TƏBRİK EDİRİK
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, İnstitut Həmkarlar Təşkilatının sədri Paşa Tanrıverdi Əhməd oğlu respublikada həmkarlar ittifaqı hərəkatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
T.Paşa 300-dən artıq elmi əsərin – monoqrafiya və məqalələrin, terminoloji lüğətlərin müəllifi olmaqla yanaşı, uzun illər ərzində Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılan “Statistika Şurasının” və “Metodoloji Şuranın” üzvü olmuş, hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdindəki Terminologiya Komissiyasının üzvüdür. 1989-cu ildən İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, İnstitut Elmi Şurasının üzvü və hazırda AMEA Azad Həmkarlar Komitəsi Rəyasət Heyətinin üzvüdür.
Tanrıverdi müəllim öz fəaliyyəti ilə istər İnstitut, istərsə də AMEA miqyasında həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görülməsində, ittifaq üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunması və müdafiəsində, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması və istirahətinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayıb. 2005-ci ildə məhsuldar elmi fəaliyyətinə görə və AMEA-nın 60 illik yubileyi ilə əlaqədar AMEA Rəyasət Heyətinin, 2018 və 2022-ci illərdə AMEA İctimai Elmlər Bölməsinin Fəxri Fərmanları ilə, həmkarlar hərakatında fəaliyyətinə görə 2019-cu ildə Azərbaycan Respublikası Azad Həmkarlar Konfederasiyasının “Fəxri Döş Nişanı”, 2020-ci ildə AMEA Azad Həmkarlar İttifaqının Fəxri Fərmanı ilə təltif edilmişdir.
İnanırıq ki, Tanrıverdi Paşa bundan sonra da istər elmi fəaliyyətində, istərsə də çalışdığı kollektivdə işçilərin sosial problemlərinin həllində qətiyyət və əzmkarlıq göstərəcək, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində səylər nümayiş etdirəcəkdir.
Tanrıverdi müəllim!
Biz Sizi zəngin biliklərə malik, saf əqidəli, səmimi və zəhmətkeş bir insan kimi tanıyırıq. Siz iqtisadçı alimlərin, professional iqtisadçıların yaxın dostusunuz. Bunu öz fəaliyyətinizlə, işinizlə dəfələrlə sübut etmisiniz.
Azərbaycanda həmkarlar hərəkatının inkişafında xidmətlərinizə görə Azərbaycan İqtisadçılar İttifaqı və “İqtisadiyyat” qəzetinin elmi-redaksiya şurası Sizi “Tərəqqi” medalı ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edir, elmi, ictimai-siyasi və həmkarlar hərəkatındakı fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayır.
Azərbaycanda həmkarlar hərəkatının inkişafında xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif olunmağımla əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz sayğımı və təşəkkürümü bildirirəm. Bu yüksək mükafatı həm də İqtisadiyyat İnstitutunun ölkəmizin elmi, ictimai-siyasi həyatında xüsusi fərqlənməsinə verilən yüksək qiymət kimi qəbul edirəm. Həmçinin məni təbrik edən bütün dostlarıma, həmkarlarıma və İnstitut əməkdaşlarına, İnstitut Həmkarlar Təşkilatının fəaliyyətini, əməkdaşlarımızın bütün sosial-iqtisadi, istirahət ehtiyaclarını və qayğılarını daima dəstəkləyən – Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevə və AMEA AHİ-nin sədri, professor Habil Qurbanova xüsusi minnətdarlığımı bildirirəm.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun
Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa