BÖYÜK MÜƏLLİM, ALİM, ELM TƏŞKİLATÇISI
Qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya tarixinə, mədəniyyətinə və elminə elə şəxsiyyətlər bəxş etmişdir ki, onların həyat və fəaliyyətləri indi də öyrənilir və tədqiq olunur. Azərbaycan xalqının XX əsr mədəniyyət və elm tarixində öz fəaliyyətləri ilə seçilən və çalışdıqları sahəyə əvəzsiz töhfələr verən şəxsiyyətlər vardır ki, onların qoyduqları zəngin mədəni və elmi irs akademik məktəb kimi qəbul olunur. Belə şəxsiyyətlərdən biri, yorulmaz fəaliyyəti və yaratdığı elmi məktəblə seçilən böyük insan, böyük müəllim, böyük alim və müasir milli tarix elmimizin akademik əsaslarını yaradan, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Əlövsət Nəcəfqulu oğlu Quliyevdir. Alimin anadan olmasının 75 illiyi 1997, 80 illiyi 2002, 90 illiyi 2012-ci illərdə Azərbaycan AMEA RH-nin qəbul etdiyi qərarlar əsasında qeyd olunmuşdur. Bu il isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və AMEA RH-nin qəbul etdiyi qərara əsasən xalqımız və elmi ictimaiyyət onun anadan olmasının 100 illiyini qeyd edir.
Azərbaycan milli tarix elminin fundamental əsaslarının yaradılması, akademik milli tarixşünaslıq məktəbinin formalaşaraq inkişaf etməsi Əlövsət Quliyevin adı və fəaliyyəti ilə bilavasitə əlaqədardır. Onun yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi Azərbaycan xalqının və dövlətinin bu böyük insanın qoyduğu elmi irsə, onun xatirəsinə göstərdiyi diqqət və qayğının təzahürüdür.
Xalqımızın çox qədim və zəngin tarixi vardır. Bu qədim və zəngin tarixin ən aktual problemlər üzrə sahə və istiqamətlərini müəyyən etmək, tədqiqini və yazılmasını təşkil edib olduğu kimi xalqa təqdim etmək heç də asan məsələ deyil. Qədim, antik, ilk orta əsrlər, orta və son orta əsrlər, yeni və ən yeni dövr tarixinin bütün siyasi, sosial-iqtisadi, mədəniyyət, hərb, tarixşünaslıq və mənbəşünaslıq istiqamətlərini dövrlər üzrə doğru-düzgün müəyyən etmək böyük bilik, qeyri-adi istedad, bacarıq, özünə və həmkarlarına qarşı yüksək tələbkarlıq və obyektivlik tələb edir. Bütün bu xüsusiyyətlərin hamısı böyük insan və görkəmli alim Əlövsət Quliyevdə cəm olmuş, sanki o, bu müqəddəs missiyanı yerinə yetirmək üçün doğulmuşdu. Məhz onun yorulmaz fəaliyyəti nəticəsində XX əsin 50-60-cı illərində Azərbaycan tarixinin tədqiq edilərək öyrənilməsinin akademik əsasları qoyulmuşdur.
Əlövsət Nəcəfqulu oğlu Quliyev 1922-ci il avqust ayının 23-də Salyan rayonunun Qızılağac kəndində Nəcəfqulu Quliyevin ailəsində dünyaya göz açmışdır. Tale ona cəmi 47 il ömür bəxş etsə də, o, bu qısa ömrü şərəflə yaşamış, Azərbaycanın XX əsr 40-60-cı illər ictimai-siyasi və elm tarixində silinməz iz qoymuşdur. Onun gərgin əməyi sayəsində 1954-cü ildə rus dilində ikicildlik "Azərbaycan tarixi" (maket) və 1958-1963-cü illərdə dörd kitabdan ibarət Azərbaycan və rus dillərində üçcildlik "Azərbaycan tarixi" kitabları işıq üzü görmüşdür.
