Arif İmran oğlu Babayev
Qarabağın görkəmli simaları
Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, professor, Azərbaycan SSR xalq artisti Arif İmran oğlu Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur.
Arif Babayev 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirmiş, 1963-1966-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışmışdır.
O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.
Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov - "Leyli-Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z.Hacıbəyov - "Aşıq Qərib"), Camal (Ş.Axundova - "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq, Azərbaycan Teleradio Fonduna daxil olmuşdur.
1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra - 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunmuşdur.
Xalq artisti Arif Babayev hazırda Milli Konservatoriyanın muğam kafedrasının müdiridir. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.
Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.
Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunmuşdur.
A.Babayev dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olaraq, Azərbaycan muğamını ləyaqətlə xarici ölkə tamaşaçılarına təqdim etmiş, Amerika, Avropa, Asiyanın bir çox ölkələrində Azərbaycan muğam sənətini musiqisevərlərə tanıtmışdır. Onun səsi respublikada və xaricdə qrammofon vallarına və kompakt disklərə yazılıb. Yetirmələri bu gün muğam sənətinin tanınmış simalarıdır.
Böyük sənətkar muğam müsabiqələrində münsiflər heyətinin üzvü kimi iştirak edir. O, öz bilik və bacarığını istedadlı xanəndələr nəslinin yetişməsinə sərf edərək, Qarabağ muğam ifaçılığı ənənələrini yaşatmağa çalışır.
Dövlətimiz tərəfindən muğam sənətimizin inkişafındakı xidmətlərinə görə A.Babayevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib.
Görkəmli muğam ustası, böyük xanəndə Arif Babayev mədəniyyətimizə və muğam sənətimizə bəxş etdiyi əvəzsiz töhfələrə görə 1988-ci ildə xalq artisti, 1996-cı ildə professor, 1998-ci ildə “Şöhrət” və 2008-ci ildə “İstiqlal”, 2018-ci ildə "Şərəf" ordenlərinə layiq görülmüşdür. Ona 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatı təqdim edilib.