Elçin dünyası
1943-cü il, İkinci Dünya müharibəsinin tən ortası idi. Artıq Sovet Ordusu Vətəni alman faşistlərindən təmizləyirdi. Bu yazda XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ailəsində oğlan uşağı dünyaya göz açmışdı. Uşağa ad qoyanda atası İlyas kimi türk adı olan Elçin adı ilə razılaşmışdı. Elçin, yəni haqq-ədalət yolçusu, həqiqət tərəfdarı, düzlük, doğruluq, şərəfli insan. Elçin bütün bunları özündə cəmləşdirdi. Müharibənin bütün çətinliklərinə baxmayaraq, o da “qarğı at” sürmüş, Xəzərin qumlu sahillərində gəzərək öz ömrünün cəhlimlərini açmışdır.
Müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin 1943-cü il may ayının 13-də, Bakı şəhərində, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almış, universitet Elmi Şurasının zəmanəti ilə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturaya daxil olmuş, “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, daha sonra “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Bədii yaradıcılığa lap erkən yaşlarından başlamışdır. İlk hekayəsi (“O inanırdı”) 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bundan sonra o, dövri mətbuatda müntəzəm olaraq bir- birindən maraqlı hekayə, povest, roman və ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir. Böyük ədibin hekayələrindən, povest, roman və pyeslərindən ibarət müxtəlif dillərdə 100-dən çox kitabı, elmi monoqrafiyaları nəşr edilmişdir. Elçinin məşhur “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” romanları Azərbaycan nəsrinin qızıl fonduna daxil olmuşdur.
60-cı illər ədəbi nəslinin ən istedadlı və aparıcı nümayəndələrindən olan Elçin əsərlərinin mövzusunu həmişə oxucunu düşündürən, narahat edən, bu gün üçün səciyyəvi, tipik olan hadisələrdən alır. Özünəməxsusluq, orijinallıq, yenilik, psixoloji dərinlik və dəqiqlik, bədii dilin, lüğət tərkibinin zənginliyi, dünyagörüşünün genişliyi onun çoxcəhətli yaradıcılığını şərtləndirən başlıca xüsusiyyətlərdəndir.
Elçin qələmə aldığı hər bir obrazın dolğun, cəzbedici alınması üçün onun əxlaqi-mənəvi keyfiyyətlərini, düşüncələrini, psixologiyasını son dərəcə spesifik, mənalı lövhə və detallarla açmağı bacarır və onun yaradıcılığını şərtləndirən bu cəhətlər həmişə ədəbi tənqidin diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir.
Əsərlərinin məhz bu keyfiyyətlərinə görə Elçin müxtəlif millətlərdən ibarət milyonlarla oxucu auditoriyasının sevimli yazıçısıdır.
O, istər kiçik, istərsə də irihəcmli əsər yazsın, fərqi yoxdur, seçdiyi mövzunu sənətin yüksək bədii-estetik tələbləri səviyyəsinə qaldırır, onun təsvir etdiyi hadisələr həyati, canlı və təsirli alınır, obrazların ömür yolu bədii sözün işığında hərtərəfli görünür. Buna görə də Murad, Sevil, Ağanəcəf, Baladadaş (“Baladadaşın ilk məhəbbəti”), Cavanşir, Fazilə, Ayaz (“Qış nağılı”), Ayna, Cəfər, Qəşəm, Sədəf, Salman kişi (“Gümüşü, narıncı, məxməri”), Qəzənfər, Əmirqulu, Ələkbər, Ağababa, Əzizağa (“Baladadaşın toy hamamı”), Ziba, Mürşüd, İmaş, Cəbi (“Ox kimi bıçaq”) və bir çox başqa surətlər yadda qalır, bizə fərdiləşən, psixologiyası, fikir və hiss aləmi doğma olan obraz təsiri bağışlayırlar.
İstedadlı tənqidçi Nadir Cabbarov “Həyat nəfəsli nəsr” məqaləsində yazır: “Ciddi nəsr! Olsun ki, bu ifadə ədəbi anlayış kimi qeyri-dəqiqdir və istilah kimi özünü doğrultmasın. Lakin yazıçının gerçəkliklə ünsiyyəti, onun həyat materialı ilə sənətkar rəftarı baxımından bu ifadə, zənnimcə, çox yerinə düşür: Elçin nəsri ciddi nəsrdir - sözünün canı olan mətləbli nəsrdir”.
Elçin təkcə hekayələrində yox, povest və romanlarında da söz israfçılığına yol vermir, həmişə lakonik yazır, əsl mətləbi qələmə alır, rəmz və şərtiliklərdən, öz-özü ilə söhbət və daxili dialoqlardan, əfsanə və nağıl ünsürlərindən tez-tez istifadə edir.
Elçinin “Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Dolça” kimi povestləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində nəşr olunmuş, oxucular tərəfındən böyük maraqla qarşılanmışdır. Təsadüfi deyil ki, bu povestlər keçmiş Sovet İttifaqının ən populyar və çoxtirajlı jurnallarında dərc edilmişdir. (“Bir görüşün tarixçəsi” – “Yunost” jurnalı, 1977, №6; “Toyuğun diri qalması” – “Drujba narodov” və “Don” jurnalları, eyni vaxtda, 1978, №10; “Dolça” – “Yunost” jurnalı, 1981, №8).
