PORTRET

Rəşid Behbudov

  • 14.09.2022

 

Qarabağın görkəmli simaları

 

 Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən biri, ecazkar səsə malik, mahnıları ilə Azərbaycanı dünyaya tanıdan sevimli sənətkarımız Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir.

Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov daha sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazın rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz Orkestrində solistliyə başlayır. 1930-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. Həmin il Azərbaycan Dövlət Caz Orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olmuşdur.
Çox keçmir ki, Rza Təhmasib onu Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyni adlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filminə dəvət edir, 1945-ci ildə arşın malçı rolunda çəkilir və bu film ona böyük şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman "Azərbaycan kinematoqrafiyasının təntənəsi" məqaləsində aktyorun oyununu belə qiymətləndirib: "Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir..." 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatı ilə təltif olunur.
1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edir.
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.
Bütün sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.
Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. Azərbaycanın elə bir şəhəri, rayonu və kəndi yoxdur ki, sənətkarın ayağı oraya dəyməmiş olsun. Dünyanın hər yerində yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük müğənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab edilirdi. Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, 2 “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüşdür.
Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.
2015-ci il 14 dekabrda Heydər Əliyev Sarayında 100 illik yubileyi qeyd olunub.
4 oktyabr 2016-cı ildə adını daşıdığı küçədə və mahnı teatrının qarşısında abidəsi ucaldılmışdır.
18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən "Rəşid Behbudov" sürətli sərnişin gəmisi istismara verilmişdir.