki-peşə məktəbində təhsil alır. Neft-qazçıxarma operatoru kimi indiki “Balaxanıneft”in Sosialist Əməyi Qəhrəmanı Musa Bayramovun rəhbərlik etdiyi 8-ci mədəndə çalışır. İndiki Neft Akademiyasının mühəndis-iqtisad fakültəsinin axşam şöbəsinə daxil olur. 1967-1973-cü illəri əhatə edən bu dövrdə o, operatorluqdan Plan şöbəsində texnik, 12-ci mədənin iqtisadçı-mühəndisi və nəhayət idarənin əməyin təşkili, texniki normalaşdırma və əməkhaqqı şöbəsinin mühəndisi vəzifəsinə qədər yüksəlir. Bu müddətdə Cahangir o vaxtkı “Kommunist” qəzetində (1970) neft hasilatının sabitləşdirilməsi məsələlərinə həsr edilmiş, “Azərbaycan neft təsərrüfatı” jurnalında (1972 №7) neftin maya dəyərinin aşagı salınması məsələlərinə aid məqalələrlə çıxış edir. O zamanlar çox böyük maraq doğuran bu yazıları oxuyanlar onun müəllifinin kifayət qədər təcrübəli şəxs olduğunu zənn edirdilər. Əslində isə bu, bir tələbənin qazandığı bilikləri istədiyi konkret müəssisə və sahə ilə əlaqələndirmək bacarığından irəli gələn əsaslandırılmış, elmi-publisistik düşüncələr idi. 1973-cü ildə Cahangir tələbə elmi cəmiyyətlərinin I Ümumrespublika Forumunda “Azərbaycan SSR-in neft emalı və neft-kimya müəssisələrində idarəetmənin vəziyyətinin təhlili” mövzusundakı elmi məruzəsinə görə iqtisadiyyat üzrə yeganə birinci dərəcəli diploma layiq görülür.
İnstitutu bitirən kimi Cahangir ali təhsilli iqtisadçı-mühəndis kimi öz doğma yurduna qayıdır. 1973-cü ildə Saatlı rayonundakı 17№-li Tikinti-quraşdırma idarəsində fəhlə kimi işə başlayan Cahangir bir il keçməmiş normalaşdırıcı vəzifəsinə irəli çəkilir. Bu minvalla o, 1989-cu ilə qədər “Azərmeliosutikinti” baş idarəsinin şöbə müdiri və mərkəzi aparatın ilk partiya təşkilatı katibi səviyyəsinə qədər yüksəlir. 1979-80-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun qiyabi aspirantı olsa da, vəzifə işinin xarakteri ilə əlaqədar elmi başa çatdırmasa da, fəaliyyətində həmişə elmi yönümü qorumağa çalışıb. 1989-cu ildən Dövlət Tikinti Komitəsinə dəvət olunan Cahangir Qocayev 3-4 ildən sonra Komitə sədrinin müavini və birinci müavini vəzifəsinə qədər yüksələ bilib.
