PORTRET

Toğrul Nərimanbəyov

  • 06.10.2022

Qarabağın görkəmli simaları

Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nərimanbəyov Toğrul Fərman oğlu 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulmuşdur.
Əslən şuşalıdır. Babası Əmir bəy Nərimanbəyov Bakı quber­niyasının qubernatoru, Araz Türk Cümhuriyyəti Na­­zirlər Şurasının sədri olmuş­­dur. Atası Nərimanbəyli Fər­man bəy Əmir bəy oğlu (1898-1970) Cümhuriyyət tələ­bə­lərindən biri olmuşdur. Kann şəhərindəki Politexnik Universitetini bitirdikdən son­ra Azərbaycana dönmüş, ixti­sasca energetik olan Fərman Nərimanbəyov Azərbaycan Dövlət Plan Komitəsində elek­trikləşdirmə bölməsinin rəisi işləmişdir. 1937-ci ildə həbs olunmuş və sürgünə göndərilmişdir. Sürgündən qayıtdıqdan sonra Mingəçevirdə yaşamış və işləmiş, 1977-ci ildə orada vəfat etmişdir.
Toğrul Nərimanbəyov 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirmişdir.
XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlamışdır. Yaradıcılığının ilk dövrünə aid əsərlərdən "Bayıl mənzərəsi", "Fırtınadan da güclü", "Səadət", "Sevinc", "Həyat naminə", "İşıqlı gələcək uğrunda" və başqalarını qeyd etmək olar. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur. O, Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaratmışdır. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək, böyük estetik təsir qüvvəsinə malikdir.
Rəssamın "Emalatxanada", "Kafedə", "Qız Qalası", "Talış dağlarında", "Yaylaqda", "Çoban ailəsi", "Məhsul bayramı", "Bağda çayxana", "Bakıda bazar" və s. əsərlərinin hər biri haqqında geniş söz açılmağa layiq sənət nümunələridir. Belə tablolara rəğbətini gizlətməyən S.Bəhlulzadənin "Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir…" fikrini söyləməsi də həmin əsərlərin sənətkarlıqla yaradıldığını təsdiqləyir.
T.Nərimanbəyov, eyni zamanda gözəl səs tembrinə malik olub. O, Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməkdən yorulmurdu. Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: "Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa olunarkən gözlərimdən yaş axır. T.Nərimanbəyov Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və keçmiş "Moskva" mehmanxanasının foyelərini bənzərsiz rəssam təxəyyülünün şahanə fantaziyası ilə, qədim incəsənətimizdən gələn ənənələrə tapınmaqla, misilsiz sənət inciləri ilə bəzəyib. Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq, dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.
Toğrul Nərimanbəyov 2 iyun 2013-cü ildə Parisdə vəfat etmişdir. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunmuşdur.