Haşım bəy Mirabdulla oğlu Vəzirov (1868-1916)
Görkəmli Azərbaycan pedaqoqu, publisisti, tərcüməçisi, jurnalisti, yazıçı və naşiri Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək, Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdır. Sonra şəhər məktəbini bitirmişdir.
İrəvan Müəllimlər Seminariyasını bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdır. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdir. Bir müddət isə məktəb müdiri işləmişdir.
İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır. Mir Haşım bəyi bu məktəbə direktor vəzifəsinə dəvət edirlər. Məktəbdə işləməklə bərabər, şəhər bələdiyyə idarəsinə qlasnı seçilir. İctimai işlə qızğın məşğul olmuşdur. Şuşa real məktəbinin hazırlıq sinfində ana dilindən dərs demişdir.
Vəzirov 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərmişdir. Haşım bəy "Tazə həyat" (1907-1908), "İttifaq" (1908-1909), "Səda" (1909-1911), "Kavkazets" (1911, rus dilində), "Sədayi-vətən" (1911), "Sədayi-həqq" (1912), "Sədayi-Qafqaz" (1915–1916) qəzetlərini və "Məzəli" (1914–1915) jurnalını nəşr etdirmişdir.
Mir Haşım bəy təəssübkeş bir millətçi idi. 1905-1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparmışdır. 1906-cı ildə hökumət tərəfindən tutulub, sürgün edilməsinə qərar verilmişdir. Onun sürgün olunması barədə artıq hökm verilir. Lakin xəstə olduğundan Mir Haşım bəyin sürgünə göndərilməsi təxirə salınsa da, qubernatorun razılığı ilə sağalan kimi Şuşadan Stavropola sürgün edilir. Onun sürgün həyatı uzun çəkmir, artıq 1906-cı ilin ortalarında sürgündən azad olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün axırınadək Bakını özünə daimi məskən edir. Bakıya qayıtdıqdan sonra Əhməd Ağaoğlunun "İrşad" qəzetilə əməkdaşlıq edən Mir Haşım bəy bir müddət qəzetin müvəqqəti redaktoru olmuşdur. "İrşad"ın on beş nömrəsi onun redaktorluğu ilə çıxmışdır. "İrşad"dakı fəaliyyəti ilə Mir Haşım bəyin peşəkar jurnalistlik dövrü başlamışdır. Bundan sonra o, özü müstəqil bir qəzet yaratmaq fıkrinə düşür və 1907-ci il aprelin 1-də "Tazə həyat" qəzetini nəşr etdirir. Bu qəzet tərəqqipərəst mövqe tutduğundan uzun müddət yaşaya bilmir, 1908-ci il oktyabrın 7-də qapanır. Sonra Haşım bəy "İttifaq" qəzetini nəşr etdirir. "İttifaq" da 1909-cu ildə bağlanmışdır. Həmin il o, "Səda" qəzetinin nəşrinə başlamışdır. Bu qəzet Haşım bəyin nəşr etdiyi mətbuat orqanları içərisində ən çox yayılanlardandır.
1911-ci ildə Bakıdakı bir çox mühərrirlə bərabər Haşım bəy Vəzirov da həbs olunur. Sonra həbsdən çıxmağa müvəffəq olur. "Səda" qəzeti qapandıqdan sonra "Kavkazets" adlı rus qəzetini, "Sədayi-vətən", "Sədayi-həqq", nəhayət "Sədayi-Qafqaz" qəzetlərini nəşr etdirir. Bu axırıncı qəzet 180 nömrə çıxdıqdan sonra hökumət tərəfindən rəsmən qapanmışdır. Haşım bəy məşhur məzhəkə jurnalı olan "Məzəli"nin də mühərriri idi. Bu jurnal "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən görkəmli məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin qələm ilə əks olunur.
"Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnəpərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Əbdülxalıq Cənnəti və başqa qüvvətli qələm sahibləri iştirak edirdilər. Haşım bəy Vəzirov həm də yaxşı yazıçı idi. O, "Döymə qapımı, döyərlər qapını", "Evlənmək su içmək deyil", "Xan-xan" adlı komediyalar yazmışdır. Bu komediyalarında köhnə adətlərə, ailə-məişət məsələlərində xəstə əhvali-ruhiyyələrə gülmüşdür. Onun "Döymə qapımı, döyərlər qapını" və "Evlənmək su içmək deyil" komediyaları Bakıda (1899, 1906, 1907) səhnəyə qoyulmuşdur. "Döymə qapımı, döyərlər qapını" komediyası "Səda" mətbəəsində (1922) kitabça şəklində çap olunmuşdur. 1913-cü ildə Haşım bəy şəhər bələdiyyə idarəsinin fəaliyyətindən bəhs edən "Uprava xalanın qızı Tramvay xanımın toyu" adlı birpərdəli məzhəkə də yazmışdır.
Haşım bəyin rus dilindən Azərbaycan türkcəsinə bir neçə tərcüməsi də vardır. Bunlara nümunə kimi Şekspirin məşhur əsəri - "Otello"nun tərcüməsini göstərmək olar. Əsər 1904-cü il avqustun 22-də Şuşada yerli həvəskarlar tərəfindən tamaşaya qoyulmuş, Otello rolunu H.Vəzirov özü oynamışdır.
Haşım bəy "İrşad"ın əməkdaşları ilə ixtilaf aparmışdır. Üzeyir bəy Hacıbəyov "İrşad"çının сavabı" məqaləsi ilə ona kəskin cavab vermişdir. Vəzirov 1914-1915-ci illərdə redaktoru olduğu "Məzəli" jurnalında Üzeyir bəy Hacıbəyovu dəfələrlə tənqid etmişdir. "Leyli və Məсnun" operası haqqında ilk rəyin müəllifidir.
H.Vəzirov Molla Pənah Vaqifin şeir məcmuəsini də çap etdirmişdir (1908).
Haşım bəy Vəzirov 1916-cı ildə vəfat etmişdir.