Əlövsət Quliyev XX əsrin 50-60-cı illərində AMEA İctimai Elmlər Bölməsinin baş elmi tədqiqat institutu olan A.A.Bakıxanov adına Tarix İnstitutuna iki dəfə rəhbər seçilmişdir. Əlövsət Quliyev 1937-1939-cu illərdə pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də oxuduğu bu pedaqoji məktəbi uğurla bitirir və tarixçi olmaq qərarını verir. O, 1939-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur.
Çox qısa müddətdə Əlövsət Quliyev universitetin ən fəal tələbələrindən birinə çevrilir. Gələcəyin böyük alimi tarix elminin sirlərinə yiyələnmək üçün daim çalışır, rus və başqa dilləri öyrənməyə səy göstərir və buna nail olur. Belə ki, o, 1941-ci ildə tarix fakültəsinin I kurs tələbəsi İqrar Əliyevlə tanış olur və bu tanışlıq möhkəm dostluğa çevrilir. O, Əlövsət Quliyevlə ilk tanışlığını, onu evlərinə dəvət etməsini, onun rus və başqa dillərə marağının anası Zara xanımın diqqətini cəlb etməsini söyləyirdi.
Əlövsət Quliyevin fenomenal biliyi və parlaq istedadı universitet rəhbərliyinin diqqətini cəlb edir, o, 1942-ci ildə hələ tələbə ikən universitetin filologiya fakültəsində tarix müəllimi kimi işə qəbul olunur. Yüksək savadı və biliyi ilə seçilən Əlövsət Quliyev həm də fəal ictimaiyyətçi idi. Ən yaxın dostu mərhum akademik İqrar Əliyev xatırlayırdı ki, Əlövsət Quliyev çox oxuyurdu və oxuduğu kitabların böyük əksəriyyəti tarix elminin müxtəlif problemlərinin tədqiqinə həsr olunmuş əsərlər idi. O, bu əsərləri sadəcə oxumaqla kifayətlənmir, qoyulan problemin nədən ibarət olduğunu, onun mahiyyətini anlamağa, dərk etməyə çalışırdı. O, Azərbaycan, Rusiya və Ön Asiya ölkələri tarixinə dair problemlərə daha çox diqqət yetirir və əksər hallarda geniş diskussiyalara qatılırdı.
Əlövsət Quliyev 1944-cü ildə indiki BDU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirir və ona Dövlət İmtahan Komissiyasının qərarı ilə "Elmi işçi, orta və ali məktəb müəllimi" ixtisası verilir. O, fakültənin Azərbaycan tarixi kafedrasının təqdimatı ilə həmin kafedrada müəllim kimi saxlanılır və ixtisası üzrə universitetin aspiranturasına daxil olur. Əlövsət Quliyev 1942-1950-ci illərdə universitetdə işləməklə bərabər, Respublika Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqının sədri vəzifəsində çalışır. Lakin onun həyatının mənasını fəal ictimai və pedaqoji fəaliyyətindən daha çox Azərbaycan tarix elminin əsas problemlərinin tədqiqi təşkil edirdi.
Əlövsət Quliyev 1948-ci ildə iyirmi altı yaşında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edir və elə həmin il universitetin tarix fakültəsinin dekanı təyin edilir. Onun dekan kimi fəaliyyətinin əsası tarix elminin bütün istiqamətləri üzrə yüksək səviyyəli tədris işini təşkil etməklə bərabər, həm də fakültədə çalışan professor-müəllim heyətini əsaslı elmi tədqiqat işlərinə cəlb etməkdən ibarət idi. O, hesab edirdi ki, müəllim təkcə dərs deməklə kifayətlənməməli, həm də öz ixtisası üzrə elmi tədqiqat işi aparmalıdır. Gənc alimin bu işgüzarlığı və tələbkarlığı respublika rəhbərliyinin diqqətindən yayınmır. Respublika rəhbəri M.C.Bağırov onunla bağlı təqdim olunan müfəssəl məlumatla tanış olduqdan sonra 1948-ci ildə Əlövsət Quliyevi Mərkəzi Komitəyə dəvət edir. Əlövsət Quliyev MK-ya gəlir və M.C.Bağırovla görüşür. M.C.Bağırov onun gənc, istedadlı, işgüzar və tələbkar olduğunu bildiyini söyləyir və ona “Nə üçün ermənilər və gürcülər yalan-doğru tarixlərini yazıblar, amma bizim bu qədər qədim və zəngin tariximiz olmasına baxmayaraq, onu biz hələ yazmamışıq, səbəbi nədir?” - deyə sual verir. O, “bilirəm çox istedadlı və bacarıqlı oğlansan, Azərbaycan tarixi yazılmalıdır. Əsərin redaksiya heyətini və strukturunu özün tərtib et, kimləri istəyirsən dəvət et və qollarınızı çırmayıb işə başlayın. Bu işin məsuliyyətini sənin üzərinə qoyuram, get işə başla”, - deyə onu yola salır.