Onun əsərləri bir çox ədəbi mükafatlar, o cümlədən SSRİ Yazıçılar İttifaqının, “Drujba narodov” və “Smena” jurnallarının (iki dəfə), “Literaturnaya qazeta”nın (iki dəfə), “Nedelya” həf təliyinin və digər mətbuat orqanlarının “İlin ən yaxşı əsəri” mükafatlarını almış, Moskvada nəşr olunmuş “Əncir ağacı” adlı povest və hekayələr kitabı keçmiş SSRİ-nin ən nüfuzlu mükafatlarından biri – Lenin komsomolu mükafatı, “Memar Sinan” Universitetinin (İstanbul), Fateh Universitetinin (İstanbul) mükafatları, eləcə də ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə “İstiqlal”, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə isə “Şərəf” ordeni ilə təltif edilmişdir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Elçin keçmiş ümumsovet ədəbi prosesində həm yazıçı, həm də tənqidçi kimi ən fəal surətdə iştirak edən nüfuzlu qələm sahibidir. Onun yalnız elə “Literaturnaya qazeta”da dərc edilmiş onlarla məqalələrini, “Voprosı literaturı”, “Literaturnoye obozreniye” kimi jurnallardakı nəzəri çıxışlarını xatırlamaq kifayətdir.
Elçinin üç romanı – “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” – yalnız milli romançılığımızın yox, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının ciddi və əhəmiyyətli nailiyyətləri hesab olunur və onlar bədii-estetik səviyyələri, qaldırdıqları sosial-ictimai problemlərin dərinliyi baxımından keçmiş sovet ədəbiyyatında yaranmış ən mükəmməl romanlar sırasındadırlar.
Misal üçün, “Ölüm hökmü” romanı təxminən 60 illik bir dövrün bədii salnaməsidir. Yazıçı həmin faciəvi və ziddiyyətli dövrlə bağlı həqiqətləri bütün kəskinliyi ilə demiş, sovet ictimai quruluşunun cəmiyyətə vurduğu mənəvi və maddi zərbələrin insan talelərinə təsirini dolğun bədii boyalarla ifadə etmişdir. Romanda həm 20-30-cu illərlə, həm də müasir dövrümüzlə bağlı faktoloji sənədlilik, bədii təxəyyül və obrazlarla özünün üzvi vəhdətini tapmışdır.
Elçinin dramaturgiyası, son illərdə qələmə aldığı komediyalar Azərbaycan komedioqrafiyasını keyfiyyətcə yeni bir mərhələyə qaldırmış və milli sənətimizdə bədii-estetik hadisə olaraq “Elçin teatrı”nı yaratmışdır. Onun “Poçt şöbəsində xəyal”, “Ah, Paris!.. Paris!..”, “Mən sənin dayınam”, “Dəlixanadan dəli qaçıb, yaxud mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Qatil”, “Şekspir” və s. kimi pyesləri yalnız Azərbaycanın deyil, xarici ölkələrin, o cümlədən Türkiyənin ən böyük teatrlarında uğurla səhnəyə qoyulmuşdur.
Görkəmli tənqidçi Yaşar Qarayev yazırdı: “Elçin dramaturgiyamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin obrazını yaradır! Onların əsasında duran mənəvi-əxlaqi, ideoloji stereotiplərə, normativ düşüncə və rəftar tərzinə ən müasir, ayıq, oyaq ədəbi-estetik münasibət ifadə edir.”
Elçinin “Tənqid və nəsr”, “Klassik aşıq ədəbiyyatında “dünya” obrazı”, Üzeyir Hacıbəyovun publisistikasını tədqiq və təhlil edən “Bəstəkarın vətəndaş sözü” monoqrafiyaları, eləcə də Azərbaycanın böyük şəxsiyyətlərinə ‒ Bülbülə həsr edilmiş “Bül- bül”, Azərbaycan Demokratik Cümhuriyyətinin lideri Məmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən “Məmməd Əmin Rəsulzadə”, yazıçı, siyasi-ictimai xadim Nə- riman Nərimanovun yaradıcılığını və fəaliyyətini işıqlandıran “Nəriman Nərimanov”, Cəfər Cabbarlının yaradıcılığını yeni aspektdən təhlil edən “Sənətkar və şəxsiyyət” monoqrafık oçerkləri və s. kimi elmi əsərləri Azərbaycan ədəbiyyatşünaslıq elminin son onillərdə əldə etdiyi nailiyyətlərin parlaq nümunələridir.
Onun son illərdə çap etdirdiyi son dərəcə orijinal “Ədəbi düşüncələr”i böyük marağa səbəb olmuş və həm oxucular, həm də ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Elçinin ədəbi fəaliyyətində tərcümə də əhəmiyyətli yer tutur. Onun klassik yapon poeziyasından tərcümə etdiyi “Nərgizin bircə ləçəyi”, qərb yazıçılarının hekayələrindən ibarət “Necə oldu ki, Pyer Duş məşhurlaşdı” kitabları, Molyerin “Skapenin kələkləri” və “Jorj Danden, yaxud aldanmış ər” komediyaları və s. oxucular və tamaşaçılar tərəfındən rəğbətlə qarşılanmışdır.
Elçinin əsərləri rus, ingilis, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, rumın, fars, çex, polyak, xorvat, gürcü, moldav, türkmən, özbək, qazax, tacik, serb və s. dillərə tərcümə edil mişdir. Yalnız elə bu faktı qeyd edək ki, Elçinin qardaş Türkiyədə 18 kitabı nəşr olunmuşdur.
Elçin bu gün ədəbi-mədəni mühitin formalaşmasında böyük rolu olan hörmətli və nüfuzlu şəxsiyyətlərdən biridir. Onun həm dövlətçiliklə, həm də bədii yaradıcılıqla bağlı fəaliyyəti bir-birini ahəngdar şəkildə tamamlamışdır.
Elçin hazırda yaradıcılığının ən dolğun çağını yaşayır və biz inanırıq ki, o, yeni-yeni əsərləri ilə ədəbiyyat xəzinəmizi daha da zənginləşdirəcəkdir.
Bəybala Ələsgərov,
tarix elmləri doktoru