PORTRET

Milyonların sevimlisi: əfsanəvi Pele

  • 12.01.2023

PELE. Futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionu. Karyerası ərzində 1279 qolla “Ginnessin rekordlar kitabı”na düşən futbolçu.
Bu məşhur braziliyalı bir çox şərhçilər və azarkeşlər üçün futbolun ən parlaq təcəssümü və tarixin ən yaxşı oyunçusudur. O öz vətənində milli qəhrəmana, dünyada isə milyonların idman kumirinə çevrilməyi bacarıb.
İngiltərə millisinin və Manchester United-in keçmiş kapitanı Bobby Charlton bir dəfə demişdi ki, “futbol Pele üçün icad edilib”.
Həqiqətən də, onun futbol meydançasında ildırım sürəti ilə hərəkət etməsi qapıya vurduğu zərbələrin öldürücü dəqiqliyi ilə vəhdət təşkil edirdi.

Ulduzun doğulması
Braziliya futbolunun uğurunu alovlu cənub temperamenti, yeniyetmələrə ilboyu topla oynamağa imkan verən isti iqlim şəraiti və əhalinin böyük hissəsinin yoxsulluğu ilə əlaqələndirirlər. Sadə ailələrdə böyüyən hər bir oğlan uşağı bilirdi ki, onun üçün yüksəlməyin ən etibarlı yolu yaxşı futbolçu olmaqdır.
1940-cı ildə Braziliyanın cənub-şərqindəki Tres Korasoyns şəhərində anadan olmuş Edson Arantes do Nascimento (Pele) da məhz bu yolu seçmişdi.
Sonra ailə Bauru şəhərinə köçüb, orada Pele kafedə işləyib. Futbol oynamağı ona atası öyrədib, amma valideynləri o qədər kasıb olublar ki, top ala bilməyiblər və gələcək dünya çempionu cır-cındırla doldurulmuş köhnə corabı oynatmaqla məşq edib.

Sadəcə Pele
Bu ləqəbi ona məktəb yoldaşları vermişdilər və nə onlar, nə də Pele özü bunun nə demək olduğunu izah edə bilmirdilər. O, ləqəbini bəyənmirdi, çünki bu söz azyaşlı uşaq danışığını təqlid edən portuqal sözünə bənzəyirdi.
Yeniyetmə ikən Pele yerli həvəskar komandalarda oynamağa başlayır. O vaxt Braziliyada qapalı meydançalarda oynanılan futbol populyarlaşmaqda idi və gənc Pele onu stadion futbolundan daha çox bəyənirdi.
"Qapalı meydançada mən özümü suda balıq kimi hiss edirdim. Orda daha tez düşünmək lazımdır", - Pele həmin dövrü belə xatırlayırdı.
O, Minas-Jeras ştatının üç çempionatında şəhərin "Atletik" klubunun yeniyetmələrdən ibarət komandasının kapitanı kimi iştirak etmişdi və parlaq istedadı da elə o vaxt bəlli olmuşdu.
1956-cı ilin iyununda məşqçi Valdemar de Brito 15 yaşlı Peleni peşəkar "Santos" klubuna dəvət edərək klubun direktorlarına bu oğlanın dünyanın ən yaxşı futbolçusu olacağını demişdi.
Bir il sonra Pele "Santos"un əsas heyətinə daxil edilir, elə ilk oyunda qol vurur və mövsümün sonuna qədər Braziliya futbol liqasının bombardiri olur.
10 aydan sonra onu milli komandaya qəbul edirlər.
Rio-de-Janeyrodakı "Marakana" stadionunda Argentinaya qarşı oyun Pelenin ilk beynəlxalq matçı olur. Həmin oyun 1:2 hesabı ilə braziliyalıların məğlubiyyəti ilə nəticələnir. O yeganə qolu da Pele vurmuş və futbol tarixinə milli komandaların bunu bacarmış ən gənc oyunçusu kimi düşmüşdü.
Pelenin mundiallarda ilk oyunu SSRİ yığmasına qarşı olmuşdu.