Azərbaycan tarixinin akademik nəşrinin yazılıb çap olunması tapşırığının nə qədər ağır və məsuliyyətli olduğunu anlayan Əlövsət Quliyev 1948-ci ilin sonuna yaxın elmi bilik və güclərinə inandığı mütəxəssisləri dəvət edərək, əsərin redaksiya heyətini yaradır. Azərbaycan Elmlər Akademiyasının akademikləri - İ.A.Hüseynov, Ə.S.Sumbatzadə, M.A.Dadaşzadə, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Z.İ.İbrahimov, tarix elmləri namizədi Y.A.Tokarjevski və Ə.Quliyevin özü də redaksiya heyətinə daxil idi. Heyətin katibi isə İ.V.Striqunov idi. Onun rəhbərliyi ilə ikicildlik "Azərbaycan tarixi"nin rus dilində maketi hazırlanır. Qeyd etmək lazımdır ki, Əlövsət Quliyevin rəhbərliyi altında maket şəklində hazırlanan bu əsər Sovet totalitar rejiminin tüğyan etdiyi bir dövrdə öz strukturuna və buraya daxil edilən məsələlərin vacibliyinə görə seçilirdi. Belə ki, bu əsər Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq, 1952-ci ilin sonuna qədər olan dövrünü əhatə edir.
1952-ci ildə Əlövsət Quliyev AMEA A.A.Bakıxanov adına Tarix və Fəlsəfə İnstitutunun direktoru təyin edilir. O dövrdə akademik Musa Əliyev Azərbaycan Elmlər Akademiyasının prezidenti idi. O, Əlövsət Quliyevi gənc, istedadlı və bacarıqlı bir alim kimi diqqətlə dinləyir və bütün məsələlərdə ona kömək edirdi.
Əlövsət Quliyevin qarşısına qoyduğu başlıca vəzifə - Azərbaycan tarixinə dair əsaslı elmi əsərlərin yazılmasına nail olmaq, bunun üçün milli tarixçi kadrlar yetişdirmək, onların işini canlandırmaqdan ibarət idi. Bu məqsədlə o, ilk növbədə institutda çox ciddi əmək intizamı yaratmışdı. Əlövsət Quliyev, demək olar ki, institutun bütün əməkdaşlarını "Azərbaycan tarixi" üçcildliyi üzərində işə cəlb etmişdir.