Öz əsas işi ilə bərabər, Milli Məclisin İqtisadi siyasət komitəsinin işində də yaxından iştirak edib. “İnvestisiya fəaliyyəti haqqında”, “Standartlaşdırma haqqında”, “İstehlakçıların hüququnun müdafiəsi haqqında”, “Rabitə haqqında”, “İnformasiya və Telekommunikasiya haqqında”, “Avtomobil yolları haqqında” və sair qanunları hazırlayan işçi qrupun rəhbəri olub. “Tender haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” və müxtəlif səpgili çoxsaylı digər qanunları hazırlayan işçi qruplarının üzvü olub. Öz nəzəri-təcrübi hazırlığına söykənərək hazırlanan qanunların, digər milli normativ-hüquqi aktların daha da mükəmməl olması naminə Cahangir müəllim bəzən çoxları tərəfindən düzgün qəbul edilməyən, özünəməxsus, çox dəyərli təkliflərlə çıxış edib. Yeri gəlmişkən, qeyd edək ki, o, hər mənada zamanı qarşılaya bilən şəxsiyyətlərdən idi. Öz bilik və bacarığını başqalarına, xüsusən də gənclərə çox həvəslə öyrədirdi. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının baş müəllimi kimi şərəfli bir vəzifəni də vicdanla yerinə yetirirdi. 70 yaşını təbrik edənlərdən biri tamamilə haqlı olaraq demişdi: “Cahangir Qocayevin uzun illər xidmətində dayandığı şəhərsalma sahəsində ideya və prinsiplərinə sadiq olmaq o qədər də asan deyil. Amma o, şəhərsalmaya dəyər qazandırmağı bacarmış zirvədir. Bu zirvəyə ucalmağı heç də hər memar, mühəndis bacarmır. Cahangir Qocayevin öz peşəsinə bağlılıq prinsiplərində şəhərsalmaya peşəkar yanaşma xətti, dövlətə və dövlətçiliyə misilsiz sadiqlik ruhu var. O, sadiqliyini zəhməkeşliyi, həssas yanaşma tərzi ilə sübut etmiş bir örnək kimi böyük hörmət və ehtiram sahibidir”.
Dostları, iş yoldaşları Cahangir Qocayevi öz işinin peşəkarı, şəhərsalma sahəsində öz sözünü demiş müətəxəssis, böyük insani keyfiyyətləri özündə birləşdirən sadəlik, səmimilik və alicənablıq nümunəsi kimi tanıyırdı.Artıq təqaüdə çıxsa da, yenə sevdiyi peşəsindən ayrılmaq istəmir, tikinti sahəsindəki 41 illik təcrübəsini bölüşmək, bildiklərini gənc mütəxəssislərə öyrətmək, yeri gələndə iradlarını qeyd etmək üçün fürsət axtarırdı. Cahangir Qocayevin ana prinsiplərindən biri o idi ki, vətənə, xalqa və dövlətə xidmət etmək üçün haradasa işləməyin, vəzifə və səlahiyyət sahibi olmağın o qədər də önəmi yoxdur.
O, hesab edirdi ki, insan işləmədən, vəzifə və səlahiyyət sahibi olmadan da xalqına və dövlətinə xidmət edə bilər: “Təqaüdə çıxsam da, yaşımın bu vədəsində vaxtımı səmərəli keçirməyə çalışıram. Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü kimi müəyyən tədbirlərdə iştirak edir, şəhərsalmadakı problemlər barədə öz fikrimi dövlət orqanlarına, ictimaiyyətə çatdırıram ki, aidiyyəti qurumlar lazımi tədbirlər görsünlər. O, dəfələrlə bildirirdi ki, şəhərsalma elə bir sahədir ki, o həmişə inkişaf edir, illər ötdükcə qədimləşir, dəyəri artır. Yəni, şəhər qədimləşdikcə qiymətə minir. Şəhərin təsərrüfat infrastrukturunun saxlanmasına, o cümlədən bağ və parklara xidmətin göstərilməsinə bu prinsipdən yanaşmaq lazımdır.
Cahangir müəllim Azərbaycan İqtisadçılar İttifaqı və “İqtisadiyyat” qəzeti ilə sıx əməkdaşlıq edirdi. Səmimi və mehriban münasibəti ilə redaksiyada hər kəsin böyük hörmətini və rəğbətini qazanmışdı. Dəyərli alimi, peşəkar mühəndisi, alicənab bir şəxsiyyəti, müdrik, dünyagörmüş ağsaqqalı, səmimi insanı - Cahangir Qocayevi bu günlərdə itirsək də, əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!
Ziyad Səmədzadə, Eldar Nuriyev,
Qüdrət Kərimov, Vahid Novruzov,
Vahid Hümmətov, Elşən Hacızadə,
Rəsul Balayev, Arif Hüseynov,
Elxan Bəşirov, Elşad Səmədzadə,
Aytən Səmədzadə, Yeganə Məmmədova