PORTRET

Lətif İmanov (1922-1980)

  • 26.10.2022

Qarabağın görkəmli simaları

 İmanov Lətif Muxtar oğlu 1922-ci il sentyabrın 15-də Şuşa şəhərində anadan olmuşdur. Orta təhsilini 4 saylı Şuşa şəhər məktəbində almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Lətif İmanov əmək fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda başlamışdır. O, əvvəlcə kiçik elmi işçi, 1944-cü ildən 1954-cü ilə qədər isə böyük elmi işçi kimi fəaliyyət göstərmişdir. 1954-1980-ci illər ərzində laboratoriya rəhbəri vəzifəsini icra etmişdir.

Lətif İmanov 1954-cü ildə fizika üzrə fəlsəfə doktoru, 1964-cü ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1966-cı ildə isə professor elmi adını almış, 1968-ci ildə AEA-nın müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir.
Lətif İmanov radiospektroskopiya üzrə tanınmış alimdir. Elmi fəaliyyətinin əsas isti­qa­mətləri olan molekulyar qaz radiospektroskopiyası, dielektrik relaksasiya, elektron-paramaqnit rezonans və nüvə maqnit rezonans spektroskopiyası sahələri üzrə əsaslı elmi nəticələr əldə etmişdir.
L.İmanovun rəhbərliyi ilə mü­rəkkəb qaz radiospektrometr qurğuları yaradılmış, müxtəlif molekulların və onların izotop formalarının mikrodalğa spektrləri öyrənilmiş, spirt və merkaptan molekullarının ye­ni dönmə izomerləri aşkar edilmişdir. Alim yaratdığı ölçü qurğuları vasitəsilə üzvi maye və bərk maddələrin tədqiqi sahəsində uğurlar qazanmış, şüşələrin elektron-paramaqnit rezonans spektrini və elektrik xassələrini öyrənmişdir.
Xarici və respublika jurnalla­rında dərc edilmiş 150-dən çox məqalənin müəllifidir (onlar­dan 10-u müəlliflik şəhadətnaməsidir). Rəhbərliyi ilə 1 elmlər doktoru və 10 fəlsəfə doktoru yetişdirilmişdir.
L.İmanov keçmiş SSRİ EA Spektroskopiya Elmi Şurasının üzvü, Radiospektroskopiya prob­lemi üzrə Respublika Elmi Şura­sının sədri olmuşdur.
Lətif İmanov elmi tədqiqat işi ilə paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin tələbələrinə radiofizikadan və fiziki elektronikadan mühazirələr oxumuşdur.
Alim 1979-cu ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
Akademik Lətif İmanov 12 mart 1980-ci ildə Bakıda ürək xəstəliyindən vəfat etmişdir.