Əlövsət Quliyev 1958-ci ilin yanvarınadək AMEA A.A.Bakıxanov adına Tarix və Fəlsəfə İnstitutunun direktoru olmuş, 1958-1965-ci illərdə "Azərbaycanın yeni tarixi" şöbəsində baş elmi işçi vəzifəsində çalışmış, 1965-ci ilin aprelindən 1967-ci ilin iyunun 4-dək həmin şöbəyə rəhbərlik etmişdir. 1967-ci ildə Əlövsət Quliyev yenidən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna direktor təyin edilir. XX əsrin 50-60-cı illəri 1961-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edən Əlövsət Quliyevin elmi və təşkilatçılıq fəaliyyətinin əsas mərhələsini təşkil edir. Belə ki, çoxcildlik "Azərbaycan tarixi"nin yazılaraq nəşr olunması və Azərbaycan xalqına çatdırılması Əlövsət Quliyevin həyatının mənasına çevrilmişdi. O, bu əsəri hazırlayarkən Azərbaycan xalqının tarixi ilə bağlı bir sıra vacib problemləri aydınlaşdırmış, müəllifi olduğu fəsillərdə milli tariximizin az öyrənilmiş mühüm məsələlərinə işıq salmışdır. On beş il ərzində Əlövsət Quliyevin rəhbərliyi ilə çox böyük səylər və əmək sərf edilən bu möhtəşəm əsər - 1958-1963-cü illərdə Azərbaycan və rus dillərində dörd kitabdan ibarət üçcildlik "Azərbaycan tarixi" əsəri hazırlanaraq nəşr olundu və elm tarixində çox mühüm hadisəyə çevrildi. Həmçinin, gələcəkdə "Azərbaycan tarixi"nə dair nəşr olunacaq, o cümlədən 1998-2003-cü illərdə nəşr edilmiş yeddicildlik "Azərbaycan tarixi" üçün uğurlu zəmin idi. Ona görə də, ən qədim zamanlardan XX əsrin 60-cı illərinin əvvəlinədək olan dövrü əhatə edən üçcildlik "Azərbaycan tarixi" Sovet rejimi dövründə çap olunmasına və mövcud ideologiyanın müəyyən etdiyi prinsiplər əsasında yazılmasına baxmayaraq, milli tariximizin tədqiq olunması işində ən uğurlu elmi nəticə kimi qiymətləndirilməlidir.
1968-ci ildə Əlövsət Quliyev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir. Bu zaman o, artıq tarix elmi sahəsində təkcə SSRİ-də deyil, həm də bütün dünyada tanınmış alim idi. Əlövsət Quliyev tarixşünaslıq sahəsində elmi əsərlərin, o cümlədən monoqrafiyaların, dərsliklərin müəllifidir. 80-ə qədər elmi əsərin müəllifi olan tədqiqatçı tariximizin aktual məsələlərini, xüsusən orta əsrlər dövrünü, xalqımızın mənşəyini, Azərbaycanın XVI-XVIII əsrlər tarixini tədqiq etmişdir. Alim çoxcildlik "SSRİ tarixi" (I-VI cildlər, 1966-1968), "İnqilabdan əvvəlki Rusiyanın neft sənayesində inhisarçı kapitalı (1883-1914-cü illər)", "Yeni inqilabi yüksəliş illərində Azərbaycanda fəhlə hərəkatı (1910-1914-cü illər)" adlı əsərlərin tərtibçilərindən biri və redaktoru olmuş, "Dünya xalqları seriyası"ndan "Qafqaz xalqları" adlı cildin hazırlanaraq çap edilməsində müəllif və redaktor kimi yaxından iştirak etmişdir.
Ə.N.Quliyev Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti yanında Toponomiya Komissiyasının ilk sədri olmuşdur. Alimin Azərbaycan xalqının tarixi ilə bağlı bir sıra məqalələri SSRİ ensiklopediyalarına daxil edilmiş, keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında, Hindistanda, Çexoslovakiyada və başqa xarici ölkələrdə dərc olunmuşdur. Ə.N.Quliyev məqaləsi Moskvada çap olunaraq ikicildlik etnoqrafiya toplusuna daxil edilmiş ilk Azərbaycan tarixçisidir. Onun həmmüəllifi olduğu “XIX əsrdə - XX əsrin əvvəllərində Azərbaycan tarix elminin təşəkkülü və inkişafı", "Azərbaycan tarixşünaslığı" əsərləri, ali və orta məktəblər üçün ilk "Azərbaycan tarixi" dərsliyi, müəllifi olduğu "Dünya xalqları" silsiləsindən "Qafqaz xalqları", "Cənubi Azərbaycan milli azadlıq və demokratik hərəkat tarixindən (1941-1946-cı illər)", "Azərbaycan. Tarixi oçerk" əsərləri elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Əlövsət Quliyev çapa hazırlanan "SSRİ tarixi" çoxcildliyinin redaksiya heyətinin üzvü idi və onun cildlərin mətnləri üzrə verdiyi bütün qeydlər mütləq şəkildə nəzərə alınırdı.
