Əşrəf Abbasov - 1920-1992
Azərbaycan musiqi mədəniyyətinin inkişafında özünəməxsus xidmətləri olan görkəmli Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq Əşrəf Cəlal oğlu Abbasov 23 mart 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi tar ixtisası üzrə Şuşada bitirmişdir. İlk orta və tar ixtisası üzrə musiqi təhsilini bu şəhərdə almışdır. Təhsil aldığı müddətdə musiqi məktəbində nəzəri fənlər müəllimi - Üzeyir Hacıbəylinin tələbəsi olmuş Fatma Zeynalova onu dünya bəstəkarlarının yaradıcılıqları ilə tanış edir. Musiqiyə marağı onu tar üçün kiçik həcmli pyeslər yazmağa həvəsləndirmişdi. Tez-tez Şuşaya gələn Üzeyir Hacıbəyli bu gəncin istedadını hiss edir və Bakıya təhsil almağa dəvət edir. Beləliklə, 1936-cı ildən etibarən Əşrəf Abbasovun həyatında maraqlı dövr başlayır. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını), 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirir. Ömrü boyu Şuşa musiqi mühitinin və Üzeyir Hacıbəylinin əsasını qoyduğu peşəkar bəstəkarlıq məktəbinin ənənələrini yaradıcı şəkildə davam etdirib.
Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alim 1952-ci ildə Moskvada "Üzeyir Hacıbəyov və onun "Koroğlu" operası" mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1953-1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1957-1972-ci illərdə “Bəstəkarlıq” kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti “Qaraca qız”ı yazmışdır. Bəstəkarın yaradıcılığının zirvəsi sayılan “Qaraca qız” baleti həm də uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bu əsər S.S.Axundovun eyniadlı hekayəsi əsasında hazırlanıb. Librettonun müəllifi isə Xalq artisti Əfrasiyab Bədəlbəyli idi.
O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün “Konsertino”nun (1948), “Şuşa” (1945), “Gələcək gün” (1952), “Dramatik” (1953) simfonik poemalarının, “Səndən mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970), “Həyətim mənim – həyatım mənim” (1977) operettalarının, bir çox instrumental əsərin, xor üçün romansların, mahnıların müəllifidir.
Musiqi sahəsindəki xidmətlərinə görə 1963-cü ildə bəstəkara "Azərbaycanın Əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir. Əşrəf Abbasova 1968-ci ildə professor elmi rütbəsi, 1990-cı ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adı verilmişdir.
Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat etmişdir.