PORTRET

Paşa Rüstəmov (1920-1997)

  • 09.02.2023

Görkəmli kimyaçı-alim, Azərbaycan EA-nın müxbir üzvü Rüstəmov Paşa Həbib oğlu 1920-ci il mayın 20-də Şuşa şəhərində sənətkar ailəsində anadan olub. O, 1934-cü ildə Şuşa şəhər orta məktəbini bitirmiş, 1937-ci ildə Şuşa pedaqoji işçi fakültəsini bitirərək, Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1941-ci ildə oranı bitirmişdir.
1941-1942-ci illərdə Şuşa Uşaq vərəm sanatoriyasında müəllim işləmişdir. Böyük Vətən müharibəsi illərində ordu sıralarına çağırılmışdır. P.Rüstəmov müharibədən qayıtdıqdan sonra 1945-1948-ci illərdə Şuşa 1 saylı orta məktəbində tədris hissə müdiri və 1948-1952-ci illərdə Şuşa rayon maarif şöbəsinin müdiri olmuşdur. 1953-cü ildə Azərbaycan EA Kimya İnstitutunun aspiranturasına daxil olmuş, 1957-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1968-ci ildə isə professor elmi adını almış, 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir.
Elmi fəaliyyəti
Paşa Rüstəmov 1959-1983-cü ilə qədər Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri, 1983-1986-cı illərdə BDU-nun kimya fakültəsinin "Qeyri-üzvi kimya" kafedrasının müdiri, 1986-1997-ci illərdə həmin kafedranın professoru olmuşdur.
P.Rüstəmov respublikada fiziki-kimyəvi analizin və yarımkeçiricilər kimyasının əsasını qoyanlardan biridir. O, ikili, üçlü və daha mürəkkəb sistemlərin hal diaqramını öyrənmiş, yarımkeçirici materialların sintezi və tədqiqində diqqətəlayiq nəticələr əldə etmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yüksək temperaturda davamsız kükürdlü birləşmələrin sintez şəraiti təkmilləşdirilmiş və materialşünaslıqda istifadə üçün tövsiyə edilmişdir. Alimin elmi məqalə və ixtiralarında xalkogenid birləşmə və bərk məhlullar əsasında onun yaratdığı yüksək effektli fotoçeviricilər, termoelektrik materiallar və radiasiya fazasını təyin etmək üçün qamma-detektorlarının hazırlanma texnologiyaları öz əksini tapmışdır. P.Rüstəmovun rəhbərliyi ilə 10 elmlər doktoru, 50 fəlsəfə doktoru yetişdirilib. P.Rüstəmov 600-dən çox elmi əsərin, o cümlədən 51 müəlliflik şəhadətnaməsi və 14 monoqrafiyanın müəllifidir.
O, I dərəcəli Vətən müharibəsi ordeninə, akademik Kurnakov adına medala və Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına layiq görülmüşdür.
Paşa Rüstəmov 1997-ci ildə Bakıda vəfat etmişdir.