Əlövsət Quliyev öz zəhməti və istedadı sayəsində elmi fəaliyyət zirvələrini bir-birinin ardınca fəth etmişdir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun respublikada tarix elminin əsas mərkəzinə çevrilməsi, keçmiş Sovet İttifaqının ən güclü elmi idarələrindən biri kimi tanınması şübhəsiz ki, Əlövsət Quliyevin adı ilə bağlıdır. Zəngin elmi potensiala malik olan Əlövsət Quliyev gənc kadrların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. Onun rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, həm də bir sıra xarici ölkələrdə tarix üzrə fəlsəfə doktoru və tarix elmləri doktoru elmi dərəcələrini almaq üçün dissertasiyalar müdafiə olunmuşdur. O, dissertasiya işini müdafiə etmək üçün iddiaçıya elə aktual mövzular təklif edirdi ki, tədqiq olunan mövzu tarix elmində bir yenilik kimi qəbul olunurdu. Belə mövzulardan biri Əlövsət Quliyev tərəfindən 1961-ci ildə Dilarə xanım Seyidzadəyə təklif edilir. Tarix elmləri doktoru, professor Əlövsət Quliyevin yetirməsi, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin köməkçisi olmuş Dilarə xanım Seyidzadə söyləyir ki, "mən 1961-ci ildə BDU-nu bitirib atamın məsləhəti ilə Əlövsət müəllimin yanında işə qəbul olundum. Əlövsət müəllimin mənə təklif etdiyi mövzu azərbaycanlı deputatların - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının 1906-1907, 1907-1912 və 1912-1917-ci illərdə çar Rusiyası Dövlət Dumasındakı fəaliyyətlərinin tarixinə aid idi. Təbii ki, o zaman mövzu Azərbaycan burjua nümayəndələrinin fəaliyyəti kimi təsdiq olunmuşdu. Belə bir mövzunun verilməsi heç də təsadüfi deyildi. Dissertasiya işimin elmi rəhbəri olan Əlövsət Quliyev bu dahi şəxsiyyətlərin fəaliyyətlərindən xəbərdar idi və bilirdi ki, gün gələcək Azərbaycan xalqı onların əsl kimliyini biləcək. Bu, Əlövsət Quliyevin uzaqgörənliyi idi və mən buna görə ona həmişə minnətdaram”.
Onu da qeyd etmək lazımdır ki, Əlövsət Quliyevin rəhbərliyi ilə Azərbaycan tarixçilərinin, arxeoloqlarının və etnoqraflarının bütöv bir nəsli yetişmişdir. O, Azərbaycan ziyalılığının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmiş son dərəcə təvazökar, prinsipial, elm sahəsində həm özünə, həm də tələbələrinə çox tələbkar bir şəxsiyyət idi. Əlövsət Quliyevi xeyirxah bir insan, əsl dost, böyük alim, elm təşkilatçısı kimi səciyyələndirən xüsusiyyətlər onun ən yaxın dostu akademik İqrar Əliyevin Əlövsət Quliyevin 2002-ci ildə keçirilən 80 illik yubileyində etdiyi çıxışında öz əksini tapmışdır. Akademik İqrar Əliyev: "Otuz ildən çoxdur ki, Əlövsət aramızda yoxdur, amma onun əsərləri yaşayır və biz onu öz sıralarımızda hiss edirik. Allah ona o qədər böyük və müstəsna istedad bəxş etmişdi ki, hər şeyi bizim hamımızdan yaxşı edə bilirdi. Qətiyyətlə bildirirəm ki, bizlərdən heç kəs, nə mən, nə də həmkarlarım onun səviyyəsinə qalxa bilməmişik. Ona görə də, Əlövsət bizim üçün sağdır, öz əsərləri, öz ideyaları ilə aramızda yaşayır».
Həqiqətən də, Əlövsət Quliyevin müəyyən etdiyi elmi istiqamətlər və yaratdığı elmi məktəb müasir Azərbaycan milli tarix elmi üçün özül sayılır, onun formalaşdırdığı elmi tədqiqat metodologiyası, tarixi faktların və həqiqətlərin elmi təhlil əsasında olduğu kimi təqdim edilməsi bu gün tarix elmi sahəsində çalışan mütəxəssislər üçün əsl elm məktəbidir. O, bir insan, şəxsiyyət və alim kimi hamı tərəfindən, hətta onu istəməyənlər tərəfindən də qəbul edilirdi. Qaldı ki, öz içimizdə olan nankorlara, imperiya başçılarının əlaltıları olan ermənilərə, onların xalqımıza və xalqımızın tanınmış nümayəndələrinə qarşı törətdikləri cinayətlərin məqsədinə, hesab edirəm ki, bunun izaha ehtiyacı yoxdur.
