Səttar Əsədov (1910-1974)
Görkəmli alim, akademik Səttar Məcid oğlu Əsədov 1910-cu il martın 15-də Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmiş (1939), biologiya üzrə fəlsəfə doktoru (1945) və elmlər doktoru (1961) dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan SSR EA-nın müxbir üzvü (1962) və həqiqi üzvü (1968) seçilmişdir. Azərbaycan EA-nın Zoologiya İnstitutunda Helmintologiya laboratoriyasının müdiri (1945-1974), elmi işlər üzrə direktor müavini (1947-1950) və direktor (1950-1960) vəzifələrində işləmişdir.
S.M.Əsədovun tədqiqatları Azərbaycanın müxtəlif zonalarında vəhşi və əhli gövşəyən heyvanların helmint faunasının ekoloji-coğrafi analizinə, kənd təsərrüfatı heyvanlarının helmintoz xəstəliklərinə (canlı orqanizmlərdə yaşayan qurdlar və onların törətdiyi xəstəliklərə) qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənib hazırlanmasına həsr olunmuşdur. Alim tərəfindən elmə məlum olmayan 12 yeni helmint növü aşkar edilmişdir. O, gövşəyənlərin helmint faunasının respublika ərazisi üzrə paylanmasında üfüqi və şaquli zonallığı müəyyənləşdirmiş və bu ərazini 3 əsas ekoloji aran, dağətəyi və dağlıq zonalarına, Böyük Qafqaz sıra dağlarının ətəkləri, hündürlükləri də daxil olmaqla Mərkəzi və Şərqi Azərbaycanı əhatə edən bir neçə yarımzonaya bölmüşdür. Azərbaycanda ilk dəfə düzənlik zonada 5 yarımzona (şimal-şərqi Azərbaycan; Abşeron-Qobustan, onlarla yanaşı çöllüklərin xam hissələri; Kür-Araz düzənliyi; Lənkəran təbii vilayəti; qərbi Azərbaycanın aran hissəsi), dağətəyi zonada 4 yarımzona (Böyük Qafqazın cənub ətəklərində, Böyük Qafqazın şərq ətəklərindəki rayonlar, Kiçik Qafqazın Kür-Araz düzənliyinə baxan ətəkləri, Talış dağlarının ətəkləri) və dağlıq zonada 2 yarımzona (Böyük Qafqaz dağlarının hündürlükləri, Kiçik Qafqaz dağlarının hündürlükləri) ayırd edilmişdir.
S.M.Əsədovun rəhbərliyi və redaktorluğu ilə 1975-ci ildə Azərbaycanda Kənd Təsərrüfatı heyvanlarının helmint və helmintozlarının zonalar üzrə yayılması və helmintozlarla mübarizənin gücləndirilməsi üzrə xəritələr nəşr edilmişdir.
Akademik S.Əsədov 132 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 1 kitab, bir neçə elmi-kütləvi kitabçanın müəllifi və həmmüəllifidir. O, orta məktəb üçün “Zoologiya” dərsliyinin, “Zooloji terminlər lüğəti”nin, “Azərbaycanın heyvanlar aləmi” monoqrafiyasının tərtibçilərindən biri olmuşdur. S.M.Əsədovun rəhbərliyi ilə 8 fəlsəfə doktoru və 2 elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir.
O, respublikanın elmi-istehsalat konfranslarında, xaricdə keçirilən helmintoloji qurultay, konfrans və beynəlxalq konqreslərdə müxtəlif mövzularda məruzələr etmişdir.
S.M.Əsədov Azərbaycan SSR Elmlər Akademiyası Terminologiya komissiyanın, Azərbaycan Sovet Ensiklopediyasında biologiya elmləri redaksiyasının, Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin və Zaqafqaziya respublikalarının Faunistik komissiyasının üzvü olmuşdur. Azərbaycan Helmintoloqlar Cəmiyyətinə uzun illər sədrlik etmişdir. Ümumittifaq “Bilik” Cəmiyyətinin Biologiya şöbəsinin və Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin fauna bölməsinin sədri olmuşdur.
S.M.Əsədov “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edilmişdir.
Akademik Səttar Əsədov 11 fevral 1974-cü ildə Bakıda vəfat etmişdir.
Şuşa şəhərində akademik Səttar Əsədovun adını daşıyan küçə var.