Qələbə dalınca qələbələr…
Uels millisi ilə 1/4 final matçında Pele rəqibin qapısına zərbə endirərək növbəti rekorda imza atır – və o, Dünya Kubokunda qol vuran ən gənc futbolçu olur.
Braziliyalıların 2:1 hesabı ila Fransaya qalib gəldiyi yarımfinalda isə o, ikinci qolu vuraraq komandasının qələbəsini təmin edir.
Finalda - İsveçə qarşı oyunda Pele iki qol vurur. Braziliyalılar 5-2 hesabı ilə qalib gələrək ilk dəfə dünya çempionu olurlar. Sonrakı illərdə onlar daha dörd dəfə Dünya Kubokunu qazanaraq tarixin ən uğurlu futbol komandasına çevrilirlər.
Evə qayıdandan sonra Pele "Santos"la birlikdə Braziliya çempionluğunu qazanır və növbəti dəfə liqanın bombardiri olur. O, həmin çempionatda 58 qol vurmuşdu və bu nəticə hələ də Braziliya milli çempionatlarının rekord göstəricisi olaraq qalmaqdadır.
1962-ci ildə "Santos" Portuqaliyanın "Benfika"sına qarşı tarixi matçda qalib gəlir. Həmin oyunda Pele üç qol vurur.
"Manchester United" və "Real Madrid" də daxil olmaqla, bir-biri ilə yarışan bütün varlı klublar dünyanın bu ən yaxşı futbolçusunu əldə etməyə çalışıblar. Buna cavab olaraq, Braziliya hökuməti xüsusi fərmanla Peleni milli sərvət elan edib və ona xarici klublarda oynamağı qadağan etmişdi.
1970-ci ildə Meksikada keçirilən dünya çempionatı 30 yaşlı bombardir üçün həqiqətən də triumf oldu. İtaliya ilə final oyunu da daxil olmaqla, Pele bu çempionatda dörd qol vurur. Nəticədə Braziliya millisi üçüncü dəfə Jül Rime kubokunu alır və onu əbədi olaraq özündə saxlamaq hüququ qazanır.
Məhz o komanda Braziliya futbolu tarixində ən güclü tərkib hesab olunur. Pele ilə birlikdə həmin komandada Jairzinyo və Rivelino kimi dünya ulduzları oynayıb.
1969-cu ildə Pele özünün 1000-ci qolunu vurur. Azarkeşləri bu qolun gözəl bir kombinasiya nəticəsində yox, penaltidən vurulmasına bir az təəssüflənirlər.
Ümumiyyətlə, Pele peşəkar karyerası ərzində 1363 matçda 1281 qol vurub - "Santos"un heyətində 1116 oyunda 1091, millidə isə 92 matçda 77 qol. İkincisi dünya rekordudur.
Azarkeşləri onu “meydanı qolsuz tərk etməyən futbolçu” adlandırırdılar.
1999-cu ildə BOK Peleni tarixin ən böyük idmançısı elan edib. FİFA-nın versiyasına görə isə o, XX əsrin ən yaxşı futbolçusudur və bütün dövrlərin simvolik dünya komandasının üzvü sayılır.
Pele Braziliya millisinin heyətində son dəfə 1971-ci il iyulun 18-də - Rio-de-Janeyroda Yuqoslaviya komandasına qarşı oynayıb, "Santos"un heyətindəki son matçı isə 1974-cü ildə olub.
1975-ci ildə Pele gözlənilmədən Nyu-Yorkun "Kosmos" klubu ilə müqavilə imzalayıb və o dövrdə dünyanın ən yüksək maaş alan futbolçusu olub. Məşhur futbolçu maliyyə vəziyyətini yaxşılaşdırmaq və ABŞ-da "bu gözəl oyunu" populyarlaşdırmaq üçün belə bir addım atdığını deyib.
Pelenin adını futbolla heç maraqlanmayanlar da eşidiblər.
İdmandan ayrılandan sonra o öz ləqəbini ticarət nişanına çevirib və bir dəfə zarafatla deyib ki, dünyada həqiqətən yalnız üç böyük brend var: İisus, "Coca-Cola" və "Pele".
1990-cı illərdə Pele BMT-nin Ətraf Mühit üzrə səfiri, 1995-1998-ci illərdə isə UNESCO-nun xoşməramlı səfiri olub, Braziliyanın idman naziri vəzifəsində çalışıb, futboldakı korrupsiya ilə mübarizə aparmağa cəhd edib.
1998-ci ildə Kraliça II Elizabet Bukingem sarayında keçirilən mərasimdə ona Britaniya İmperiyası ordeninin komandiri rütbəsini verib.
Ömrünün son illərində bud sümüyünün boynundan əməliyyat olunan Pele əlil arabasında hərəkət edirdi. Amma insanlar onu başqa cür xatırlayırlar. Pelenin idman dühası milyonlara sevinc bəxş edib; ona həm pərəstişkarları, həm də rəqibləri dərin hörmət bəsləyiblər.
"Peleni sadəcə böyük idmançı hesab etmək olmaz, o, daha yüksəkdə idi", - məşhur mərkəz hücumçusu, macar Ferenc Puskas belə deyib.
Pelenin unikal istedadının mahiyyətini isə yəqin ki, hamıdan yaxşı Nelson Mandela izah edib: "Biz onun oyununu izləyəndə uşaq həvəsi ilə yetkin kişiliyin vəhdətini görürdük".
Tarixin ən böyük futbolçusu sayılan Pele 82 yaşında Braziliyada vəfat etdi. O, milyonlarla insanın qəlbində özünə layiq yer aldı və futbol yaşadıqca, bu əfsanəvi futbolçu da daim xatırlanacaq.