Hindistan səfərindən sonra Ə.Quliyev böyük həvəslə işə başladı. Onun təklifi ilə çapa hazırlanan "SSRİ-də tarix elminin tarixi oçerkləri" çoxcildliyinin VII cildi 1968-ci ilin aprelində Tarix İnstitutunda müzakirə olunmalı idi. Əlövsət Quliyevin sədrliyi ilə institutda 1968-ci il martın 22-də bu əsərin əlyazmasının aprel ayında müzakirəsinin keçirilməsi ilə bağlı müşavirə keçirilmiş, hər kəsin görəcəyi iş müəyyən edilmiş və konkret tapşırıqlar verilmişdi. Lakin amansız xəstəlik ona nəzərdə tutduğu işləri görməyə imkan vermədi…
Hamı onun sağalıb Bakıya dönməsini gözləyirdi, onun özü də buna inanırdı. O, xəstə olarkən də işləyir, tapşırıqlar verirdi. Əlövsət müəllim ağır xəstə vəziyyətində də Azərbaycan xalqına qarşı erməni millətçilərinin hücumlarına etinasız qala bilmirdi. Ona görə də onun qəfil belə xəstələnməsi ilə bağlı yaranan bu şübhələri əsassız hesab etmək heç də doğru deyil. Çünki Əlövsət Quliyev sıradan olan biri deyil, artıq XX əsrin 50-60-cı illərində təkcə keçmiş SSRİ-də deyil, həm də dünya tarix elmində sözü qəbul edilən bir alim və Azərbaycan xalqının düşmənləri qarşısında keçilməz bir sədd idi.
1968-ci ilin yayından 1969-cu ilin noyabrınadək Ə.N.Quliyev aparılan müalicələrə və göstərilən bütün səylərə baxmayaraq, 1969-cu il noyabrın 6-da 47 yaşında kəskin leykoz xəstəliyindən vəfat etdi və noyabrın 10-da Fəxri Xiyabanda dəfn olundu. Əlövsət Quliyevin vəfatı Azərbaycan xalqı üçün, milli tarix elmimiz üçün böyük ağır itki idi. Əlövsət Quliyev Azərbaycan tarix elminin inkişafında göstərdiyi xidmətlərə görə dövlət tərəfindən yüksək qiymətləndirilmiş və bir sıra mükafatlarla təltif olunmuşdur. O, 1967-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni, "1941-1945-ci illərin Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı, 2 dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı və Çexoslovakiya-Sovet Dostluğu İttifaqı Mərkəzi Komitəsinin II dərəcəli "Şərəf nişanı" medalı ilə təltif olunmuşdur.
Qeyd edək ki, vəfatından sonra respublika Nazirlər Kabinetinin qərarına əsasən Əlövsət Nəcəfqulu oğlu Quliyevin yaşadığı Bülbül prospektindəki 39 nömrəli binaya xatirə lövhəsi vurulmuşdur. Bakı şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır. Qədirbilən Azərbaycan xalqı onun tarixini öyrənməyi öz qısa ömrünün mənasına və məqsədinə çevirmiş, xalqın özünü dərk etməsi, şərəfli keçmişinə nəzər salması üçün nəhəng səylər göstərmiş böyük insan, böyük alim, böyük müəllim, Azərbaycan milli tarix elminin akademik əsaslarını yaradan Əlövsət Nəcəfqulu oğlu Quliyevin xatirəsini əziz tutur və onu heç vaxt unutmur. Onun adı milli tariximizə qızıl hərflərlə əbədi olaraq yazılmışdır.
C.Ə.BƏHRAMOV,
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun icraçı direktoru,
tarix üzrə fəlsəfə doktoru, dosent